Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:46

Putin Əsədlə görüşündə ‘ad çəkmədən’ ABŞ və Türkiyəni pisləyib


Vladimir Putin (sağda) və Bəşər Əsəd
Vladimir Putin (sağda) və Bəşər Əsəd

Sonuncu dəfə Putinlə Əsəd 2020-ci ilin yanvarında Dəməşqdə görüşüblər. Onlar Rusiyanın Suriyadakı kontingentinin komandanlığında olublar.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildən bəri ilk dəfə olaraq Suriya lideri Bəşər Əsədi Moskvada qəbul edib.

Reuters agentliyi bildirir ki, Putin bu görüş zamanı ABŞ və Türkiyəyə işarə ilə “Suriyada BMT-nin mandatı olmadan qoşun saxlayan” xarici qüvvələri tənqid edib.

Türkiyə qüvvələri hazırda Suriyanın şimal və şimal-qərb ərazilərində yerləşdirilib.

Bu ərazi anti-Əsəd qiyamçıların son bastionudur.

ABŞ qüvvələri kürd qüvvələrinin nəzarətində olan şərq və şimal-şərq ərazilərdə yerləşib.

Rusiya və İran 2015-ci ildə Əsəd rejiminin çökmə ərəfəsində ona həyati dəstək veriblər. Bəşər əl-Əsəd 2011-ci ildən bəri çox az sayda xarici səfərlərdə olub.

Putinin əsas problemi

Putin Moskva görüşü zamanı Əsədə deyib ki, Suriyada əsas problem burada heç bir BMT mandatı olmayan xarici ölkələrin hərbi qüvvələrinin olmasıdır.

Rusiya prezidenti Əsədə bunun “beynəlxalq qanuna aşkar zidd olduğunu” deyib:

“Bu sizin ölkəni birləşdirmək və dirçəlişi istədiyiniz şəkildə həyata keçirmək üçün göstərdiyiniz səylərə əngəl olur…”

Putinin sözlərinə görə Suriya hökuməti ölkənin ərazisi üzərində tam nəzarətə malik olsaydı, bütün bunları daha tez zamanda həll etmək olardı.

Suriya hökuməti ölkədəki Türkiyə və ABŞ qüvvələrini işğalçı hesab edir və bildirir ki, Rusiya və İran qüvvələri ölkəyə dəvət olunublar.

Əsəd Suriyanın nə qədərinə nəzarət edir?

Putin görüş zamanı Əsəd hökumətini tərifləyib və onun ölkə ərazilərinin 90 faizinə nəzarət etdiyini deyib.

Lakin Reuters agentliyi qeyd edir ki, bir sıra başqa mənbələr Əsədin nəzarəti altında olan ərazilərin xeyli az olduğunu göstərirlər.

Məsələn BMT Komissiyasının 14 sentyabr tarixli hesabatına görə bu rəqəm 7-0 faizdir.

Hesabatda bu da deyilir ki, son bir il ərzində Suriyada hökumət qüvvələrinin qanunsuz həbsləri və zorakılığı artıb.

Putin Bəşər əl-Əsədlə görüşündən az sonra COVID-19-a yoluxma təhlükəsinə görə özünütəcridə gedib.

Reuters yazır ki, həm Əsəd, həm də onun arvadı bu ilin əvvəllərində koronavirus yoluxması keçiriblər.

Putin Əsədlə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Suriya lideri Bəşər Əsədlə Moskvada görüşüb. Bu haqda sentyabrın 14-də Kremlin saytında məlumat yerləşdirilib.

Sonuncu dəfə Putinlə Əsəd 2020-ci ilin yanvarında Dəməşqdə görüşüblər. Onlar Rusiyanın Suriyadakı kontingentinin komandanlığında olublar.

Bu ilin aprelində isə iki lider telefon söhbətində koronavirusla birgə mübarizəni və Suriyaya COVID-19-a qarşı Rusiya vaksinlərinin göndərilməsini müzakirə ediblər.

Azərbaycanla İran arasında nə baş verir?
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

"Hökumət ərazinin 90 faizinə nəzarət edir"

“Terrorçulara ciddi, böyük ziyan dəyib, indi sizin rəhbərliyiniz altında Suriya hökuməti ərazinin 90 faizinə nəzarət edir”, – Putin deyib.

Əsəd isə Rusiya və Suriya ordularının “ərazilərin işğaldan azad olunmasında uğur qazandığını” söyləyib.

Rusiya, Suriya və İran Suriya hökumətinin silahlı opponentlərinə “terrorçu” deyir.

Suriya müxalifətçilərinin bildirməsinə görə, son həftələr Rusiya hərbi təyyarələri ölkənin şimal-qərbində üsyançıların sonuncu böyük istehkamı olan İdlib vilayətinə zərbələr endirir.

Ötən həftə cənubdakı Daraa şəhərində üsyançıların əlində olan ərazilər Əsədə sadiq qüvvələr tərəfindən mühasirəyə salınaraq hökumətin nəzarətinə keçib.

10 illik münaqişənin fəsadları

Suriyada 2011-ci ildə başlanmış vətəndaş müharibəsi Bəşər Əsəd rejiminə qarşı üsyana çevrilib. Regionun əsas ölkələrinin, beynəlxalq təşkilatlarının, hərbi-siyasi qruplaşmalarının qatıldığı bu münaqişədə 400 minədək insan öldürülüb, milyonlarla qaçqın yaranıb.

Hökumət qüvvələrini Rusiya və İran, müxalifəti isə Qərb, Türkiyə, Fars Körfəzi ölkələri dəstəkləyir.

Rusiya münaqişəyə 2015-ci ilin sentyabrında qoşulub, ölkənin çox hissəsinə nəzarət edən Əsədə dəstək verib. Ancaq Suriyanın əhəmiyyətli hissələri Əsədin nəzarətindən kənardadır. Ölkənin şimalına və şimal-qərbinə Türkiyə, kürdlərin nəzarətində şərqinə və şimal-şərqinə isə ABŞ-ın dəstəklədiyi qüvvələr yerləşdirilib.

Moskvanın Latakya sahil şəhərində hərbi hava bazası var. Tartus limanında isə donanma kontingenti yerləşir.

Silahlı münaqişədən 10 il sonra Suriya iqtisadiyyatı tənəzzül içindədir. Müharibədən öncə milli valyutanın dollara nisbəti 47-48 idi. Hazırda bu nisbət 4000:1-dir. 13 milyon suriyalının, uşaqların 90 faizinin təcili humanitar yardıma ehtiyacı var.

XS
SM
MD
LG