Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:35

ABŞ və İran məhbus mübadiləsi danışıqları aparır


Əli Rabieyi
Əli Rabieyi

İran iyulun 13-də bəyan edib ki, Birləşmiş Ştatlarla məhbus mübadiləsinə dair danışıqlar aparır.

Bundan bir neçə gün əvvəl ABŞ rəsmisi bildirmişdi ki, Vaşinqton saxlanmaqda olan ABŞ vətəndaşlarının azad olunması üzərində işləyir.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Meli ötən həftə demişdi ki, ABŞ prezidenti Co Bayden İranda saxlanan bütün amerikalı məhbusların azad olunmasında israr edir və bu məsələdə “qismən razılaşmanı” qəbul etməyəcək.

Meli İslam Respublikasında saxlanan bütün amerikalıların azad edilməsini “prioritet” adlandırıb və deyib ki, bu istiqanmətdə İranla aparılan danışıqlarda “müəyyən irəliləyiş” olub.

İran hökumətinin sözçüsü Əli Rabieyi danışıqların getdiyini təsdiq edib və deyib ki, Tehran da bütün iranlı məhbusların azad olunmasına çağırır.

Rabieyi bildirib ki, bu danışıqlar davam etdirilir və əgər məqbul nəticə əldə olunarsa, bu barədə xəbər veriləcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə iyulun 12-də demişdi ki, nazir Məhəmməd Cavad Zərif bütün amerikalıların bütün iranlılara dəyişdirilməsini nəzərdə tutan plan təklif edib.

Təzyiq vasitəsi

İranda bir neçə ikili vətəndaşlığı olan əcnəbi məhbus saxlanır və insan haqları fəalları Tehranı onlardan başqa ölkələrdən güzəşt qopartmaq üçün istifadə etməkdə ittiham edirlər.

İran və Birləşmiş Ştatlar bundan əvvəl də məhbus mübadiləsi ediblər. 2020-ci ilin iyununda İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-da məhkum edilmiş alim Məcid Taheri azad olunub.

Bunun müqabilində Tehran iddia olunduğuna görə ali rəhbər ayətüllah Əli Xameneyini təhqir maddəsi ilə məhkum olunmuş ABŞ dəniz donanmasının veteranı Maykl Uaytı azad edib.

Ona İranda 13 il kəsilmişdi. Uayt habelə şəxsi informasiyanı internetdə yerləşdirməkdə ittiham olunurdu.

Vaşinqton Tehrana limit qoymur

İranın 2015-ci il nüvə sazişinin dirçəldilməsi məqsədilə dünya gücləri ilə Vyanada apardığı danışıqlar 6-cı dövrədən sonra durğunluğa düşüb.

2015-ci il sazişinə görə İranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalıydı.

Lakin keçmiş prezident Donald Tramp ABŞ-ı birtərəfli qaydada bu sazişdən çıxardıqdan sonra Tehran üzərinə sanksiyalar bərpa olunub.

Bayden ABŞ-ın bu sazişə qayıdacağını deyib. Lakin o şərt qoyub ki, Tehran da saziş üzrə öhdəliklərinə qayıtmalıdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays iyulun 12-də deyib ki, ABŞ danışıqların 7-ci dövrəsi üçün vaxt limiti qoymayacaq və müzakirələrin davam etməsi Tehrana bağlıdır.

XS
SM
MD
LG