Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Bayden Ağ Evdə Zelenskini qəbul edib


Kollaj: ABŞ və Ukrayna prezidentləri Co Bayden (sağda) və Volodimir Zelenski
Kollaj: ABŞ və Ukrayna prezidentləri Co Bayden (sağda) və Volodimir Zelenski

ABŞ prezidenti ukraynalı həmkarı Volodimir Zelenskini əmin edib ki, Birləşmiş Ştatlar Rusiya təcavüzünə qarşı mübarizədə Kiyevin yanındadır.

ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini əmin edib ki, Birləşmiş Ştatlar Rusiya təcavüzünə qarşı mübarizədə Kiyevin yanındadır.

Bayden bu bəyanatı iki prezidentin sentyabrın 1-də Ağ Evdə keçirilən görüşü zamanı verib:

"Birləşmiş Ştatlar Rusiya təcavüzü ilə üzləşmiş Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiq olaraq qalır və Ukraynanın Avroatlantika canatımını dəstəkləyir. Ölkələrimiz arasında partnyorluq güclənir və gələcəkdə daha güclü olacaq”.

Zelenski Ağ Evə böyük bir gündəliklıə getdiyini demişdi. O bildirmişdi ki, ABŞ prezidenti ilə Ukraynanın təhlükəsizliyi və NATO-ya qoşulmaq niyyəti barədə danışmaq istərdi.

Lakin görüş zamanı Bayden Ukraynanın Şimal alyansına qoşulmaq üçün hələ hazır olmadığını və hələ çox sayda islahatları həyata keçirməli olduğunu deyib. O əlavə edib ki, Rusiya Ukraynanın NATO-ya qoşulmaq perspektivinə qarşıdır.

ABŞ prezidenti bunun əvəzində Ukrayna liderinə ölkəsindəki korrupsiya ilə mübarizə aparmağı və bu istiqamətdə islahatları həyata keçirməyi tövsiyə edib.

Bayden deyib ki, ABŞ Ukraynanın Avropaya tamamilə inteqrasiya olunmasını istəyir.

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində xüsusilə də Rusiya ilə bağları olan oliqarxları hədəfləsə də, Kiyevin islahatları həyata keçirməsinin sürəti Qərb partyorlarını hələki qane etmir.

Zelenski dəstəyə görə təşəkkürünü bildirib

Zelenski Ağ Evdə görüşdən əvvəl ABŞ-ın Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına dəstək verəcəyini və Kiyevin Rusiya tərəfindən dəstəklənən separatçılarla danışıqlarda Vaşinqtonun da işriraka hazır olduğunu bildirəcəyini gözləyirdi.

Hazırda bu danışıqlarda Rusiya ilə yanaşı, Almaniya və Fransa iştirak edirlər, lakin Kiyev ABŞ-ın da bu prosesə qatılmasını arzu edir.

Zelenski ilə Bayden arasında görüşdən bir gün əvvəl ABŞ administrasiyası Ukraynaya əlavə olaraq 60 milyon dollarlıq hərbi yardım göstəriləcəyini bildirmşdi.

ABŞ bundan başqa Ukraynanın müdafiə qabiliyyətinin artırılmasına ildə 400 milyon dollar xərcləyir.

Ukrayna prezidenti görüş zamanı Baydenə bu yardımlara, habelə 2 milyon doza koronaviryus vaksininə görə təşəkkürünü bildirib.

Bayden bildirib ki, o Ukraynaya bir daha səfər etmək istərdi.

***

Zelenskidən Birləşmiş Ştatlara çağırış

Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ştatları Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıları müharibənin həlli üçün sülh danışıqlarında birbaşa iştiraka çağırıb.

Sentyabrın 1-də Ağ evdə Prezident Co Baydenlə görüşəcək Zelenski deyib ki, yeddi ildir davam edən münaqişənin həlli üçün Ukraynaya Qərbin “yalnız sözləri deyil”, hərəkəti lazımdır.

Onun sözlərinə görə, Pentaqon rəhbəri Lloyd Austin gələn həftələrdə Ukraynaya səfər edəcək. ABŞ administrasiyası Kiyevə 60 milyon dollarlıq hərbi yardım tranşı elan edib.

***

Vaşinqton prezident Co Baydenin Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməsi ərəfəsində Kiyevə 60 milyon dollarlıq hərbi yardım təklif edib.

Associated Press agentliyinin verdiyi xəbərə görə Bayden administrasiyası, avqustun 31-də Ukraynaya hərbi yardımın “Rusiyanın sərhəd boyunca artan hərbi fəaliyyətlərinə və başqa təxribatlarına” görə verildiyi barədə Konqresə bildiriş göndərib.

Bildirişdə deyilir ki, hərbi yardım Rusiyanın Ukraynanın sərhədi boyunca qoşun cəmləşdirdiyi bir vaxtda bu ölkəyə mümkün müdaxilənin dəf edilməsi üçün verilir.

Sənəddə bu da qeyd olunur ki, Rusiya təcavüzü təhlükəsi ilə bağlı Ukrayna ordusunun təchizatındakı çatışmazlıqlar təcili qaydada aradan qaldırılmalıdır.

Co Bayden Birləşmiş Ştatlara avqustun 30-da üçgünlük səfərə gəlmiş Zelenskini Ağ Evdə sentyabrın 1-də qəbul edəcək.

Vaşinqton ümid edir ki, bu görüş ABŞ-ın Ukraynanın suverenliyinə verdiyi dəstəyi bir daha nümayiş etdirəcək.

Baydenin habelə Zelenskiyə Ukraynada korrupsiyaya qarşı mübarizəınin gücləndirilməsi üçün təzyiq göstərəcəyi gözlənilir.

Lakin bu da gözlənilir ki, Zelenski Vaşinqtonun Şimal Axını 2 kəmərinin başa çatdırılmasına mane olmamaq qərarı barədə məsələ qaldıracaq.

Zelenski bildirib ki, Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan bu kəmər Rusiyanın yeni güclü geosiyasi silahıdır.

Həssas siyasi məsələ

Tikintisi az qala başa çatmaqda olan kəmər layihəsinin əleyhinə çıxan ölkələr deyirlər ki, Şimal Axını 2 Moskvanın Avropa üzərində təsir gücünü artıracaq.

Bu da qeyd olunur ki, Rusiya Şimal Axını 2 kəməri işə düşdükdən sonra qazın Ukraynadan nəqlini dayandırmaqla Kiyevi milyardlarla dollarlıq tranzit qazancından məhrum edə bilər.

Xəbər verilir ki, ABŞ-ın Ukraynaya hərbi yardımı əsasən Javelin antitank raketlərindən ibarət olacaq.

Ötən mart ayında Pentaqon Ukraynaya 125 milyon dollarlıq hərbi yardım paketini elan etmişdi. Bu yardıma habelə iki zirehli sahil keşiyi kateri daxil idi.

Ukraynaya maliyyə yardımı keçmiş prezident Donald Trampın vaxtında siyasi məsələyə çevrilmişdi.

Demokratlar Trampı Ukraynaya yardımı ləngitməklə Kiyevi prezident Bayden və onun oğlu barəsində korrupsiya ilə bağlı cinayət işi açmağa məcbur etməkdə günahlandırırdılar.

Nüvə əməkdaşlığı

Bu arada Zelenski avqustun 31-də Vaşinqtonda Ukraynanın Energoatom şirkəti ilə ABŞ-ın Westinghouse nüvə elektrik firması arasında danışıqlarda iştirak edib.

Bu görüş zamanı imzalanmış memoranduma görə ABŞ şirkəti Ukraynanın nüvə enerjisi sənayesinin gücləndirilməsinə dəstək verəcək.

Zelenski bu barədə yazdığı tvitdə qeyd edir ki, Ukraynada 5 nüvə stansiyasının tikilməsi 30 milyard dollara başa gələcək.

Hazırda Ukraynanın elektrikə tələbatının yarısını nüvə stansiyaları təchiz edir.

ABŞ Ukraynada fəaliyyət göstərən 15 nüvə stansiyasından 6-sını yanacaqla təmin edir.

XS
SM
MD
LG