Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:01

Vaksin yoluxmaları niyə dayandıra bilmir – Qərb mediası


Koronavirusun delta ştammı
Koronavirusun delta ştammı

İndi əsas məsələ odur ki, mövcud vaksinlər xəstəliyin ağırlaşmasının qarşısını alır, ancaq yoluxmanı önləyə bilmir

Dünya Səhiyyə Təşkilatı (DST) hazırda dünyada yayılmaqda olan SARS-CoV-2 virusunun ştammlarını yunan əlifbasıyla adlandırır. “Reuters” agentliyi yazır ki, alimlər sürətlə yayılmaqda olan delta ştammına fokuslanıblar, amma digərlərinin də durumunu izləyirlər.

İlk dəfə Hindistanda aşkarlanmış delta ştammı indilik ən böyük narahatlığa səbəb olur. Daha çox peyvənd olunmamış əhali arasında yayılmış bu variant elə peyvənd olunanlara da yoluxur. DST deltanı məhz buna görə narahatlıq yaradan ştamm sayır.

1260 dəfə daha artıq virus

San Dieqoda La Jolla İmmunologiya İnstitutundan Şeyn Kroti deyir ki, deltanın “supergücü” yoluxuculuq səviyyəsindədir. Çin alimlərinin gəldiyi qənaətə görə, deltaya yoluxanların burunlarında koronavirusun orijinal variantı ilə yoluxmaya nisbətən 1260 dəfə artıq virus olur. ABŞ-da aparılmış tədqiqat peyvənd olunmuşlarla olunmamışlar arasındakı “virus yükü”nün eyni olduğunu üzə çıxarıb, amma agentlik daha çox tədqiqata ehtiyac olduğunu yazır.

Orijinal ştammın simptomları yeddi günə üzə çıxırdı, deltada bu, 2-3 gün tez baş verir və immun sisteminin reaksiya verməyə, müdafiəsini gücləndirməyə vaxtı az qalır.

Üstəlik, delta daha sürətlə mutasiya edir, artıq “delta plyus” ştammının peyda olması haqda məlumatlar var. Ekspertlər bu ştammın daha təhlükə olmasının tam bilinmədiyini deyirlər.

Lambda, Kolumbiya ştammı

Lambda variantı da potensial yeni təhdid kimi diqqət çəkir. İlk dəfə dekabrda Peruda aşkarlanmış bu variantın artıq zəiflədiyi də bildirilir.

DST lambdanı “maraqlı variant” adlandırır, çünki onun mutasiyalarının yoluxmada dəyişiklik yaratması, yaxud daha ağır xəstəliyə səbəb olmasına şübhələr var. Amma bu versiya da hələ öyrənilir. Ekspertlərin fikrincə, lambda yoluxuculuğu artırmır, vaksinlər ona yaxşı təsir göstərir.

Yanvarda Kolumbiyada aşkarlanmış B.1.621 ştammı isə daha çox izlənilir, ona hələ yunan adı da verilməyib. Bu ştammın mutasiyaları yoluxuculuğun artması, immun qorumasının zəifləməsi ilə əlaqələndirilir.

Bitdimi?

Xeyr. Ağ evin baş tibbi müşaviri Entoni Fauçi bu yaxınlarda xəbərdarlıq edib ki, daha çox amerikalı peyvənd olunmasa, Birləşmiş Ştatlar problemlə üzləşəcək. Çünki peyvənd olunmayanlar virusa yayılmaq, mutasiya etmək fürsəti verir.

Elə zəngin ölkələri vaksin dozalarını dünya ilə paylaşmağa çağıranlar da belə deyirlər. Daha az əhalinin peyvənd olunduğu yoxsul ölkələrdə də eyni şey baş verə bilər.

İndi əsas məsələ odur ki, mövcud vaksinlər xəstəliyin ağırlaşmasının qarşısını alır, ancaq yoluxmanı önləyə bilmir. Mayo Klinikasının vaksin alimi Qreqori Poland deyir ki, səbəb virusun hətta vaksin olunmuş şəxslərin burnunda çoxala bilməsidir. Beləliklə xəstəlik kiçik, aerozol hissəciklərlə yayıla bilir.

Alimin fikrincə, SARS-CoV-2-ni yalnız yoluxmanın qarşısını kəsə biləcək yeni nəsil vaksinlər məğlub edə bilər. O vaxtadəksə dünyada koronavirusun yeni ştammları yayılmaqda davam edəcək.

XS
SM
MD
LG