Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:17

Kəşfiyyat virusun mənşəyi üzrə bir qənaətə gələ bilməyib


Arxiv fotosu
Arxiv fotosu

Qəzet yazır ki, yeni dəyərləndirmə Pekindən qlobal pandemiyanın necə başlanmasına dair daha çox informasiya almağın necə çətin olduğunu göstərir

ABŞ-ın kəşfiyyat agentlikləri Covid-19-un mənşəyi üzrə, yəni, insan.ae təbii yolla keçməsi, yaxud laboratoriyadan sızması üzrə qəti bir qənaətə gələ bilməyiblər. Səbəb isə Çinin detallı informasiya verməməsidir. Bunu “Wall Street Journal” qəzetinə ABŞ-ın iki aparıcı rəsmisi deyib. Kəşfiyyat agentlikləri avqustun 24-də Ağ evə yeni dəyərləndirmə təqdim ediblər.

Prezident Co Bayden 90 gün öncə kəşfiyyat agentliklərinə belə bir tədqiqat aparmaq göstərişi vermişdi. Qəzet yazır ki, yeni dəyərləndirmə Pekindən qlobal pandemiyanın necə başlanmasına dair daha çox informasiya almağın necə çətin olduğunu göstərir.

“Çin dataya çıxış verməsə...”

Qəzet vəzifədə olan və keçmiş rəsmilərə istinadla qeyd edir ki, Çini laboratoriya sənədlərini, genom nümunələrini, virusun mənşəyinə aydınlıq gətirəcək digər datanı paylaşmağa vadar etmək çox vacibdir.

Koronavirus dünyada 4 milyon 400 mindən çox insanın həyatına son qoyub. 210 milyondan çox yoluxma aşkarlanıb.

“Dərin sıçrayış idi, amma vəziyyət imkan verdiyi qədər dərinə gedə bilirsən. Çin müəyyən dataya çıxış verməsə, həqiqəti heç vaxt bilməyəcəyik”, – bir rəsmi deyib.

Çin həm keçmiş prezident Donald Trump, həm də Bayden administrasiyasının informasiya almaq cəhdlərinə dirəniş göstərib.

Çinin dirənişi

Virusun 2019-cu ilin dekabrında Çinin mərkəzindəki Vuhan şəhərində diri heyvan bazarında peyda olduğu güman edilir, yəni, pandemiyanın əsas mənbəyi kimi bu versiya göstərilir. Amma Trump administrasiyasının özəl araşdırması həmin ilin payızında Vuhandakı virusologiya institutunun əməkdaşlarının COVID-19-a bənzər simptomlarla xəstəxanaya yerləşdirildiyini öyrənib.

Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərinin bu ilin əvvəlində açıqladığı hesabatda virusun Vuhanda heyvandan insana keçməsi əsas versiya kimi göstərilirdi. Ekspertlər laboratoriyadan sızma versiyasının az inandırıcı olduğunu qeyd edirdilər. Ancaq sonradan yayılmış informasiyalarda Çinin DST ekspertlərinə təzyiq göstərdiyi, laboratoriyadan sızma versiyasının hesabata salınmasına qarşı çıxdıqları deyilirdi.

Bir qrup nüfuzlu alim isə açıq məktubda israr edirdi ki, virusun təbiətdən çıxması, yoxsa laboratoriyada hazırlanaraq ehtiyatsızlıqdan sızması məsələsi açıq qalır.

XS
SM
MD
LG