Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:14

'Mənə nazir müavini vəzifəsinin yükü ötürülüb'


Rasim Quliyev
Rasim Quliyev

2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olmuş Rasim Quliyev paytaxtda tarixi binanın sökülməsi və yerində çoxmərtəbəli binanın tikintisi haqda sərəncama görə məhkəmə qarşısına çıxarılıb. Amma o, özünü təqsirli bilmir. Deyir ki, sözügedən sərəncamı müavin kimi imzalasa da, əslində, buna səlahiyyəti olmayıb. Çünki 2017-ci ilin sentyabrında Hacıbala Abutalıbov Prezident Administrasiyasının razılığı olmadan onu müavin təyin edib. Az sonra Prezident Administrasiyasının ovaxtkı rəhbəri Ramiz Mehdiyev Bakı şəhər İcra Hakimiyyətinə məktub göndərib ki, Rasim Quliyev müavin səlahiyyətlərini icra edə bilməz. Çünki onun təyinatı üçün Prezident Administrasiyasının razılığı alınmayıb.

"Bundan 2018-ci ilə nə gəlib çatacaqdı?"

"Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"nin 2.7-ci bəndində göstərilib ki, yerli icra hakimiyyətinin başçısı olmadıqda onun səlahiyyətlərini Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

Rasim Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttihamda söhbət Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi-141 ünvanında yerləşən binanın sökülməsindən gedir.

Avqustun 30-da məhkəmədə ifadə verən sabiq Aparat rəhbəri bildirib ki, o, sərəncamı imzalamaqdan ötrü kimdənsə pul almayıb. Orada söküntü və tikinti işlərini aparmaq istəyən "FF-2011" şirkətinin rəhbərini də ilk dəfə məhkəmədə dindiriləndə görəcək: "Bu şirkətə icazə sənədi 2012-ci ildə imzalanıb. Tikinti şirkətinin rəsmiləri altı ildən çox icra hakimiyyətinə gəlib-gedib. Bu şirkətin rəhbər şəxsləri kimlərəsə pul veribsə, bundan 2018-ci ilə nə gəlib çatacaqdı?".

Abutalıbov Mehdiyevə üzrxahlıq məktubu yazıb

Quliyev deyir ki, Aparat rəhbəri olarkən şikayətçiləri özü qəbul edirdi. Vətəndaşlar daha çox Baş Memarlıq İdarəsindən şikayətlənirdi: "Mənim imzaladığım sənədləri də bu idarə verib. Baş memar Akif Abdullayev mütləq məhkəməyə çağırılsın, ona suallarım var. O, vətəndaşları yola salanda deyirdi ki, "qoltuğuna qarpız verib göndərdim". İndi gəlib sualları cavablandırsın".

Təqsirləndirilən şəxs vurğulayıb ki, onu icazəsiz müavin təyin etdiyinə görə Hacıbala Abutalıbov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə üzrxahlıq məktubu yazmışdı: "Mənə nazir müavini vəzifəsi yox, nazir müavini vəzifəsinin yükü ötürülüb. Məqsədim budur ki, ortada bir cinayət varsa, üstü açılsın, təqsiri olan şəxslər cəzalandırılsın. Mən icra başçısının müavini idimsə, bu səlahiyyəti icra edirdimsə, niyə müavin maaşı almırdım?".

"Niyə həmin bina ilə bağlı araşdırma aparmayıb?"

Dilarə Əliyeva küçəsi-141 ünvanında tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın söküntüsü və yerində başqa binanın tikintisi haqda Quliyevin imzaladığı sərəncamı az sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini təyin edilən Eldar Əzizov ləğv edib.

"Dilarə Əliyeva-141 ünvanındakı tarixi binaya zərər vurulmasına görə mənə ittiham verilib. Amma onun yanındakı 145 saylı bina tam sökülüb, yerində yeni bina da inşa edilib. Həmin bina Azərbaycanın tarixi abidələri siyahısından çıxarılmayıb. Prokurora, burada olan digər rəsmi qurumların nümayəndələrinə sual verirəm, niyə həmin bina ilə bağlı araşdırma aparmayıb?", - bunu da keçmiş Aparat rəhbəri deyib.

Quliyev əlavə edib ki, icra başçısı vəzifəsindən çıxarılıb baş nazirin müavini təyin olunandan sonra da Bakı şəhər İcra Hakimiyyətinə faktiki rəhbərlik edirdi.

Quliyev məhkəmədən ev dustaqlığına buraxılmasını da xahiş edib. Amma onun bu istəyinə müsbət cavab verilməyib. Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Sabiq məmura CM-in 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

50-yaşlı Rasim Quliyev 2001-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində çalışıb. Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. O, icra hakimiyyətinin Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. 2018-ci ilin noyabrında Eldar Əzizov icra başçısı vəzifəsinə təsdiqlənəndən az sonra Quliyev, ümumiyyətlə, bu qurumdan işdən çıxarılıb.

XS
SM
MD
LG