Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

Azərbaycanda ağır cinayət sayı kəskin artıb


Cinayət işi
Cinayət işi

Cinayətlərin sayı 12 faiz çoxalıb

Daxili İşlər Nazirliyi bu ilin birinci yarısında törədilən cinayətlər və cinayətkarlığa qarşı mübarizə ilə bağlı göstəriciləri açıqlayıb. Açıqlamadan aydın olur ki, 2021-ci ilin ilk 6 ayında qeydə alınan cinayət olaylarının sayı son illərlə müqayisədə çoxalıb. Misal üçün, ötən ilin birinci yarısında Azərbaycanda 13 min 310 cinayət törədilmişdisə, bu il həmin göstərici 14 minə 928-ə yüksəlib, yəni 12 faizdən çox artıb. Toplam cinayət sayının artması ilə yanaşı, ağır və özəlliklə ağır cinayət sayında da artım gözə çarpır. Burada diqqət çəkən əsas məqam ağır cinayət sayındakı kəskin artımdır – 40 faizə yaxın. Ötən ilin ilk 6 ayında ölkədə 1 min 618 ağır və özəlliklə ağır cinayət törədilmişdisə, bu il həmin müddətdə 2 min 236 bənzər cinayət olayı baş verib. Pandemiyaöncəki dövrlə - 2019-cu illə müqayisə artım faizini daha da yüksəyə -60 faizə qaldıracaq.

Cədvəl: 2019-2021-ci illərin birinci yarısında Azərbaycanda qeydə alınmış toplam və ağır cinayət sayı

İl

Toplam cinayət sayı

Ağır cinayətlər

Toplam cinayət içərisində ağır cinayətlərin xüsusi çəkisi

2021

14 min 928

2 min 236

15 faiz

2020

13 min 310

1 min 618

12.2 faiz

2019

13 min 534

1 min 427

10.5 faiz

2018

12 min 844

1 min 281

10.0 faiz

Cinayətlər çeşidlənsə, ən çox "ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə" cinayətlərdə artım gözə çarpır. Belə cinayətlər bu ilin ilk yarısında ötən ilin eyni dövrüylə müqayisədə 1 min 160 fakt və ya 25 faiz artaraq 5 min 688-ə çatıb. İctimai təhlükəsizlik və ictimai qayda əleyhinə cinayətlərə xuliqanlıq, tikinti, mədən və yanğın təhlükəsizliyinin pozulması kimi cinayətlər daxildir.

Ciddi artım qeydə alınan daha bir istiqamət narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu ilin ilk yarısında narkotiklərlə bağlı qeydə alınmış faktların sayı ötən ilin eyni dövrünə nəzərən 1 min 281 fakt və ya 46 faiz artaraq 4 min 66 olub. Sırf narkotik maddələrin satışı ilə bağlı qeydə alınan cinayət sayındakı artımsa 60 faizə yüksəlib. İlin ilk 6 ayında qeydə alınmış faktlar üzrə 1 ton 843 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb. Bu, biröncəki illə müqayisədə 776 kiloqram və ya 42 faiz artım deməkdir. İl ərzində narkotiklə bağlı 2 min 722 nəfər cinayət törədib.

Ötən yarımildə Azərbaycan İnterpol xətti ilə axtarışa verdiyi 37 nəfərin yerini müəyyənləşdirə bilib. Bu quruma üzv ölkələrin axtarışa verdiyi daha 21 nəfərin yeri isə Azərbaycanda müəyyən olunub. Mütəşəkkil cinayətkarlıqla mübarizə çərçivəsində ilin ilk 6 ayında 435 kriminal qrup zərərsizləşdirilib. Onlardan 126-sı ağır və xüsusən ağır kriminal qrup olub. Bu baxımdan, ağır cinayətlər törədən kriminal qrup sayının da 22 faiz artdığı görünür. Deyilən müddətdə toplam 7 min 740 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Ötən il bu göstərici 6 min 765; 2019-cu ildə 6 min 204 nəfər olub. Demək, 2 il içində məhkəmə məsuliyyətinə cəlb olunanların sayı 1 min 500 nəfər çoxalıb.

Bakıda 7 min polis kamerası var

Rəsmi rəqəmlərdən aydın olur ki, iqtisadiyyatda olduğu kimi, cinayətkarlıq baxımından da paytaxt Bakı və digər bölgələr arasında ciddi fərqlər var. Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın daxili işlər və prokurorluq orqanlarının qeydə aldığı cinayətlərin 42.6 faizi paytaxt Bakının payına düşür. Qurumun açıqlamasında bildirilir ki, "Təhlükəsiz şəhər" sistemi çərçivəsində texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilib, yeni kameralar quraşdırılıb, müvafiq texniki vasitə sayı 6 min 944-ə çatdırılıb.

Bakı şəhəri ilə bağlı diqqətçəkən daha bir məqam burada törədilən ağır cinayətlərin toplam cinayətlər arasındakı xüsusi çəkisinin ölkə ortalamasından daha yüksək olmasıdır. İlin ilk yarısı ərzində Bakıda qeydə alınan cinayət olaylarının 18 faizi ağır və özəlliklə ağır cinayətlərdir. Həmin dövrdə ailə münaqişəsi ilə bağlı törədilən cinayət sayı da 16 faiz artaraq 283-ə çatıb. Oğurluq sayında isə, əksinə, 23 faizə yaxın azalma gözə çarpıb.

Bakıda bilinməz şəkildə törədilən cinayətlərin toplam 81 faizinin açılması təmin edilib. Rəqəmlərdən aydın olur ki, müxtəlif cinayət növləri üzrə cinayətlərin açılma göstəricisi də fərqlidir. Məsələn, şəxsiyyət əleyhinə olan cinayətlərin toplam 98 faizinin açılması təmin olunub. Bu tip cinayətlərdən qəsdən adam öldürməklə bağlı olan cinayətlərin 100 faizi, qəsdən sağlamlığa ağır zərər vurmalarınsa 98 faizi açıldığı halda, zorlama cinayətləri ilə bağlı bu göstərici cəmi 67 faizə çatıb.

XS
SM
MD
LG