Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:17

Diktatorlar Baydeni ‘sınayırlar’ – Qərb mediası


Co Bayden (sağda) və Svetlana Tixanovskaya
Co Bayden (sağda) və Svetlana Tixanovskaya

“Birləşmiş Ştatların düşmənləri daha coğrafiya ilə – Şərq, yoxsa Qərblə deyil, avtoritarizm, yoxsa demokratiya ilə müəyyənləşir"

Donald Trampın prezidentliyi dövründə diktatorların Ağ evə azad girişi vardı. İndi onlar Prezident Co Baydenin avtoritar liderlərə təzyiq məsələsinə nə dərəcədə ciddi yanaşdığını istəyirlər. Buna görə də onu sınayırlar. “The Washington Post” qəzetində Brayan Klaas son belə sınağın Kiyevdən gəldiyini yazır.

Bu həftə belaruslu dissident Vital Şişou Kiyevdə parkda asılmış vəziyyətdə tapılıb. Müəllif bu qətlin Belarus diktatoru Alyaksandr Lukaşenka və onun çoxdankı müttəfiqi Rusiya Prezidenti Vladimir Putinin tənqidçilərinə artan amansız hücumlar seriyasından olduğunu qeyd edir.

Cəza tədbirləri

Məqalədə Lukaşenkanın ölkəsinin sərhədləri xaricində dissident ovuna çıxan yeganə diktator olmadığını yazır. Ruanda, Rusiya, Çin, Tailand, Özbəkistan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı kimi ölkələrdən dissidentlər despotlardan qaça bilsə də, mühacirətdə öldürülürlər.

“Baydenin onları yerində oturtmasının vaxtı çatıb. Ağ ev diktatorlara Tramp erasının bitməsiylə bağlı acı dərs verməlidir. Onlar bilməlidirlər ki, diktatorlar opponentlərinin ovuna çıxıb onları öldürərsə, Birləşmiş Ştatlar demokratiyanın müdafiəsindən ötrü hərəkətə keçəcək”, – müəllif yazır.

Məqalədə Baydenin bugünlərdə Belarusun müxalifət lideri Svetlana Tixanovskayanı qəbul etməklə yaxşı ilkə imza atdığını qeyd olunur. Müxalifət ötənilki prezident seçkisini Tixanovskayanın udduğunu deyir. Müəllifin fikrincə, Ağ ev Belarusu ağrıdacaq cəza tədbirlərinə əl ata bilər. Bu ölkə üçün çox vacib neft-kimya sənayesinə sanksiyalar qoyula, belarusluların çirkli pul yuduqları vergi cənnətlərinə təzyiq gücləndirilə bilər və sairə.

Demokratiyanın yanında

“Birləşmiş Ştatların düşmənləri daha coğrafiya ilə – Şərq, yoxsa Qərblə deyil, avtoritarizm, yoxsa demokratiya ilə müəyyənləşir. Bayden amerikalılara, eləcə də dünyada hər kəsə izah etməlidir ki, gözünü belə qırpmadan demokratiyanı müdafiə edən bir prezident olacaq”, – məqalədə deyilir.

Lukaşenka ötən ilin avqustunda prezident seçkisinin qalibi elan olunandan sonra ölkədə kütləvi etirazlar başlanıb. Təhlükəsizlik qüvvələri etirazçılara divan tutub.

Qərb Lukaşenkanı prezident kimi tanımayıb.

Hakimiyyət son bir ildə müxalifət liderlərini mühacirətə vadar edib, yaxud həbsə atdırıb, onminlərlə insan həbs olunub, jurnalistlərin akkreditəsindən imtina olunub.

XS
SM
MD
LG