Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:56

Qubernator seçkidə Paşinyanın rəqiblərinə səs verənləri istefaya çağırır


Koçaryan tərəfdarlarının 19 iyun mitinqi
Koçaryan tərəfdarlarının 19 iyun mitinqi

Ermənistanın Lori vilayətinin qubernatoru, hakim Vətəndaş Müqaviləsi partiyasının üzvü Aram Xaçatryan deyib ki, dəstəklədikləri siyasi qüvvələr 20 iyun seçkisində məğlub olmuş yerli icra başçıları istefaya getməlidirlər.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə qubernator iddia edib ki, bu icra nümayəndələrinə həmin icmalarda etimad yoxdur və dəstəklədikləri siyasi qüvvələrin məğlubiyyəti onların da məğlubiyyəti hesab olunur:

“Bu mənim subyektiv fikrimdir ki, bu adamlar istefaya getməli və yenidən seçkidə iştirak etməlidirlər. O zaman məlum olar ki, onlara etimad var, ya yox. Bu yeganə sivil yoldur. Mən əminəm ki, onların bir çoxu yenidən seçiləcəyinə inanmır”.

Azatutyun yazır ki, bu seçki zamanı bir sıra yerli icra başçıları növbədənkənar parlament seçkisində baş nazir əvəzi Nikol Paşinyana müxalif olan qüvvələri dəstəkləyiblər.

Lori qubernatoru Aram Xaçatryan
Lori qubernatoru Aram Xaçatryan

Belə qüvvələrdən biri də keçmiş prezident Robert Koçaryanın Hayastan seçki bloku olub. Bəziləri isə daha bir keçmiş prezident – Serj Sarkisyanın adı ilə bağlı olan “Şərəfim var” blokuna səs veriblər.

Məsələn, Güləgərək icmasının başçısı Mğer Gevorqyan seçkiqabağı dövrdə öz siyasi mövqeyini gizlətməmiş, açıq şəkildə Hayastan blokunu dəstəkləmişdi.

Lakin onun başçı olduğu ərazidə Koçaryanın Hayastan blokuna 6700 seçicidən yalnız 710-u səs verib. Bu bölgədə hakim Vətəndaş Müqaviləsi partiyasına üç dəfə çox səs verildiyi bildirlir.

“Polad mandat”

Lakin bu kəndə 19 ildir ki, başçılıq edən Gevorqyan istefa vermək fikrində olmadığını deyib:

“Mən niyə istefaya getməliyəm? Məni adamlar seçiblər. Ümumi iclas mənə nə vaxt “çıx get” desə, onda gedərəm. Mən hətta gələn seçkidə namizədliyimi verəcəyəm”.

Lakin Lori vilayətinin qubernatoru Aram Xaçatryan iddia edir ki, tezliklə insanlar hər bir bölgədə onlara verilmiş “polad mandatı” hiss edəcəklər.

Qubernator ad çəkmədən deyib ki, seçkiqabağı dövrdə vətəndaşlara Nikol Paşinyanın mitinqlərində iştirakı qadağan edənlər, təzyiq göstərənlər və qorxudanlar olub.

Xaçatryan əmindir ki, belə hərəkətlər cəzasız qalmayacaq:

“Sizi əmin edirəm ki, çox yaxın bir vaxtda bunlar praktikada həyata keçəcək. Biz o vaxt deyirdik: “Bizə polad mandat verin”. Adamlar polad mandatın gücünü özlərində hiss eləməlidirlər. Bu bir hədə deyil. Hər bir kəs öz əməllərinə görə məsuliyyət daşımalıdır”.

Kənd başçısı qubernator tərəfindən döyüldüyünü deyir

Azatutyun yazır ki, ötən həftə Odzun kəndinin başçısı və Hayastan blokunun tərəfdarı Arsen Titanyan qubernator Xaçatryanın ondan istefa tələb etməsi ilə bağlı polisə şikayət edib.

Titanyan iddia edirdi ki, Xaçatryan onu qubernatorluğa çağıtdırıb, istefasını tələb edib və onu elə dəhlizdəcə əzişdirib. Titanyan bundan sonra da istefa verməkdən imtina edib.

Azatutyun yazır ki, hazırda hadisə üzrə cinayət işi qaldırılıb, Ermənistan Xüsusi İstintaq Xidməti Odzun icma başçısını zərəçəkən qismində tanıyıb. Amma bu iş üzrə müttəhim yoxdur.

Lori qubernatoru iddia edir ki, rəqib siyasi qüvvəni təmsil edən şəxs ona şər atır.

Azatutyun bildirir ki, Güləgərək və Odzun icmalarında başçı seçkisi bu payız keçirilməlidir.

İndiyədək bu vəzifəyə dörd dəfə seçilmiş Odzun icma başçısı deyib ki, vaxtından əvvəl istefaya getmək fikrində deyil.

Başçı üstəlik qubernatoru Paşinyanın birliyə çağırışına əməl etməməkdə günahlandırıb:

“Mən baş nazirin çıxışını axıradək dinlədim və düşündüm ki, birliyə çağırış doğrudan da mövcuddur. Amma bəzi adamlar anlamırlar ki, baş nazir elə əvvəlki kimi, bəzilərinin yox, hamının baş naziridir”.

Azatutyun bildirir ki, Qori vilayətinin qubernatoru Aram Xaçatryan hakim Vətəndaş Müqaviləsi partiyasının seçki siyahısında 37-cidir. O deyib ki, onun parlamentə gedib-getməyəcəyi məsələsi hələki partiyada müzakirə olunmayıb.

XS
SM
MD
LG