Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 03:42

Vəkil generalın oğlundan şikayətçidir


Elçin Sadıqov
Elçin Sadıqov

Vəkil Elçin Sadıqov bugün, sentyabrın 2-də Yasamal rayonun 27-ci Polis Bölməsində həbs olunmuş general Rövşən Əkbərovun oğlu Telman Əkbərovla bağlı ifadə verdiyini bildirib

Vəkil Elçin Sadıqov bugün, sentyabrın 2-də Yasamal rayonun 27-ci Polis Bölməsində həbs olunmuş general Rövşən Əkbərovun oğlu Telman Əkbərovla bağlı ifadə verdiyini bildirib.

Vəkilin dediyinə görə, dünən,sentyabrın 1-də generalın oğlu ona hücum edib.

Bu barədə AzadlıqRadiosuna vəkilin özü danışıb.

Onun sözlərinə görə, insident Bakı Hərbi Məhkəməsinin binasında məhkəmə prosesindən sonra baş verib:

"Mən ölümündə Rövşən Əkbərovun ittiham edildiyi Elçin Əliyevin atası Faday Əliyevin maraqlarını təmsil edirəm. Prosesdən sonra Telman Əkbərov önümü kəsdi. O, məni sağ ayağı ilə vurmağa və yumruq zərbəsi endirməyə çalışdı. Bu məqamda aramıza girən adam onun mənə zərbə endirməsinə imkan vermədi".

Elçin Sadıqov qeyd edib ki, o, insidentlə bağlı Azərbaycan prezidentinə, baş prokurora, Daxili İşlər Nazirliyi və Vəkillər Kollegiyasına müraciət edəndən sonra nazirlik buna reaksiya verib:

"Mən bugün, sentyabrın 2-də yazılı ifadə verdim, istintaq aparılır. Güman edirəm ki, iş ədalətli araşdırılacaq ".

Vəkilin iddiasına qarşı tərəfdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə “Turan” İnformasiya Agentliyinə bildirilib ki, vəkil Elçin Sadıqovun müraciəti ilə bağlı araşdırma aparılır.

Xatırlatma

Rövşən Əkbərov 2001-ci il iyunun 1-də Kiyevdə 1971-ci il doğumlu Elçin Əliyevi qətlə yetirməkdə ittiham olunur.

İddia olunur ki, o, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdəki “Sikora” kafesində yeyib-içəndən sonra onların arasında mübahisə yaranıb. Bu zaman Əkbərovun Əliyevin ürək nahiyəsinə kəsici alətlə zərbə vurduğu iddia edilir.

Generala qarşı cinayət məcəlləsinin 12.1, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 12.1, 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Baş Prokurorluğun məlumatına görə, olaydan 2 il sonra, hələ 2003-cü ildə Ukrayna hüquq-mühafizə orqanları cinayət işinin materiallarını Bakıya göndərib. Amma Azərbaycanda cinayət işi üzrə icraat dayandırılıb:

“Həmin cinayət işi üzrə Hərbi Prokurorluğun və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb”.

2020-ci ildə Baş Prokurorluqda bu iş yenidən araşdırılıb və rəhbərlik icraatın dayandırılması haqda qərarı ləğv edib.

Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq hərəkətlərindən sonra Əkbərov cinayət məsuliyyətinə cəlb olunub.

Rövşən Əkbərov kimdir?

1965-ci il doğumlu Rövşən Əkbərov sözügedən ölüm hadisəsindən sonra – 2002-ci ildə general-leytenant rütbəsinə layiq görülüb.

O, 2011-ci ildə korpus komandiri olub. 2020-ci ildə isə ehtiyata buraxılıb.

Əkbərov 1994-cü ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

XS
SM
MD
LG