Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:50

Rusiyanın insan beyninə mikroçip yerləşdirmək planının aqibəti


Beyin neyronları
Beyin neyronları

Rusiya hökuməti insan beyninə mikroçip yerləşdirilməsi proqramının inkişafına 54 milyard rubl (738 milyon dollar) ayırmağı planlaşdırırdı. "Beyin, sağlamlıq, intellekt, innovasiyalar" adlı federal proqramın layihəsi ölkənin Təhsil və Elm Nazirliyində hazırlanmağa başlamışdı. Prezident Vladimir Putinin təsdiqlədiyi bu layihə onun qızı ilə bağlı ola bilər.

Kənardakı cihazların birbaşa idarə edilməsi

"Kommersant" qəzeti yazır ki, yeni federal proqramın hazırlanması ilə məşğul olan işçi qrup Rusiya Elmlər Akademiyası və Moskva Dövlət Universitetinin hazırladığı konsepsiyadan sonra yaradılıb. Layihə, eyni zamanda, neyrointerfeys texnologiyalarının işlənib hazırlanmasını nəzərdə tuturdu. Bu texnologiyalar beyindən gələn elektrik siqnallarının köməyi ilə kənardakı cihazların birbaşa idarə edilməsinə imkan verməlidir.

"Kommersant" proqram sənədinə istinadən yazır ki, misal olaraq, təyyarə, avtomobil və atom elektrik stansiyalarının idarə edilməsi üçün "insan-texnika" interfeyslərinin yaradılması planlaşdırılırdı. Bu interfeyslər müstəqil şəkildə məqsədlərin formalaşdırılması, vəziyyətin dəyərləndirilməsi, gedişatın proqnozlaşdırılması və qərarların qəbuluna imkan verməli idi.

Bundan əvvəl mətbuat süni zəka ilə bağlı layihələrin Vladimir Putinin qızı Katerina Tixonova tərəfindən kurasiya olunması ehtimalı haqda yazırdı. 2018-ci ilin dekabrında dövlət televiziyası Tixonovaya məxsus "İnnopraktika" inkişaf institutunun neyromərkəzinin işi haqda süjet nümayiş etdirib. Bu süjetdə Tixonova ilk dəfə ictimaiyyət qarşısında görünüb. Həmin materialda institutun işləyib hazırladığı texnologiyadan söz açılırdı. Bu texnologiyanın beynin elektrik siqnallarına nəzarət vasitəsilə insan təhtəlşüurunu proqramlaşdırmağa imkan verdiyi deyilirdi.

Layihə ləğv olunub

2020-ci ilin fevralında "Vedomosti" qəzeti yazırdı ki, Tixonova Moskva Dövlət Universitetinin süni zəka problemləri və intellektual sistemlərin tədqiqatı institutuna rəhbərlik edəcək. O zamandan bəri belə bir institutun yaradılması haqda hər hansı rəsmi məlumat verilməyib.

Maraqlıdır ki, ötən həftə "Russia Today" Rusiya Təhsil və Elm Nazirliyinin bu sahədə işçi qrup yaradılması haqda xəbəri təkzib etdiyini yazıb. İyunun 24-də mətbuat konfransında jurnalistlər prezidentin mətbuat katibi Dmitri Peskova bu haqda sual veriblər. Peskov bu proqram haqda hər hansı məlumatı olmadığından onun üzərində işin davam etməsi haqda deyilənləri nə təsdiq, nə də təkzib edə biləcəyini deyib.

Rusiya Təhsil və Elm Nazirliyindən "Kommersant" qəzetinə verilən məlumata görə, layihə ilkin hazırlanma mərhələsində olub. Materialın dərc edilməsindən sonra isə layihənin artıq 2020-ci ildə ləğv edildiyini, maliyyələşdirmənin dayandırıldığını bildiriblər.

"Neuralink" və digərləri

Neyrointerfeys texnologiyalarının hazırlanması dünya elmində perspektivli istiqamətlərdən biri sayılır. 2021-ci ilin aprelində Elon Maskın "Neuralink" startapı bu sahədə işləyib hazırladığı texnologiyasını nümayiş etdirib. Şirkət düşüncənin gücü ilə klassik "Pong" oyunu oynayan, qafasına çip yerləşdirilmiş meymunu nümayiş etdirib.

"Neuralink" özəl şirkət olduğundan Maskın ona nə qədər sərmayə qoyduğu haqda açıq məlumat yoxdur. Ancaq "Forbes" "Millenial Money" saytına istinadən yazır ki, bu məbləğ 100 milyon dollar ola bilər. Bundan əlavə, daha 58 milyon dollar özəl şirkətlərin sərmayəsi şəklində daxil olub.

"Forbes" yazır ki, 2016-cı ildə təsis olunmuş "Neuralink"in əsas ideyası, əslində, yeni, yaxud inqilabi deyil. Beyin üçün implantlar və qeyri-invaziv cihazlar üzərində işləyən şirkətlər arasında "Kernel", "Synchron", "Neurable", "CereGate" və "Mindmaze" kimi adlar var. Jurnal daha sonra qeyd edir ki, "Neuralink"in yaxın perspektivdə hər hansı sahəyə dağıdıcı təsir göstərəcəyi gözlənilmir.

XS
SM
MD
LG