Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:56

'Taliban' təhlükəsi Daşkəndi Moskva ilə yaxınlaşdırır?


Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin (solda) və Şavkat Mirziyayev (Arxiv fotosu)
Rusiya və Özbəkistan prezidentləri Vladimir Putin (solda) və Şavkat Mirziyayev (Arxiv fotosu)

Özbəkistan prezidenti Şavkat Mirziyayev bu həftə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbədənkənar videosammitində iştirak edib

AzadlıqRadiosunun Özbək xidməti yazır ki, Özbəkistan prezidenti Şavkat Mirziyayev bu həftə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) növbədənkənar videosammitində iştirak edib.

Rəsmi məlumatlara görə Mirziyayev bu virtual görüşdə “qonaq” qismində iştirak edib və onun bundan əsas məqsədi qonşu ölkələrin Əfqanıstanda yaranmış vəziyyətə münasibəti ilə tanış olmaq idi.

Bu ay Taliban Əfqanıstanın Özbəkistan, Tacikistan və Türkmənistanla həmsərhəd bölgələrinə nəzarəti ələ alandan sonra Mərkəzi Asiya ölkələri üçün yaranan təhlükələr barədə çoxsaylı xəbər və təhlillər dərc olunur.

Belə bir vəziyyətdə Rusiya Mərkəzi Asiyadakı hərbi fəallığını artırır və ODKB-nin bu regiondakı ölkələrin təhlükəsizliyini təmin edəcək yeganə təşkilat olduğunu bəyan edir.

Moskva eyni zamanda ABŞ-ın Mərkəzi Asiya ölkələrində mümkün hərbi mövcudiyyətinə qarşı çıxır.

Bütün bunlardan çıxış edən bir sıra Özbəkistan təhlilçiləri güman edirlər ki, Daşkənd Rusiyanın rəhbərlik etdiyi hərbi bloka yenidən qoşula bilər.

Radikal İslama qarşı

Sözügedən videosammitdə təşkilatın üzvü olan Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın liderləri iştirak ediblər.

Bu təşkilatın üzvü olmayan Özbəkistanın prezidenti tədbirə “qonaq” qismində qatılıb. Hərçənd ODKB-nin üzvü olmayan və Əfqanıstanla 800 kilometrlik sərhədə malik Türkmənistan videsammitə qatılmayıb.

Xəbər verilir ki, kollektiv təhlükəsizlik təşkilatının iclasında “radikal İslamın bölgəyə sızmasına yol verilməməsinin vacibliyi” müzakirə olunub.

İştirakçılar habelə Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının radikal islamçıların sıralarına qoşulmasının qarşısının alınmasından danışıblar.

Prezidentlər həmçinin Əfqanıstan ərazisində terrorçu İslam Dövləti təşkilatının olmasından narahatlıq ifadə ediblər.

Bu görüş zamanı Özbəkistan prezidenti Mirziyayev ölkəsinin Əfqanıstanla sərhədinin etibarlı qorunduğu barədə məlumat verib.

Xəbər verilir ki, Özbəkistan prezidentinin ODKB-nin sentyabrın 16-da Düşənbədə keçiriləcək sammitinə də qoşulacağı gözlənilir.

Təhlilçilərin ziddiyyətli fikirləri

Bəzi təhlilçilərin fikrincə Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Özbəkistanın müstəqil xarici siyasətinin sonu deməkdir.

Londonda mənzillənmiş təhlilçi Alişer İlxamov AzadlıqRadiosuna deyib:

“Putin kəməndi Miziyayevin boynuna atıb. İndi onu yalnız dartmaq qalır. Ümumiyyətlə son həftələrdə Daşkənd vahiməli panika keçirir. Belə görünür ki, ölkə öz ordusunun etibarlığına o qədər də güvənmir”.

Lakin belə qənaətləri rədd edən təhlilçilərin fikrincə Özbəkistanın xarici siyasət doktrinası dəyişməyib və Mirziyayev heç bir hərbi bloka qoşulmamaq əzminə sadiqdir.

Bu doktrinada deyilir ki, Özbəkistan hətta sonradan hərbi bloka çevrilən təşkilatları da tərk etmək hüququnu özündə saxlayır.

Özbəkistanın gəl-getləri çox olub

Özbəkistan lap əvvəldən ODKB-nin nəinki tərəfdarı, hətta onun yaradılmasının təşəbbüsçülərindən biri olub.

1992-ci ilin mayında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan kollektiv təhlükəsizlik müqaviləsini imzalayıblar.

Bu müqavilə Özbəkistan paytaxtında imzalandığına görə onu əvvəllər ara-sıra “Daşkənd paktı” da adlandırırdılar.

1993-cü ilin sentyabrında bu təşkilata Azərbaycan, dekabrında isə Gürcüstan və Belarus qoşulublar.

Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib.

Lakin 1999-cu ildə Özbəkistan, Azərbaycan və Gürcüstan bu təşkilatı tərk ediblər.

2005-ci ildə Əndicanda baş vermiş qanlı qətliamdan sonra Özbəkistan hakimiyyəti Rusiyanın dəstəyinə malik olmaq üçün təşkilatın üzvlüyünə qayıdıb, amma 2021-ci ildə bloku yenidən tərk edib.

Onsuz da yaxındırlar

Bir sıra şərhçilər deyirlər ki, Özbəkistanın ODKB üzvlüyü nominal səciyyə daşıyırdı və özbək hərbçilər hərbi təlimlərdə iştirak etmirdilər. Bundan başqa Daşkənd ODKB-nin bir sıra strateji sənədlərini imzalamamışdı.

Avqustun 23-də keçirilən sammitdə də Özbəkistanın bloka qayıtmasına dair heç bir söhbət olmayıb.

Şərhçilər bildirirlər ki, Özbəksitan ODKB-nin üzvü olmasa da, Rusiya ilə ikitərəfli strateji müttəfiqlik sazişi imzalayıb.

Yeri gəlmişkən bu ilin aprelində Özbəkistan və Rusiyanın müdafiə nazirləri Baxodir KurbanovSergey Şoyqu ölkələri arasında 2021-2025-ci illər üçün strateji hərbi partnyorluq proqramını imzalayıblar.

Bütün bunlar Özbəkistana hər hansı təşkilatın üzvü olmadan da Rusiya ilə yaxınlaşmaq imkanı verir.

XS
SM
MD
LG