Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:17

Axır ki, Azərbaycanda kitab çapı vergidən azad edilə bilər


Kitab
Kitab

Tələb illərdir dilə gətirilir, hökumətdən səs çıxmır

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili mətbuata açıqlamasında bildirib ki, tezliklə Azərbaycanda kitab məhsullarının vergi və gömrük rüsumlarından azad edilməsi məsələsi müzakirə ediləcək. O, rəhbərlik etdiyi komitədə bu məsələnin payız sessiyasında müzakirə olunub qəbul edilməsinin planlaşdırıldığını bildirib. Azərbaycanda kitab və digər çap məhsullarına vergi güzəştlərinin verilməsi artıq uzun müddətdir ki, müzakirə mövzusudur. Bu məsələ vaxtaşırı gündəmə gətirilsə də, hökumət indiyədək bu istiqamətdə addım atmayıb.

Kitab və digər çap məhsullarına vergi dəstəyi dünyanın bir çox ölkəsində mövcud olan praktikadır. Avropa Naşirlər Assosiasiyasının bir müddət öncəki araşdırmasına görə, araşdırma aparılan 80 ölkədən 60-dan çoxunda kitablara ya, ümumiyyətlə, heç bir vergi tətbiq edilmir, ya da güzəştli və aşağı vergi dərəcələri var. Araşdırma çərçivəsinə daxil olan cəmi 17 ölkədə kitablarla bağlı vergi güzəştləri nəzərdə tutulmayıb. Bunlardan da biri elə Azərbaycan olub.

Azərbaycanda kitab bazarının durumu

Rəsmi rəqəmlərə görə, pandemiya məhdudiyyətlərinin tətbiq edildiyi ötən il nəzərə alınmasa, son illər kitab bazarında bəlli canlanma var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə kitabların pərakəndə satış dövriyyəsi 34 milyon manat olub. Ötən il bu göstərici 45 faizə yaxın azalaraq 19 milyon manata enib. Ancaq 2016-cı illə müqayisədə 2020-ci ildəki dövriyyə təxminən 25 faiz artıb.

Cədvəl: Azərbaycanda 2014-2020-ci illərdə kitabların pərakəndə ticarət dövriyyəsi

İl

Pərakəndə ticarət dövriyyəsi (manat)

2020

19 milyon 733 min

2019

34 milyon 77 min

2018

34 milyon 688 min

2017

34 milyon 176 min

2016

27 milyon 412 min

2015

26 milyon 904 min

2014

26 milyon 374 min

Sırf ixtisaslaşmış kitab mağazalarına gəlincə, ötən il həmin mağazalarda 1 milyon 50 min manatlıq kitab satılıb. Pandemiya ilində kitab mağazalarının gəlirində ciddi azalma olub. Biröncəki 2019-cu ildə ölkədəki ixtisaslaşmış kitab mağazalarının dövriyyəsi 2 milyon 719 min manata bərabər idi. Belə artım, əsasən, 2018-ci ildən diqqət çəkmişdi. Həmin il toplam kitab satışı 2.8 dəfə artaraq 1 milyon 376 min manatdan 3 milyon 840 milyon manata yüksəlmişdi. Bu artımları 2018-ci ildə kitab bazarına yeni iri oyunçuların girməsi ilə də əlaqələndirmək olar. Ümumiyyətlə, Azərbaycanda ixtisaslaşmış kitab mağazalarının və mağaza şəbəkələrinin sayı çox deyil, dərslik və test kitablarından başqa digər kitablar, bədii ədəbiyyat nümunələri, əsasən, bu mağazalarda satılır. 2021-ci ilin ilk altı ayında kitab mağazalarında 1 milyon 726 min manatlıq kitab satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artım deməkdir.

Azərbaycanda kitab mağazaları ilə bağlı diqqətçəkən daha bir məqam mağazaların artıq daha böyük kitab ehtiyatlarına sahib olmaları ilə bağlıdır. 2017-ci ilədək kitab mağazalarının mal ehtiyatlarının qalığı 200-300 min manatadək idisə, 2018-ci ildə bu göstərici 1 milyon manatı keçib. Ötən ilin sonunda isə ixtisaslaşmış kitab mağazalarında 2 milyon 230 min manatlıq kitab olub.

Yerli kitab bazarında xaricdən gətirilən nəşrlər də yetərincədir. Azərbaycan dilində nəşr edilən kitab sayının sahə və mövzu baxımından məhdud olması, çap keyfiyyəti, dizayn özəllikləri və digər səbəblərdən oxucular xaricdən kitab sifarişinə yönəlirlər. Kitab sifarişləri ilə yanaşı, artıq kitab mağazalarının vitrinlərində də Anadolu türkcəsi başda olmaqla, rus, ingilis və digər dillərdə çoxsaylı kitablara rast gəlmək olar. Bunu da qeyd etməyə dəyər ki, ölkədə fəaliyyət göstərən bəzi nəşriyyatlar Azərbaycan dilindəki kitabların çapını Türkiyədə də gerçəkləşdirir. Bu, görünür, çapın nisbətən ucuz başa gəlməsindən, rəngayırmanın daha üstün səviyyədə aparılmasından qaynaqlanır. Xaricdən kitab idxalında həmin amili də danmaq olmaz. Deməli, kitab idxalı ilə bağlı gömrük rüsumlarında da güzəştlər edilsə, ölkədəki kitab bazarı daha da canlanar. Bu da var ki Dövlət Gömrük Komitəsi çap məhsullarının idxalını say deyil, çəki üzrə açıqladığından hər il ölkəyə gətirilən kitabların dəqiq sayını demək mümkün deyil.

Kitabxanalarda durum necədir

Son illərdə kitab satışı ilə bağlı bəlli canlanma gözə dəysə də, eyni sözü kitabxana sayı barədə demək olmaz. Müstəqillik illərində Azərbaycanda fəaliyyət göstərən kitabxanaların sayı ardıcıl olaraq azalmaqdadır. Rəsmi rəqəmlərə görə, 1995-ci ildə ölkədə 4 min 794 kitabxana fəaliyyət göstərirdisə, bu say 2005-ci ildə 4 minə, 2015-ci ildə 3 min 242-yə, 2019-cu ildə isə 2 min 927-ə enib. Həmin müddət ərzində kitabxana fondu da azalıb. 1995-ci illə müqayisədə 2019-cu ildə kitabxanalardakı kitab nüsxələrinin sayı 8 milyon ədədə yaxın azalaraq 31 milyon 600 min olub.

XS
SM
MD
LG