Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:51

Azərbaycanla İran arasında iqtisadi əlaqələr nə yerdədir?


Astara gömrük-sərhəd keçid məntəqəsi
Astara gömrük-sərhəd keçid məntəqəsi

Son zamanlar Azərbaycanla İran arasında siyasi və diplomatik baxımdan bəlli gərginlik gözə çarpır. Azərbaycan tərəfi İrana məxsus avtomobillərin Qarabağa qanunsuz səfərlərini İranın nəzərinə çatdıraraq öz nəzarətində olan Gorus-Qafan yolunda sərhəd keçid məntəqəsi qurub. Beləcə, İranın yükdaşıyan avtomobilləri yoxlanmağa və onlara vergi tətbiq edilməyə başlanıb. Ardınca İran din xadimlərinin Azərbaycana qarşı tənqidləri səslənib və təxminən eyni günlərdə İran hərbi qüvvələri Azərbaycanla sərhəd ərazidə geniş hərbi təlimlərə başlayıb. Bu müddət ərzində prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri arasında bir neçə görüş baş tutub və nəhayət, bugünlərdə İranın xarici işlər nazirinin müavini Bakıya səfər edib. Bütün bunlar təbii bir sual da doğurub: Baş verənlər Azərbaycanla İran arasında iqtisadi əlaqələrə necə təsir göstərib?

İrandan Ermənistana yük daşıyan iranlı sürücülər azərbaycanca danışdılar
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Qonşu ölkələr arasında ən az ticarət dövriyyəsi İranladır

Dövlət Statistika Komitəsinin Azərbaycanın xarici ticarət dövriyyəsi ilə bağlı göstəricilərindən bilinir ki, ötən il Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 339 milyon dollar olub. İqtisadi fəaliyyətin pandemiyadan zərər çəkmədiyi 2019-cu ildə isə bu göstərici 494 milyon dollara yaxın idi. Azərbaycanla İran arasındakı ticarət dövriyyəsində 2018-ci ildən bəri ciddi artım gözə çarpır. Belə ki, 2009-2017-ci illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi illik ortalama 228 milyon dollar səviyyəsində olsa da, 2018-ci ildə 446 milyon dollara yüksəlib. Ancaq onu da qeyd etmək lazımdır ki, son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artsa da, Ermənistan nəzərə alınmasa, Azərbaycanın quru sərhədi olan ölkələr arasında ən az ticarət dövriyyəsinə malik olduğu ölkə İrandır. Ötən il Azərbaycanın toplam xarici ticarət dövriyyəsi 20 milyard 363 milyon dollar olub. Bu o deməkdir ki, Azərbaycanın İranla ticarət dövriyyəsi ölkənin toplam ticarət həcminin cəmi 1.7 faizidir. Bütövlükdə Azərbaycanın ticarət əlaqələri saxladığı ölkələr arasında ticarət dövriyyəsinin həcminə görə İran 15-ci yerdədir.

Cədvəl: 2020-ci ildə Azərbaycanın quru sərhədi olduğu ölkələrlə ticarət dövriyyəsi

Ölkə

Ticarət dövriyyəsi (dollarla)

Türkiyə

4 milyard 161 milyon

Rusiya

2 milyard 672 milyon

Gürcüstan

536 milyon

İran

339 milyon

Azərbaycanla İranın ticarətindən, əsasən, İran qazanır

Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanla İran arasındakı ticarət dövriyyəsinin 90 faizə yaxını İranın Azərbaycana ixracından ibarətdir. Bu baxımdan, ikitərəfli ticarət əlaqələrindən qazanclı çıxan, əsasən, İrandır. Ötən ildəki 339 milyon dollarlıq ticarət dövriyyəsinin 301 milyon dolları İranın Azərbaycana, 38 milyon dolları Azərbaycanın İrana ixracından ibarət olub.

İranın Azərbaycana ixrac etdiyi məhsullar arasında ərzaq məhsulları vacib yerə sahibdir. Ancaq Azərbaycanın hansısa məhsulun təminatında İrandan ciddi asılılığını demək olmaz. Azərbaycanın illik 2 milyard dollarlıq ərzaq məhsulu idxalının təxminən 3 faizə yaxını İrandan təmin edilir. 2020-ci ildə İrandan Azərbaycana 23.6 milyon dollar dəyərində kartof, 18.5 milyon dollar dəyərində təzə meyvə və tərəvəz, 2.9 milyon dollar dəyərində çörək və un məmulatı, 3 milyon dollar dəyərində ağartı, 1.5 milyon dollar dəyərində balıq məhsulları və bir sıra digər ərzaq məhsulları – şokolad, çay, düyü, makaron (təxminən 2 milyon dollar dəyərində) gətirilib. İrandan böyük həcimdə idxal olunan digər məhsulların siyahısına müxtəlif polimerlər (35 milyon dollar), müxtəlif növ metallar (9 milyon dollar), ayaqqabılar (5.9 milyon dollar), sintetik yuyucu vasitələr (4.3 milyon dollar) daxildir.

Astara gömrüyündə basabas
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Azərbaycandan xaricə gedən hər üç nəfərdən biri İrana gedir

İranla ticarət əlaqələri özəlliklə Azərbaycanın cənub bölgəsində, İranla sərhədə yaxın yerlərdə yaşayan şəxslər üçün daha önəmlidir. İranda ərzaq qiymətləri Azərbaycanla müqayisədə nisbətən ucuz olduğundan həmin ərazilərdə yaşayan bir çox insan günlük istehlak mallarını əldə etmək üçün sərhədi keçərək İrandan alış-veriş edir. İrana səfərlərin çoxluğu rəsmi rəqəmlərdə də əksini tapır. Belə ki, 2019-cu ildə Azərbaycandan xaricə səfər etmiş 5 milyon 567 min vətəndaşdan 2 milyon 41 mini, yəni bütün səfər edənlərin 37 faizi İrana gedib. Bu o deməkdir ki, 2019-cu ildə ölkədən kənara edilən hər üç səfərdən birinin istiqaməti İran olub. Bu göstərici ilə İran Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi xarici ölkə adını qazanıb.

Ucuz alış-veriş etməklə yanaşı, tibbi xidmətlərlə bağlı İrana gedənlərin də sayı yetərincə çoxdur. Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 2019-cu ildə İrana səfərlərin 30 faizi mağazalara baş çəkmək, 16 faizi dini ziyarət, 13 faizi müalicə, 10 faizi isə qohumlara baş çəkmək məqsədi ilə gerçəkləşib. İrandan Azərbaycana gələnlər də Azərbaycan turizmi üçün yetərincə önəmli istiqamət sayılır. Yenə 2019-cu ilin nəticələrinə əsasən, həmin il Azərbaycana 3 milyon 170 min turist gəlib. Bu turistlərin 29.4 faizi Rusiya, 22.9 faizi Gürcüstan, 10 faizi Türkiyə və 8.1 faizi İran vətəndaşları olub. Deməli, İran Azərbaycana ən çox turist göndərən dördüncü ölkədir.

XS
SM
MD
LG