Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:53

Litva Belarus müxalifətinə rəsmi status verir


Belarus müxalifətinin lideri Svyatlana Tsixanovskaya
Belarus müxalifətinin lideri Svyatlana Tsixanovskaya

Litva Lukaşenkanın ən sərt tənqidçisidir və dəfələrlə Avropa İttifaqını bu ölkənin avtoritar rejiminə qarşı daha sərt tədbirlərə çağırıb

Avropa İttifaqının üzvü olan Litva Belarus müxalifətinin lideri Svyatlana Tsixanovskayanın ofisinə rəsmi status verib.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis iyulun 5-də bu barədə bəyanat verib:

"Biz ümid edirik ki, bu, Belarusun demokratik qüvvələrinə xarici ölkələrdə eşidilmək imkanı verəcək."

Belarusda 2020-ci ilin mübahisəli prezident seçkisinin ardınca avtoritar Alyaksandr Lukaşenka müxalifət üzərinə hücum edəndən bəri bu ölkənin əksər müxalifətçiləri vətənlərini tərk edərək qonşu Litvaya pənah gətiriblər.

Litva Lukaşenkanın ən sərt tənqidçisidir və dəfələrlə Avropa İttifaqını bu ölkənin avtoritar rejiminə qarşı daha sərt tədbirlərə çağırıb.

Lukaşenkanın “legitimsizləşdirilməsi”

Avropa İttifaqı, o cümlədən ABŞ və bir sıra başqa Qərb ölkələri Belarusda keçirilmiş və Lukaşenkanı 6-cı dəfə prezident etmiş seçkini legitim saymadıqlarını bildiriblər.

Onlar habelə Lukaşenkanın legitimliyini tanımayıblar.

Landsbergis deyib ki, Tsixanovskayanın komandasına rəsmi statusun verilməsi son dərəcə zəruri idi, beləki bu adamlar Belarusun demokratik gələcəyi uğrunda mübarizə aparırlar.

Vilnüsün addımı Tsixanovskayanın komandasına tam diplomatik missiya səlahiyyətləri verməsə də, müxalifətə ayrıca rəsmi statusun verilməsi onun legitimliyini gücləndirir.

Tsixanovskaya Telegram kanalında deyib ki, Litvanın bu addımı Lukaşenka rejiminin “legitimsizləşdirilməsi” prosesinin yeni mərhələsidir:

"Litva belə bir addımı atan ilk Avropa İttifaqı ölkəsidir və Belarus xalqının başqa ölkələrdə də nümayəndəliklərinin açılması üçün iş davam etdirilir”.

XS
SM
MD
LG