Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:49

Əliyev Putinlə məqsədlərinin üst-üstə düşdüyünü deyir


İlham Əliyev və Vladimir Putin. Arxiv fotosu
İlham Əliyev və Vladimir Putin. Arxiv fotosu

Əliyev deyib ki, onun təkliflərini Rusiya tərəfi də dəstəkləyib, amma Ermənistan imtina etməklə "faciəvi" səhvə yol verib.

Azərbaycan Rusiyadan yeni silah və hərbi texnika növləri almaq üçün müraciət edib. Bu haqda Prezident İlham Əliyev Rusiyanın "Natsionalyana Oborona" (Milli Müdafiə) jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, Rusiya prezidenti ilə onu çox böyük etimada əsaslanan münasibətlər bağlayır.

"Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür", – Əliyev deyib.

Azərbaycan prezidenti ötən il Ermənistanla 44 günlük müharibəylə bağlı sualları detallı cavablandırıb. Həmin əməliyyatlar nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Əliyev deyib ki, onun təkliflərini Rusiya tərəfi də dəstəkləyib, amma Ermənistan imtina etməklə "faciəvi" səhvə yol verib.

"Azı iki dəfə bu tarixi şansı əldən buraxdılar"

"Əgər o vaxt onlar mənim təklif etdiyim, Rusiya tərəfindən dəstəklənmiş planı qəbul etsəydilər, məğlubiyyət onlar üçün bu dərəcədə alçaldıcı olmazdı, həm bizim tərəfdən, həm də ermənilər tərəfdən minlərlə hərbi qulluqçu sağ qalardı. Yəni, bu insanların ölümündə məhz hərbi əməliyyatlar dövründə azı iki dəfə bu tarixi şansı əldən vermiş Ermənistan rəhbərliyi təqsirkardır", – o deyib.

Prezident Hadrut əməliyyatından ayrıca danışıb. Onun sözlərinə görə, qarşı tərəf həmin istiqamətdən hücumu gözləmirmiş və hücum onlar üçün tamamilə gözlənilməz olub.

"Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qədər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra, əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi", – Əliyev vurğulayıb.

"Ermənistan tərəfi də bunu anladı"

Prezident noyabrın 9-da da bir neçə uğurlu əməliyyat aparıldığını, Şuşanın işğaldan azad olunmasının erməni ordusunu ruhdan saldığını deyib.

"Aydın idi ki, biz Şuşanı götürəndən sonra Laçın dəhlizində olduğumuz şəraitdə işğal altında qalan digər ərazilərin taleyi, əslində, həll edilib, bu, sadəcə, zaman tələb edir və, necə deyərlər, insanların həyatı nahaq yerə yarımçıq qalır. Lakin görünür Ermənistan tərəfi bunu başa düşmüşdü və gec də olsa belə qərar qəbul etdi", – Əliyev deyib.

Prezident işğaldan azad olunmuş ərazilərin bərpası üçün bu il 1.3 milyard dollar nəzərdə tutulduğunu, onun 400 milyon dollarının hələ ayrılmadığını bildirib. Bunu tender prosedurlarının, planlaşdırma və layihələndirmənin gözlənilməsi ilə izah edib.

"Müsbət siqnal yoxdur"

Prezident üçtərəfli işçi qrupun işini avqustun 17-də bərpa etdiyini deyib. "Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur", – Əliyev söyləyib.

Prezident Dağlıq Qarabağın statusunun qaldırılmasını tamamilə perspektivsiz, bunu Ermənistanın indiki kədərli vəziyyəti üçün ziyanlı və təhlükəli sayır.

"Onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik", – prezident söyləyib.

Müharibə bitəndən sonra Ermənistan rəsmiləri Dağlıq Qarabağın statusunun həll olunmadığını deyir, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqları bərpa etməyə çağırırlar.

340 məktəb

Prezident müsahibəsinin sonunda Azərbaycandakı böyük rus icmasından danışıb. O, ölkədə rus dilində 340 məktəbin, dövlət ali məktəblərində rus dili fakültələrinin olduğunu, on minlərlə tələbə və şagirdin rus dilində təhsil aldığını vurğulayıb. "Mən bunu da bizim dövlətlərarası münasibətlərin mühüm amili hesab edirəm", – o deyib.

Amma tənqidçilər dövlətin rus dilində təhsili maliyyələşdirməsini düzgün saymırlar.

Müsahibənin azərbaycanca tam mətnini buradan oxuya bilərsiniz

XS
SM
MD
LG