Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:31

DST Avropada peyvəndləmənin yavaşımasından narahatdır


Berlində koronavirus qadağalarına etiraz
Berlində koronavirus qadağalarına etiraz

Avropanın aşağı və aşağı-orta gəlirli ölkələrində əhalinin yalnız 6 faizi tam peyvəndlənib.

Dünya Səhiyyə Təşkilatı (DST) Avropada vaksinasiyanın səngiməsindən, yoxsul ölkələrdə xeyli az vaksinin vurulmasından narahatlığını bildirib. Dekabrın 1-dək qitədə koronavirusdan daha 236 min ölümün qeydə alına biləcəyi vurğulanıb.

Pandemiya başlanandan COVID-19 Avropa ölkələrində 1.3 milyon ölümə səbəb olub.

Ötən həftə DST-nin Avropadakı 53 üzv ölkəsində ölü sayında 11 faiz artım qeydə alınıb. Bunu DST-nin Avropa direktoru Hanz Kluge avqustun 30-da jurnalistlərə deyib.

Onun sözlərinə görə, qitədə virusun yayılma sürəti “özəlliklə bir sıra ölkələrdə əhalinin prioritet qrupları üzrə aşağı vaksinasiya səviyyəsi fonunda dərin narahatlıq doğurur”.

Avropanın aşağı və aşağı-orta gəlirli ölkələrində əhalinin yalnız 6 faizi tam peyvəndlənib.

***

AB Birləşmiş Ştatları ‘təhlükəsiz siyahı’dan çıxaracaq

Avropa Birliyi Birləşmiş Ştatlardan ziyarətçi sayına məhdudiyyətlər qoyacaq. Səbəb COVID-19-a yoluxmaların artması və qarşılılıqla bağlı siyasi müzakirələrdir.

Üzv ölkələr özləri qərar verirlər

Avqustun 30-da AB-nin Birləşmiş Ştatları bloka əlavə məhdudiyyətlərsiz, karantin, yaxud test vermədən səyahət edə bilən ölkələrin “təhlükəsiz siyahısı”ndan çıxaracağı gözlənir.

Kosovo, İsrail, Monteneqro, Livan və Şimali Makedoniya da siyahıdan çıxarıla bilər.

Brüsselin təlimatı tövsiyə xarakterlidir və üzv ölkələr ziyarətçi əcnəbiləri hansı şərtlərlə qəbul etməyə özləri qərar verirlər.

AB-nin bir çox ölkələri tövsiyələrə əməl etsələr də bəziləri öz tələblərini qoyurlar, tam peyvəndlənmə, yaxud yoluxub sağalmaya dəlil istəyirlər. Təhlükəsiz siyahıda olmayan ölkələrin vətəndaşlarının vacib sayılmayan səfərlərinə qadağa qoyulur, yaxud digər əngəllərlə qarşılaşırlar.

İyunda sərhədlər açıldı və...

İyunda AB-nin bir çox ölkələri sərhədlərini amerikalıların üzünə açıb, yoluxmaların azalması və vaksinasiya onlarda turizm sənayesinin dirçələcəyinə ümid yaradıb.

Amma yayın əvvəlindən yüksək yoluxucu delta ştamı Birləşmiş Ştatlarda yoluxmaları kəskin artırmağa başlayıb.

AB-nin “təhlükəsiz siyahı”sında olmaqdan ötrü son iki həftədə hər 100 min nəfərə 75 yoluxma düşməlidir. Birləşmiş Ştatlarda bu göstərici yuxarıdır, vəziyyət daha da pisləşir.

Bloku yeni addıma vadar edən daha bir səbəb qarşılılıqdır. AB liderlərinin Bayden administrasiyasına təzyiqinə baxmayaraq Birləşmiş Ştatlar sərhədlərini avropalılar üçün əsasən bağlı saxlayıb.

XS
SM
MD
LG