Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 06:51

'Paşinyanı bu bəyanatı verməyə sövq edən müharibədən qaçmasıdır'


N.Paşinyan
N.Paşinyan

Avqustun 12-də Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında Qarabağ və regional problemlərinin həlli ilə bağlı "yüksək və ən yüksək səviyyədə" danışıq prosesinə hazır olduğunu, konkret təklifləri gözlədiyini bildirib. O, həmçinin nəqliyyat kommunikasiyalarının açılması məsələsini həll etməyin mümkün olduğunu da qeyd edib.

Bəzi ekspertlər N.Paşinyanın bu sözlərini Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğu kimi qiymətləndirirlər.

Azərbaycan prezidenti və Ermənistan baş nazirinin təkbətək görüşü mümkündürmü? Bunun nə kimi nəticələri ola bilər?

A.Mirzəzadə
A.Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə "Turan"a bildirib ki, Ermənistan baş naziri üçtərəfli 10 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin ləngidilməsi üçün müxtəlif bəyanatlar verib: "Amma Ermənistan cəmiyyətində artıq reallıq tədricən üzə çıxmağa başlayır. Seçkilərdə daha çox səs toplamış partiyanın rəhbəri başa düşür ki, Ermənistanın gələcəyi ancaq Azərbaycanla yaxşı münasibətlərdədir. Bu, ancaq mehriban qonşuluq deyil, bu, Zəngəzur dəhlizinin (Ermənistanın Sünik rayonundan keçməlidir) işə düşməsidir, gələcəkdə birgə iqtisadi layihələrin işlənməsidir".

"Ermənistan sərhədləri tanıması barədə razılığa gələrsə..."

Deputat qeyd edib ki, Azərbaycan əməkdaşlıq etdiyi ölkələrlə özünü çox güclü partnyor kimi tanıdıb: "Əgər Ermənistan Azərbaycanla sərhədləri tanıması barədə razılığa gələrsə, Azərbaycan Ermənistanın iqtisadiyyatına investisiya qoya bilər, iqtisadi layihələr həyata keçirmək mümkün olacaq".

Qarabağda son olaylara Moskva və Ankaradan ekspert baxışları
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Onun sözlərinə görə, artıq müharibə başa çatıb: "Biz postmünaqişə dövründə yaşayırıq. Ermənistan baş naziri əgər Azərbaycan rəhbərliyi ilə görüşmək istəyirsə, bu o deməkdir ki, Ermənistan artıq qarşılıqlı münasibətlərin vacibliyini dərk edir".

"Bizə müharibəsiz bir həyat lazımdır"

A.Mirzəzadənin fikrincə, belə bir görüş mümkündür: "Çünki bu görüşdə hərtərəfli məsələləri müzakirə etmək olar. Cənab prezident artıq dəfələrlə sülh sazişi bağlamağa, ərazi bütövlüyünü tanımağa, postmünaqişə dövrünün problemlərini birlikdə həll etməyə, sərhədlərin demarkasiya məsələsini ciddi şəkildə işləməyə hazır olduğunu bəyan edib. Bizə bu gün sakit, müharibəsiz, konfliktsiz bir həyat lazımdır".

O vurğulayıb ki, Ermənistan ilk növbədə sərhəd xəttində təxribatları dayandırmalıdır, Azərbaycanla həqiqi beynəlxalq hüquq normalar çərçivəsində əməkdaşlıq etmək istədiyini göstərməlidir.

Ə.Oruclu
Ə.Oruclu

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, N.Paşinyanın bəyanatını və "nəqliyyat kommunikasiyaları açılmalıdır" ifadəsini bir qədər dəqiqləşdirməyə ehtiyac var: "Çünki o, Ermənistandakı əhval-ruhiyyəni nəzərə alaraq dəhlizin açılmasını nəzərdə tutmur. O, daha çox Azərbaycan üzərindən Ermənistana keçən yolları nəzərdə tutur. Bu, birtərəfli qaydada qeyri-mümkündür".

"Əslində bu görüş ideal bir şey olardı"

Ekspertin fikrincə, N.Paşinyanın İ.Əliyevlə təkbətək görüşü hələ ki, mümkün deyil: "Ən azı ona görə ki, Azərbaycanla Ermənistan arasında heç bir birbaşa əlaqə yoxdur".

O qeyd edib ki, əslində bu görüş ideal bir şey olardı: "Çünki bu cür münaqişələrdə üçüncü tərəflər hər zaman öz mənafelərini güddüyündən münaqişələrin həlli uzana-uzana gedir və, adətən, öz həllini tapmır".

Ə.Oruclu hesab edir ki, N.Paşinyan vəziyyətinin gərginləşməsini və yeni müharibəyə doğru getdiyini görür: "Nikol Paşinyan görür ki, Rusiyanın səyləri, Ermənistanda ordunun modernləşdirilməsi ölkəni növbəti müharibəyə çəkir. Onun isə buna yetərincə resursu yoxdur. Nikol Paşinyanı bu bəyanatı verməyə sövq edən səbəb məhz müharibədən qaçmasıdır".

Pol Qobl: 'Azərbaycan Türkiyə ilə hərbi baza danışıqlarına başlamalıdır'
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada onlar yeni üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG