Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:54

Taksi sürücüsü XİN-də 226 min manatlıq tenderi necə udub


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyində (XİN) keçirilən tenderlərin qalibi olmuş, hesabına yüz minlərlə manat büdcə vəsaiti köçürülmüş şirkətlərin rəhbərləri həmin pulların aqibətindən xəbərsiz olduqlarını deyir. Onlar bildirirlər ki, nə tenderdən xəbərləri olub, nə də şirkətlərin fəaliyyətindən. Bu barədə sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində danışıblar. Məhkəmədə XİN-in İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə və bu idarənin tabeliyindəki Təsərrüfat şöbəsinin keçmiş rəhbəri Səlim Əlizadənin işinə baxılır.

"Ayda 500 manat verilirdi"

Şöhrət Bəyişovun adına olan şirkətlər də bu nazirlikdə tenderin qalibi elan edilib. Amma Bəyişov deyir ki, nəinki tenderdən, ümumiyyətlə, o şirkətlərin necə açılmasından, hansı istiqamətdə fəaliyyət göstərməsindən də xəbəri olmayıb. Sadəcə, şirkətlər onun adına olduğuna görə aylıq pul alıb.

"Rəsmiyyə Qazıyeva adlı tanışım vardı, məndən beş illik etibarnamə almışdı, adıma da beş MMC açmışdı. Mənə deyilmişdi ki, hər şirkətə görə aylıq 100 manat veriləcək. 2017-ci ilin mayından 2018-ci ilin axırına qədər ayda 500 manat verilirdi. Sonra problemlər yarandı – gah gecikdi, gah məbləğ az verildi. Buna görə aramızda narazılıq yarandı", – məhkəmədə şahid qismində dindirilən şirkət rəhbəri belə deyib.

Qazıyevadan şirkətləri geri aldığını vurğulayan şahidin dediklərindən məlum olub ki, o, banka gedərək həmin hesablarda əməliyyat aparılmamasını istəyib. Bir müddət sonra isə vergi orqanlarından zənglər gəlib, ondan vergi borcunu ödəmək tələb olunub: "Rəsmiyyə Qazıyevadan tələb elədim ki, ödəsin. Çünki mən bilmirəm o şirkətlərlə nə iş görülmüşdü. Bir hissəsini o, bir hissəsini özüm axır ödədik, amma yenə də 8000 manat vergi borcu qalıb".

226 min manatdan çox vəsait

Salyanda yaşayan və taksi fəaliyyəti ilə məşğul Zeynal Nağıyev və həyat yoldaşı Sevda Nağıyevanın adına olan şirkətlərin hesabına XİN-in büdcəsindən 226 min manatdan çox vəsait köçürülüb. Amma ər-arvad tenderin necə keçirilməsi haqda məlumatı olmadığını deyir. Bu haqda Zeynal Nağıyevin bacısı oğlu Ramin Hüseynov məhkəmədə danışıb.

Dindirmə zamanı məlum olub ki, Hüseynovun özü də bu şirkətlərin xəzinədarı kimi rəsmiləşdirilib. Dayısının 15 ildir ki, böyrək çatışmazlığından əziyyət çəkdiyini və dializ xəstəsi olduğunu deyən şahidin sözlərinə görə, bu üzdən şirkətin hesabına köçürülən vəsaiti nağdlaşdırmaq ona həvalə edilmişdi.

"800 manatı verginin pulu idi"

Şirkətlərin birinin hesabına 127 min, ikinciyə isə 97 min 546 manat vəsait köçürülüb. Hüseynovun sözlərinə görə, bu vəsaitlər bank hesabından çıxarılıb nağdlaşdırılanda ona 2500 manat pul verilib: "Mən meyvə şirəsi satmaqla məşğulam. Dayım xəstə adamdır, ona deyilmişdi ki, adına şirkət açılır, onlar işlədirlər, köçürülən məbləğin 1 faizi sənə çatacaq, vergisini də özləri ödəyəcək. Beş il əvvəl olardı, bankdan vəsaiti çıxarıb verdim, üstündən 2500 manat qaytardılar. Bunun təxminən 800 manatı verginin pulu idi, qalanı da dayımın qazancı...".

Hüseynov istintaq zamanı ona təqdim olunan şəkillərdən Səlim Əlizadənin fotosunu göstərib. Deyib ki, nağdlaşdırdığı pulları o adama verib. Amma məhkəmədə fərqli danışıb: "And içirəm ki, bu kişi deyildi, səhv eləmirəmsə, Asif adlı adam idi, pulları məndən o aldı...".

69 minlik dəftərxana ləvazimatı

Təqsirləndirilən Əlizadə bildirib ki, XİN-də Asif adlı şəxs vardı, bir müddət öncə vəfat edib.

"Ofis aləmi" mağazasında çalışan Asif Ağayev də XİN-in tenderində qalib elan edilmiş şirkətin rəhbəridir. Onun şirkətinin hesabına nazirlikdən 68 min 840 manat vəsait köçürülüb ki, bu qurum dəftərxana ləvazimatları ilə təmin olunsun: "Səlim müəllim bizim mağazadan dəftərxana malları alırdı, oradan tanıyırdım. Malları bəzən nisyə götürürdü, sonradan pulunu ödəyirdi. Axırıncı dəfə 18 min manatlıq mal almışdı, pulu ödənilməmişdi. Tenderin qalibi olanda hesabımıza vəsait köçürüldü, oradan 18 min manat borcu çıxdıq. O ərəfədə Səlim müəllim dedi ki, nazirin tapşırığı var, tikinti işləri görülməlidir. Buna görə məndən borc istədi. Mən də hesabda qalan pulu ona borc verdim...".

43 min pul nağd verilib

Ağayev istintaq zamanı DTX-da verdiyi ifadəsində isə deyib ki, köçürülən puldan 18 min manatlıq borcu çıxandan sonra yerdə qalan vəsaitin bir hissəsi vergiyə sərf olunub, müəyyən qədər də ona qazanc verilib. 42 min 841 manatını isə nağd şəkildə Əlizadəyə verib. Çünki əvvəlcədən razılaşıblar ki, pul nağdlaşdırılıb geri qaytarılacaq.

Şahid məhkəmədə təsdiqləyib ki, tenderdə iştirak təklifi də Əlizadədən gəlib, hətta rəsmiləşmədən ötrü lazım olan sənədlərin siyahısını da özü göndərib.

Növbəti məhkəmə iclasında XİN-in tenderlərində qalib elan edilən başqa şirkətlərin rəhbərləri və ya vasitəçilik etmiş şəxslər dindiriləcək.

Xatırlatma

Təqsirləndirilən Fərhad Mollazadə XİN-in İşlər İdarəsinə rəhbərlik etməklə yanaşı, həm də Tender Komissiyasının sədri olub.

DTX əməkdaşlarının 2020-ci il iyulun 3-də keçirdiyi əməliyyat nəticəsində həbs olunan Mollazadə və Əlizadə nazirlik üçün dəftərxana ləvazimatları, suvenir, hədiyyələr və s. almaq adıyla 2 milyon 543 min manatlıq yeyintidə ittiham edilir. Onlara qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Onlar özlərini qismən təqsirli bilirlər. Hələlik məhkəmədə dindirilməyiblər. Bildiriblər ki, şahidlər dindiriləndən sonra ifadə verəcəklər.

Təqsirləndirilən sabiq məmurlar istintaq zamanı 2 milyon 543 min manatlıq ziyandan 2 milyon 325 min manatını ödəyiblər. Bu vəsaitin 2 milyon 300 minini Mollazadə, 25 min manatını isə Əlizadə ödəyib.

XS
SM
MD
LG