Bir sıra tanınmış Qərb xəbər agentliklərinin vebsaytları rusiyapərəst təsir əməliyyatının hədəfinə çevrilib. Vebsaytların şərh bölümlərində ictimai rəyə təsir göstərməyə çalışıblar. Bunu Britaniyada aparılan araşdırma üzə çıxarıb.
Kardif Universitetinin Cinayətkarlıq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatı rusiyapərəst şərhlərə qeyri adi dərəcədə yüksək müsbət reaksiya gəldiyini aşkarlayıb. Bu şərhlər də öz növbəsində rusdilli mediada qabardılır, onların əsasında Qərb ictimai rəyinin Kremlin siyasətini dəstəklədiyi, Qərb hökumətləri və qurumlarından narazı olduğu iddia edilir.
Hazırda davam etdiyi bildirilən əməliyyat 16 ölkədə 32 media orqanını hədəfə alıb. Buraya ABŞ-da “Washington Post” və “Fox News”, Britaniyada “Daily Mail”, “Daily Express” və “The Times” daxildir.
Əməliyyat çoxdan başlanıb
Kardif şərhlərin analizinə apreldə başladığını, bu kampaniyanın isə çoxdan getdiyini bildirir. Məqsəd liberal demokratiyanın iflası, NATO-nun çöküşünə dair Rusiyanın iddialarını dəstəkləməkdir.
Apreldən bəri 250-dək yazının şərh bölümlərində Rusiyaya aid məsələlər haqda, kremlpərəst və antiqərb ruhlu şərhlər aşkarlanıb.
Bəzi yazılarda Qərbdə Rusiyaya, Prezident Vladimir Putinə, konkret siyasətə geniş dəstək verildiyi iddia olunub. Məqalələr Avropada, daha çox Bolqarıstanda dərc olunub, daha sonra Telegram daxil sosial media platformalarında yayılıb.
BBC-nin məlumatına görə, əməliyyat çərçivəsində ABŞ və Britaniyanın Əfqanıstandan çıxışı məsələsindən də istifadəyə cəhd edilib. Hədəfə alınan digər vebsaytlar içində Fransanın “Le Figaro”, Almaniyanın “Die Welt”, İtaliyanın “La Stampa” nəşrləri də var.
Sosial mediadan fərqli olaraq...
Araşdırmaçılar qeyd edirlər ki, Twitter və Facebook kimi sosial media şəbəkələri təsirgöstərmə kampaniyalarını aşkarlamağa daha çox resurs sərf edirlər. Amma ənənəvi media adamların çoxsaylı, yalançı kimliklər yaratmasını dayandırmaq üçün daha az təhlükəsizlik tədbirləri görür. Bunu BBC-yə Cinayətkarlıq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun direktoru deyib.
Birləşmiş Ştatlar Rusiyanı 2016 və 2020-ci illərdə sosial media vasitəsilə seçkilərə təsir göstərməkdə suçlayıb, bir sıra kiberhücumların arxasında rusiyalı hakerlərin durduğunu bildirib. Rusiya isə dezinformasiya əməliyyatları və kiberhücumlarda hər hansı rolunu inkar edir.
Britaniyanın Xarici işlər naziri Dominik Raabın fikrincə, bu araşdırma internetdə Rusiya dövlətinin dəstəklədiyi dezinformasiyanın demokratiyaya hədəsini ortaya qoyub.
“Britaniya yalan yayan Kreml trolları ilə mübarizədə beynəlxalq müttəfiqlərlə sıx işləyir”, – Raab vurğulayıb.