Rusiyanın Azərbaycandakı sülhməramlı kontingentinin rəhbəri Rüstəm Muradovun Xankəndinə getdiyi, Ağdərədə saxlanmış, hazırda həbsdə olan azərbaycanlı hərbçi Cəmil Babayevlə görüşdüyü bildirilir. Bu haqda Qarabağdakı separatçı rejim məlumat yayıb. Muradovun Babayevin səhhəti ilə maraqlandığı xəbər verilir.
Məlumatda deyilir ki, Babayevin xahişi ilə ona doğmaları və ailə üzvləri ilə əlaqə saxlamaq imkanı yaradılacaq.
+++
Ağdərədə (Martakert) bir mənzildə aşkarlanmış azərbaycanlı hərbçi Cəmil Babayev həbs olunub, istintaq davam edir. Açıqlamanı Dağlıq Qarabağdakı qondarma qurumun "istintaq komitəsi" yayıb.
+++
Avqustun 25-də Ağdərə (Mardakert) şəhərinin Teryan küçəsində mənzillərdən birində Azərbaycan hərbçisi Cəmil Babayev aşkarlanıb. Bu xəbəri Qarabağdakı separatçı qurumun "baş prokurorluğu" yayıb.
Hərbçinin elə həmin gün Milli Təhlükəsizlik Xidmətinə təslim edildiyi bildirilir. "Artsaxın (Qarabağ) sərhədinin qanunsuz keçilməsi, sözügedən mənzilin azyaşlı sakinlərini öldürmək təhdidi və casusluq" ittihamları ilə cinayət işi açıldığı vurğulanır. Babayev saxlanıb və təhqiqat aparılır.
Azərbaycan əsgərin başına gələnləri belə izah edir...
Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Cəmil Babayevin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.
Ehtimal olunur ki, hərbi qulluqçu Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.
2020-ci il sentyabrının 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya arasında həmin razılaşmaya əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu müharibə Qarabağ münaqişəsindən törəyib. Həmin münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.