Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:32

‘Azərbaycan hökümətinin düşünməsi üçün hələ 3 ay vaxtı var’


Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel (solda) və Prezident İlham Əliyev, 18 iyul 2021
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel (solda) və Prezident İlham Əliyev, 18 iyul 2021

İyulun 17-i və 18-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdə olub. O, səfər zamanı Prezident İlham Əliyevlə görüşüb. President.az saytı-nda bildirilir ki, görüşdə Azərbaycan-Avropa Birliyi siyasi əlaqələrindən məmnunluq ifadə olunub, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Habelə Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldığı qeyd edilir.

Görüşdən sonra prezidentlərin birgə mətbuat konfransı zamanı Ş.Mişel deyib ki, Avropa Birliyi Azərbaycanla tərəfdaşlığa strateji xarakter vermək istəyir.

Beləliklə bundan sonra Azərbaycanla Avropa Birliyi münasibətləri necə inkişaf edəcək? Nəhayyət, bu il onların arasında sazişin imzalanması mümkündürmü?

«Hər ölkənin Avropa Birliyi ilə münasibətlərinin öz spesifikası var »

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan" Agentliyinə bildirib ki, Cənubi Qafqaz Avropa Birliyi üçün çox əhəmiyyətli bir bölgədir:

«Bu bölgə Avropa dəyərlərinə, Avropa Birliyinin prinsiplərinə hörmətlə yanaşan zonadır. İkinci məsələ isə odur ki, bu zona bir çox regionların kəsişməsində yerləşir ki, burada proseslərin necə getməsi dünyaya təsir edir».

Aydın Mirzəzadə
Aydın Mirzəzadə

Onun sözlərinə görə, Şarl Mişelin regiona səfəri regionla Birlik arasında münasibətlərin möhkəmləndirmək deməkdir :

«Düzdür, hər ölkənin Avropa Birliyi ilə münasibətlərinin öz spesifikası var. Ancaq bunların içərisində Azərbaycan xüsusi yer tutur».

Deputat qeyd edib ki, birincisi, Azərbaycan islam ölkəsidir:

«Avropa Birliyi islam dünyası ilə əməkdaşlıqda, dünya problemlərin həllində maraqlıdır. İkincisi, Azərbaycan iqtisadi cəhətdən regionun ən inkişaf etmiş ölkədir. Regionun iqtisadi potensialının 80 faizindən çoxu Azərbaycanın öhdəsinə düşür. Üçüncüsü Azərbaycan Qoşulmama Hərəkatının sədridir və üzv ölkələr Azərbaycanın sədrliyini bir il də artırıb. İndiyədək Qoşulmama Hərəkatında belə bir hal olmamışdı».

Onun sözlərinə görə, Avropa Birliyi Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra apardığı siyasəti daha çox başa düşməyə çalışır:

«Nə bu məsələdə gərginliyə getmir, nə də ki, eyni zamanda Ermənistanla münasibətlərini də pozmaq istəmir. Bəlkə də bundan irəli gələn məsələdir ki, Avropa Birliyi Ermənistanın illik büdcəsi qədər ona maliyyə yardımı etdi».

«Saziş üzərində iş gedir və onun imzalanacağına heç bir şübhə ola bilməz »

Şarl Mişel və lham Əliyev
Şarl Mişel və lham Əliyev

A.Mirzəzadə hesab edir ki, Bakıdakı görüşdə Şarl Mişelin «Dağlıq Qarabağ» ifadəsini işlətməməsi Avropa Birliyinin Azərbaycanın regionda yaratdığı yeni reallığını qəbul etdiyini göstərir :

«Həmçinin Avropa Birliyi Şurası Prezidentinin Azərbaycan üçün əhəmiyyətli olan bir sıra yerlərə səfər etməsinin özü onun Azərbaycanı daha yaxşı başa düşməsi üçün imkan ola bilər».

O, qeyd edib ki, Azərbaycan bu beynəlxalq təşkilatla yüksək münasibətlərin olmasına maraqlıdır və daima öz mövqeyini ortaya qoyur :

«Saziş üzərində iş gedir və onun imzalanacağına heç bir şübhə ola bilməz. Çünki tərəflər mövqelərini yaxınlaşdırmağa çalışırlar. Bu asan məsələ deyil. Bununla belə inanıram ki, bu baş verəcək».

Eyni zamanda, deputat vurğulayıb ki, münasibətlər bir-birinin milli maraqlarına hörmətlə yanaşmaqla, bir -birinə doğru dostluq addımları atmaqla yanaşı həmçinin, dünyanın qarşılaşdığı problemlərin həllinə öz töhvəsini vermək deməkdir :

«Eyni zamanda Avropa Birliyi Azərbaycanın torpaqlarının işğaldan azad etmə faktını qəbul etməlidir. Burada hər hansı güzəştdən söhbət gedə bilməz. Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsini Ermənistandan tələb etməlidir və Ermənistan bu məsələdə qurumun hər hansı tərəddüdünü hiss etməməlidir. Bütün bunlar danışıqlarda bir daha nəzərə çatdırıldı».

Zaur Əkbər, 12 avqust 2010
Zaur Əkbər, 12 avqust 2010

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin keçmiş üzvü Zaur Əkbər-in AzadlıqRadiosuna bildirməsinəgörə, isə həm hökümətin bəzi dairələrdən gələn siqnallar, həm də Avropa Birliyinin rəsmilərindən eşidilən açıqlamalar onu deməyə əsas verirdi ki, bu il onların arasında saziş imzalanacaq :

«Hətta Xarici İşlər Nazirliyinin səviyyəsində nümayəndə heyətinin Strasburqda keçirilən danışıqların da pozitiv mesajları var idi, konstruktivlik nümayiş olunurdu»

«3 aya yaxındır ki, Bakıdan yekun cavab gözləyir»

Onun fikrincə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycana məhz Şərq Tərəfdaşlıq çərçivəsində sazişi ilə bağlı gəlmişdi :

«Düzdür, digər vacib məqamlar da var idi, amma əsas məsələ sazişlə bağlıdır. Avropa Birliyi həmin strateji sazişin sənədlərilə bağlı son təklifini Bakıya göndərib və 3 aya yaxındır ki, Bakıdan yekun cavab gözləyir».

Fəal qeyd edib ki, iyulun 18-də Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə mətbuat konfransından sonra sazişin imzalanması ilə bağlı onda müəyyən şübhəsi yaransa da, hələ də ümid var :

«Belə görünür ki, Azərbaycan hökuməti məlum sazişi imzalamağa tələsmir. Baxmayaraq ki, Şərq Tərəfdaşlığının sammiti oktyabr ayında olacaq. Azərbaycan hökümətinin düşünməsi üçün hələ 3 ay vaxtı var».

Şarl Mişel, 18 iyul 2021
Şarl Mişel, 18 iyul 2021

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel iyulun 17-də Azərbaycana gəlib. Azərbaycandan öncə Ermənistanda olub. Bundan sonra isə Gürcüstana yola düşüb.

Azərbaycan Avropa Birliyi (AB) ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.Bura Azərbaycandan başqa Gürcüstan, Moldova, Ukrayna, Ermənistan və Belarus daxildir.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG