Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 20:15

İlham Əliyev Baş Assambleyaya: 'Ötən il xəbərdarlıq etmişdim ki…'


Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında əvvəlcədən yazılmış video formatında çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında əvvəlcədən yazılmış video formatında çıxış edib.

AzərTAC prezidentin çıxışını tam mətni ilə dərc edib.

Çıxışına Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəsindən başlayan Əliyev deyib ki, ölkəsində “hər 100 nəfərə istifadə edilmiş vaksin dozalarının həcmi 80 faizdən artıqdır”.

O bildirib ki, ölkədə “COVID-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün təqribən 2.7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edilib”.

Əliyev vurğulayıb ki, hazırda Azərbaycanda pandemiya nəzarət altındadır:

“Azərbaycan bütün bu fəaliyyəti özünün maliyyə resursları hesabına həyata keçirib. Biz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi, 30-dan artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün humanitar və maliyyə yardımı etmişik. Bundan əlavə, dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik”.

Azərbaycanda bəzi müşahidəçilər isə gündəlik 1500-dən yuxarı yoluxmanın aşkarlandığı dönəmdə pandemiyanın nəzarətə alınması iddialarından narahatlıq bildirirlər.

"Peyvənd millətçiliyi"

Əliyev vurğulayıb ki, “Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün daha güclü qlobal həmrəyliyin tərəfdarıdır” və bu istiqamətdə bir çox təşəbbüslər irəli sürüb:

“Azərbaycan dəfələrlə açıq şəkildə peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınması ilə bağlı öz narazılığını ifadə edib. Biz davam edən “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığımızı bir daha vurğulayırıq…”

İlham Əliyev bildirib ki, “cari sessiya çərçivəsində Azərbaycan BMT Baş Assambleyasında eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır”.

Paris İqlim Sazişi barədə

Azərbaycan prezidenti çıxışının böyük bir hissəsini ölkəsinin Qoşulmama Hərəkatındakı fəaliyyətinə və təşkilatın üzvü kimi keçirdiyi tədbirlərə həsr edib.

O daha sonra prezident deyib:

“Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional əlaqələndirmə layihələrinin icrasında fəal iştirak edir və bununla da Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.

İlham Əliyev habelə Azərbaycanın Paris İqlim Sazişi müddəalarını yerinə yetirməsindən söz açıb və bərpa olunan enerji növlərindən danışıb:

“Hazırda ölkənin ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 17 faiz təşkil edir. Hədəfimiz 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. Növbəti 3-4 il ərzində ümumi gücü 700 meqavat təşkil edəcək 3 külək və günəş elektrik stansiyalarının inşasına sərmayə qoyuluşuna dair üç böyük beynəlxalq enerji şirkəti ilə müqavilələr imzalanıb. Layihələrdən biri 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcək…”

Enerji mövzusunu azad olunmuş ərazilərlə bağlayan prezident deyib:

“Mən azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru bu yaxınlarda Yaşıl Enerji Zonası elan etmişəm. Azərbaycanın azad olunmuş ərazilərinin 7200 meqavat günəş enerjisi və 2000 meqavat külək enerjisi olmaqla təsdiq edilmiş bərpa olunan enerji potensialı var”.

BMT, ATƏT və qətnamələr

İlham Əliyev bundan sonra Azərbaycanla Ermənistan arasında 44 günlük müharibədən danışıb:

“Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”.

O deyib ki, Ermənistan son 30 ilə yaxın müddətdə BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamə və qərarlara məhəl qoymayıb:

“BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı. Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var”.

İlham Əliyev çıxışında ATƏT-in Minsk qrupunu da tənqid edib:

“ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər… Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi”.

Ermənistan Azərbaycanı məhkəməyə verib, Azərbaycanın addımı nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

“Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur…”

Ermənistanın keçmiş hökumətlərini tənqid edən İlham Əliyev yeni hökuməti də “qeyri-konstruktiv” yanaşmada ittiham edib:

“Ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışımda mən xəbərdarlıq etmişdim ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir...Bundan üç gün sonra - sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı”.

İlham Əliyev 44 günlük müharibə ərazində Ermənistan silahlı qüvvələrinin Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv atəşə tutmasından danışıb:

“Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu. Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb…”

İlham Əliyev daha sonra Dağlıq Qarabağ münaqişəsinin nəticələri ilə bağlı bir neçə bəyanat verib:

“Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram...”

Ermənistan rəhbərliyi, eləcə də bəzi Qərb rəsmiləri isə Dağlıq Qarabağın statusunun həllini tapmadığını deyir, münaqişənin uzunmüddətli həllindən ötrü ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların bərpasını vacib sayırlar.

İkinci Dünya Müharibəsindən bəri

İlham Əliyev Azərbaycan ərazilərinin işğalı illərində ölkəyə dəyən ziyandan danışıb:

“Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib…Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb...”

Prezident habelə bu illər ərzində Azərbaycanın təbii sərvətlərinin talanmasından, ekologiyaya dağıdıcı ziyan vurulmasından, insan itkilərindən danışıb:

“Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb…”

“Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb…”

İlham Əliyev bəyan edib ki, “beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Azərbaycan prezidenti daha sonra deyib:

“Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”.

İlham Əliyev çıxışının sonunda beynəlxalq icmaya müraciət edib:

“Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

Azərbaycan ötən il hərbi əməliyyatlar və atəşkəs bəyanatı nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG