Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:55

Rusiyalılar ‘xarici agent’ qanununa necə baxır


İllüstrativ foto
İllüstrativ foto

Qanun xaricdən vəsait alan və hakimiyyətin nəzərində siyasətlə məşğul olan QHT-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir

Rusiyalıların 45 faizi ölkənin ziddiyyətli “xarici agent” qanununu hakimiyyətin qeyri-hökumət təşkilatlarına təzyiq vasitəsi hesab edir. Bunu Moskvada yerləşən Levada sorğu mərkəzi yeni tədqiqatına əsasən bildirir.

Bu, ictimaiyyətin sözügedən qanunvericiliyə ötənilki skeptik yanaşmasında 10 faiz artım deməkdir.

Respondentlərin yarıdan çoxu (57 faiz) qanun haqda eşitdiyini, 11 faizi isə onu ümumilikdə anladığını söyləyib.


2012-ci ildə qəbul edilmiş qanun sonradan dəyişdirilərək sərtləşdirilib, builki seçkilər öncəsi müstəqil qruplara qarşı istifadə olunur. Bu sırada Levada Mərkəzi, onlarla QHT və media orqanı da var.

Qanun xaricdən vəsait alan və hakimiyyətin nəzərində siyasətlə məşğul olan QHT-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmələrini tələb edir.

Putini dəstəkləyənlər və dəstəkləməyənlər

Levada mərkəzi bildirir ki, qanunla bağlı tənqidi fikirlər əsasən 25-39 yaşlılara aiddir, onlar Prezident Vladimir Putini dəstəkləmirlər və informasiyanı onlayn xəbər mənbələrindən və sosial şəbəkələrdən almağa üstünlük verirlər.

58 faiz respondent hədəfdə olan QHT xarici agent kimi qeydiyyatdan keçəndən sonra belə ona münasibətinin dəyişmədiyini deyib. Dörd faiz belə QHT-yə münasibətinin hətta yaxşılaşdığını vurğulayıb.

62 faiz xarici agent damğası vurulan QHT-lərə sadiq qaldığını bildirib.

Bu qanunun “Qərbin mənfi təsirləri”nə qarşı yönəldiyini düşünənlərin sayı ötənilki 48 faizdən bu il 37 faizə düşüb. Onların çoxunun yaşı 55 və daha yuxarıdır.

Belə respondentlər informasiyanı radio və televiziyadan alır, çoxları Prezident Putini və siyasətini dəstəkləyir.

Levada sorğunu telefonla 1617 kişi və qadın arasında keçirib.


AzadlıqRadiosu-na qarşı şikayətlər

Hazırda 77 təşkilat “xarici agent” hesab olunur, onların içində 16 media qurumu və 18 jurnalist var.

Qanuna modifikasiya AzadAvropa/AzadlıqRadiosunun rus xidməti və digər altı rusdilli xidməti, eləcə də “Current Time” layihəsini də əhatələyib.

Roskomnadzor dövlət media monitorinqi qurumu ötən il qəbul etdiyi qaydalarda mediadan tələb edir ki, bütün yazılı, radio materiallarda xarici agentlə bağlı xüsusi qeyd əlavə olunsun.

Agentlik radionun xidmətlərinə qarşı yüzlərlə şikayət hazırlayıb.

AzadAvropa/AzadlıqRadiosu cərimələri “dövlətin sponsorluğu ilə məcburetmə və qorxutma kampaniyası”, Dövlət Departamenti isə onları “dözülməz” adlandırıb.

Rusiyada sentyabr seçkiləri Putinin hakimiyyətini möhkəmləndirmək cəhdlərinin vacib hissəsi hesab olunur. O, 2024-cü ildə yenidən, altıncı dəfə prezidentliyə namizədliyini verə bilər.

XS
SM
MD
LG