Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:33

Azərbaycan hökuməti əhalini necə düşünür? 


Bakı, arxiv foto
Bakı, arxiv foto

Azərbaycan Tarif Şurasının qazın qiymətinin artırılması ilə bağlı son qərarı hökumətin sosial siyasəti haqqında cəmiyyətdə bir sıra sualları gündəmə gətirib. Xüsusilə “Azərbaycan hökuməti nə dərəcədə sosial siyasət həyata keçirir və bu il benzinin, mazutun, suyun və nəhayət, qazın bahalaşması elan edilən sosial siyasətə hansı səviyyədə adekvatdır” sualı tez -tez eşidilir.

AzadliqRadiosunun bu mövzuda müraciət etdiyi iqtisadçıların məsələyə yanaşmaları haçalanıb.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, hökumətin sosial siyasətinin əhatəsini və dərinliyini müəyyən etmək üçün bir neçə göstəriciyə diqqət yetirmək kifayətdir:

“Fikir versəniz, nəticədə ölkəmizdə dövlət siyasətinin daha çox... ”

“Dövlət büdcə xərclərində sosial xərclərin payı, vətəndaşlardan alınan vergilərin həcminin onların gəlirlərinə nisbəti, sosiaı qayğıya ehtiyacı olan təbəqəyə yaşamaq, inteqrasiya olunmaq və inkişaf etmək üçün inkluziv proqramların həyata keçirilməsi. Hər 3 istiqamət üzrə Azərbaycanın göstəricilərinə fikir versəniz, nəticədə ölkəmizdə dövlət siyasətinin daha çox sosial olduğu qənaətinə gələr bilərsiz. ”

Tahir Mirkişili
Tahir Mirkişili

Onun deməsinə görə, dövlət büdcəsindən sosial xərclərə ayrılan vəsait hər il artırılır, büdcə gəlirlərinin proqnozdan artıq yığılan hissəsi də əsasən sosial proqramlara yönəldilir:

“ 2020-ci il pandemiya şəraitində 600 min vətəndaşa birdəfəlik sosial ödənişlərin edilməsi, şəhid ailələrinə qayğı, əlillər üçün çoxsaylı proqramların həyata keçirilməsi düşünürəm ki, ehtiyacı olan insanlara dövlət qayğısının bariz nümunəsidir. Digər tərəfdən də ölkə iqtisadiyytından islahatlar aparılır, idarəetmə təkmilləşdirilir. Bunun nəticəsində gəlirlərin və xərclərin optimallaşdırılması aparılır”.

Benzinin bahalaşması: SOCAR premium benzini niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

İqtisadçı Azər Mehtiyev isə əksinə düşünür. Onun fikrincə, hökumət indiyə qədər sosial siyasətin necə olması barədə yanaşma ortaya qoymayıb:

“Hökumətin müəyyənlik konsepsiyası olmalıdır. Xüsusilə aztəminatlı ailələrin vəziyyətinin müxtəlif risk amillərdən qorumaq üçün hansı addımlar və hansı ardıcıllıqlarla həyata keçirəcək? Belə bir sənəd yoxdur. Sadəcə, hökumət dövlət büdcəsindən sosial istiqamətlərə ayrılan vəsaiti müəyyən zamanlarda artırmaqla sosial siyasət yürütdüyünü iddia edir”.

Azər Mehtiyev, arxiv foto
Azər Mehtiyev, arxiv foto

“Belə bir siyasətə malik olduğunu söyləyə bilmirik”

Onun fikrincə, halbuki, sosial siyasətin mahiyyətində dayanan yalnız maddi olaraq vəsait xidmətləri deyil :

“ Bütövlükdə bu proses cəmiyyətdə əhalinin rifah səviyyəsinin yüksəldilməsinə yönəlik addımların kompleksiliyi baxımından qiymətləndirilməlidir. Bu nöqteyi-nəzərdən “ hökumətin sosial siyasəti varmı” sualına birmənalı olaraq cavab verə bilərik ki, belə bir siyasətə malik olduğunu söyləyə bilmirik”.

Kommunal və digər sahələrdə qiymət artımına gəlincə, Tahir Mirkişilinin sözlərinə görə, benzinin yalnız Aİ-92 markasının qiymətini dövlət tənzimləyir ki, onun da qiymətində bu il artımın baş verməsi qaçılmaz olub:

“2021-ci il büdcəsində sosial xərclər 33 faiz artırılıb ”

Azərbaycan manatı
Azərbaycan manatı

“Qazın qiymətinin formalaşmasında yeni yanaşmaların tətbiqini zəruri edən amillər Tarif Şurasının əsaslandırmasında göstərilib (Qurum buna səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və xərclərin yüksəlməsini göstərib). Paralel olaraq biz hər il ölkədə əməkhaqqlarının, pensiya təminatı məbləğinin də artımına nail oluruq. Məsələn, 2021-ci il büdcəsində sosial xərclər 33 faiz artırılıb. Bildirmək istərdim ki, illik inflyasiyanın əhalinin güzəranına təsiri hər il təhlil edilir və bu təsirləri aradan qaldırmaq üçün dövlətın sosial tədbirləri daha da genişləndiriləcək”.

Azər Mehtiyev də müəyyən zamanlarda kommunal xidmətlərin qiymətlərinin qaldırılmasının gündəmə gələ biləcəyini mümkün sayır:

“Bu, qaçılmazdır və bütün ölkələrdə ola bilər. Xüsusilə Azərbaycan kimi ölkələrdə, qiymətlərin digər sahələrdə qalxdığı kimi kommunal sahədə də qiymətlərin artması gözləniləndir. Ancaq hökumətin də bu sahədə əvvəlcədən planlaşdırılmış bir siyasəti olmalıdır, yəni ilin istənilən vaxtı qiymət qaldırılması yolverilməzdir. Ən azı insanlara əvvəlcədən hansı vaxt və hansı şəraitdə qiymətlərin qaldırılacağı barədə məlumat verilməlidir. Bu günə qədər bunun hüquqi əsası formalaşdırılmayıb”.

“Çalışmaq lazımdır ki,... ”

İqtisadçının fikrincə, çalışmaq lazımdır ki, kommunal sektorda qiymətlərin qaldırılması növbəti ilin büdcəsi müzakirə olunarkən həmin dövrdə gündəmə gəlsin.O, hesab edir ki, biznesin və insanların öz fəaliyyətini planlaşdırılması üçün çox önəmlidir:

“Son qiymət artımı haqqında deyirlər ki, qərarın biznesə təsiri olmayacaq, amma elə deyil, əhalinin gəlirləri azalırsa, bu, birbaşa biznesə təsir göstərir və iş adamlarının imkanlarını məhdudlaşdırır. Nəhayət, sosial siyasətdən danışarkən pensiyaların artırılmasını önə çəkirlər, amma digər tərəfdən pensiyaya çıxma yaşı uzadılır, yəni daha az insan pensiyaya çıxır, əlillərin sayı azaldılır, yaxud yaşayış minimunun özünün hansı normalarla müəyyən etdiyi bəlli deyil və niyə bu minimum illərlə dəyişməz qalır? ”.

İqtisadçı xatırladır ki, son qiymət artımında da sosial yönümün nəzərə alındığı bildirilir. Amma onun fikrincə, çoxsaylı suallar gündəmə gəlir və niyə ilin ortasında bu qərarın verilməsi qeyri-müəyyən olaraq qalır. Azər Mehdiyev hesab edir ki, hökumət ən azı qiymət artırılmasının əsaslandırılması üçün apardığı tədqiqatları ictimaiyyətə açıqlamalıdır:

“Bu, doğrudanmı xalqın günahıdır ki, onlar zərələr işləyir?”

Arxiv foto
Arxiv foto

“Durum nədən ibarətdir? SOCAR və “Azəriqaz” niyə ziyanla işləyir, onların zərərlə işləməsinin kökü nədən ibarətdir? Bu, doğrudanmı xalqın günahıdır ki, onlar zərələr işləyir və ona görə də qiymətləri qaldırlmaqla xalqdan cibindən bu zərərin geri alınması həyata keçirilir. Əgər bu proses varsa, birdəfəlik qiymətləri bazar səviyyəsinə qaldırsaq, nə baş verə bilər, bu suala cavab verilsin. Məsələ ondadır ki, sosial siyasət sözdə olmur. Sosial siyasətin ən başlıca istiqaməti ondan ibarətdir ki, ölkədə normal biznes mühiti və nəticədə iş yerləri yaransın ki, onlar öz gəlirləri ilə özlərini dolandıra bilsinlər”.

Xatırlatma

Bu il iyunun 30-da Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında təbii qazın qiymətini artırıb. Qərara əsasən əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanıb: "İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib". Qərar iyulun 10-dan qüvvəyə minir.

Bu vaxta qədər əhaliyə 2200 m3-dək qaz 10 qəpiyə, ondan artığı isə 20 qəpiyə satılırdı.

Bundan əvvəl isə ölkədə benzin təqribən 10, dizel yanacağı 30, su isə 100 faiz bahalaşıb.

XS
SM
MD
LG