Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:21

Yeni bölgünün iqtisadi, siyasi hədəfləri...


İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb
İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb

Prezident İlham Əliyev iyulun 7-də Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Əvvəlki iqtisadi bölgüdən fərqli olaraq yeni sənəddə Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) yaradılıb.

Bu bölgüdə başqa bir sıra dəyişikliklər də var. Məsələn, Qarabağ iqtisadi rayonu (Xankəndi, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər) da yaradılıb. Bundan əvvəl mövcud olan Yuxarı Qarabağ iqtisadi rayonu isə Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndini əhatə edirdi.

Raket dağıtmış şəhərlərin bərpası kimləri varlandırır?
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

İqtisadi rayonların sayı 14-ə çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Turan"a bildirilib ki, Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi iqtisadi rayonlar üzrə bölgüyə yenidən baxılmasını şərtləndirir: "Bu bölgü Qarabağ bölgəsinin sürətli inkişafına xidmət edir. Onun üçün Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Ümumilikdə, iqtisadi rayonların sayı 10-dan 14-ə çatır, çünki Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib. Habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar yaradıb".

"Dağlıq və aran Qarabağ bir götürülür"

Qurumdan qeyd olunub ki, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması həm də tarixi ədalətin bərpasıdır: "...Uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının (Hazırda keçmiş qəzanın böyük bir hissəsi Ermənistanın ərazisi sayılır) tərkibində olmaları, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Həmçinin, sözügedən fərmanda Qarabağa vahid yanaşma var, yəni, dağlıq və aran Qarabağ bir götürülür".

Rayonlar birləşdirilə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

Vurğulanıb ki, Gəncə–Qazax və Aran iqtisadi rayonlarının tərkibinə yenidən baxılması da günün tələbidir: "Fərmanda azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar, o cümlədən Gəncə–Qazax, Aran iqtisadi rayonları üzrə planlaşdırma işinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və həmin iqtisadi rayonların tərkibinə yenidən baxılmasını zəruri edir".

"Qarabağın inkişaf strategiyası da..."

Mərkəzdən hesab edirlər ki, yeni bölgü Qarabağın bərpası və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına töhfə verəcək, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, institusional islahatlar aparılmasına xidmət edəcək: "Regionların sosial-iqtisadi inkişaf proqramı, eyni zamanda, Qarabağın inkişaf strategiyası da iqtisadi rayonların yeni bölgüsünə uyğunlaşdırılacaq".

R.Quliyev
R.Quliyev

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də agentliyə deyib ki, prezident İlham Əliyevin bu fərmanı siyasi-iqtisadi islahatdır: "Burada həm siyasi məzmun var, həm də iqtisadi. 10 iqtisadi rayondan 14 rayona qədər artım onunla əlaqədardır ki, Qarabağ regionu qayıdıb və biz artıq onun Azərbaycanın iqtisadiyyatına inteqrasiyasına başlayırıq. Biz artıq Xankəndi haqqında danışmağa başladıq. Xankəndi birmənalı bizimdir və biz artıq onu öz iqtisadi inkişaf zonamıza salırıq. Bu da o deməkdir ki, biz ora nəzarət edəcəyik, ora investisiyalar olacaq və region Azərbaycanın ümumi marağı üçün inkişaf edəcək".

"Bunun üçün gərək sülh sazişi bağlansın"

Lakin komitə üzvü vurğulayıb ki, bunun üçün vaxt lazımdır: "Bunun üçün gərək sülh sazişi bağlansın. Düşünürəm ki, bu ilin axırına - gələn ilin əvvəlinə məcburiyyət qarşısında bu saziş bağlanacaq. O vaxta qədər də delimitasiya və demarkasiya prosesləri bitəcək".

Ş.Cəfərli
Ş.Cəfərli

Politoloq Şahin Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var və Qərbi Zəngəzur Ermənistan dövlətinin ərazisinə düşür: "Azərbaycan Şərqi Zəngəzur iqtisadi rayonu yaratmaqla Ermənistana ərazi iddiasını irəli sürmür, amma, hər halda, işarə vurmuş olur ki, Zəngəzurun qərb hissəsi də Azərbaycanın tarixi ərazilərdir".

Ekspert hesab edir ki, "Azərbaycan bununla bir növ Zəngəzur dəhlizinin (Ermənistanın Sünik rayonu) reallaşması istiqamətində də öz iddialarını davam etdirəcəyini bəyan etmiş olur".

"Özü-özlüyündə müsbət bir addım olsa da..."

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, bu iqtisadi rayonların yaradılması özü-özlüyündə müsbət bir addım olsa da, ondan öncə olan iqtisadi rayonlar formal xarakter daşıyıb:

N.Cəfərli
N.Cəfərli

"Bundan öncəki təcrübə sübut edib ki, iqtisadi rayonlar inzibati ərazi bölgüsü ilə uyğunlaşdırılmayanda ciddi effekt vermir. Ümid edirəm ki, növbəti addımla inzibati ərazi vahidlərinin böyük iqtisadi rayonlar çərçivəsində birləşdirilməsi və yerli özünüidarəetmənin gücləndirilməsi ilə bu proses davam etdiriləcək".

O qeyd edib ki, Qarabağ iqtisadi rayonunun gələcəkdə inzibati ərazi vahidi kimi təsbit olunmasına ehtiyac yaranacaq.

Xatırlatma

2020-ci ildə 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG