Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:16

Həmsədrlərlə nələr danışılacaq


Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini və ABŞ-dan olan həmsədri Endrü Şoferi qəbul edir. 12 dekabr 2020
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini və ABŞ-dan olan həmsədri Endrü Şoferi qəbul edir. 12 dekabr 2020

ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənir. Bu barədə sentyabrın 28-də söz açan Rusiya Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ regionuna işgüzar səfərlərin bərpasını Bakı və Yerevanla razılaşdırıblar.

Azərbaycan və Ermənistan bu deyilənlərə, hələlik, reaksiya verməsə də, Prezident İlham Əliyev bu günlər "France-24" televiziya kanalına müsahibəsində ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunub. O, "Siz… baş nazir Paşinyana zəng etməyə hazırsınızmı" sualına cavabda bildirib ki, adətən, Azərbaycan və Ermənistan rəhbərləri arasında təmaslar Minsk qrupu çərçivəsində təşkil olunurdu:

"Həmsədrlər belə bir görüş təklifi ilə çıxış etsələr…"

"Onlar gündəliyi təklif edirdi, onlar görüşləri təşkil edirdi. Mənim prezidentlik təcrübəmdə heç vaxt Ermənistanın hər hansı bir rəhbəri ilə telefon danışığım olmayıb. Yəqin ki, bu yanaşma bunu etmək üçün doğru yol deyil. Lakin Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, əlbəttə, biz buna qarşı çıxmarıq".

İlham Əliyev niyə tez-tez 'Qarabağ münaqişəsi bitib' deyir?
Gözlə

No media source currently available

0:00 0:05:23 0:00

Bu il aprelin 13-də isə dövlət başçısı ADA Universitetində keçirilən konfransda bildirmişdi ki, Azərbaycan həmsədrlərin mövqeyinin nədən ibarət olduğunu bilməlidir: "Onlar Minsk qrupunun gələcək fəaliyyətini necə görürlər? Çünki bu quruma həmsədrlik edən onlardır. Bu da bizim mövqeyimizdir. Münaqişə öz həllini tapdıqdan sonra münaqişənin həllinə kömək etməli olan qrupun fəaliyyətinə yer varmı? Bilmirəm. Eyni zamanda, mən bizə artıq Minsk qrupu lazım deyil, çıxın gedin də deyə bilmirəm…".

Azərbaycan hökuməti dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını qeyd edib. Belə olan halda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri bərpa olunarsa, hansı məsələlər müzakirə ediləcək? Qurumun regionda fəaliyyətinin bərpası Azərbaycana nə vəd edir?

"…Səmərə gözləmək olmaz"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu "Turan"a bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyi 29 il ərzində heç bir müsbət nəticə əldə edilməyib: "Bu qrupunun yaradılması səbəbi Ermənistan-Azərbaycan münaqişəsini dinc yolu ilə həll edilməsindən ibarət idi. Bu müddət ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticəyə gətirib çıxarmadı. Bunun başlıca səbəbi Minsk qrupunun sözügedən münaqişənin predmeti ilə bağlı obyektiv mövqe sərgiləməməsidir".

E.Mirbəşiroğlu
E.Mirbəşiroğlu

Deputatın sözlərinə görə, belə olan halda ATƏT-in Minsk qrupu səmərəli fəaliyyət göstərə bilməzdi. O habelə qeyd edib ki, Minsk qrupunun həmsədri olan üç ölkədən biri – Rusiyanın yaxın vasitəçiliyi ilə ötən il noyabrın 10-da birgə bəyanat imzalanıb: "Rusiya birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini hər zaman vurğulayır. ABŞ və Fransanın mövqeyi isə Azərbaycanın mövqeyi ilə ziddiyyət təşkil edir. Azərbaycan deyir ki, münaqişə artıq mövcud deyil. Amma həm Fransa, həm də ABŞ münaqişənin tənzimlənməsini yenidən ATƏT-in Minsk qrupu platformasına qaytarmaq istəyir, statusdan danışır. Bundan sonra ATƏT-in Minsk qrupunun fəaliyyətindən səmərə gözləmək olmaz".

"Minsk qrupu postmünaqişə təklifləri ilə gələ bilər"

E.Mirbəşiroğlunun fikrincə, Minsk qrupu postmünaqişə təklifləri ilə gələ bilər: "ATƏT-in Minsk qrupu sülh sazişinin bağlanması istiqamətində töhfələr verə bilər. Bunun da başlıca şərtləri ondan ibarətdir ki, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya işləri aparılsın. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəksin".

Ə.Oruclu
Ə.Oruclu

Siyasi şərhçisi Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın bu qurumla bundan sonra əməkdaşlıq edib-etməyəcəyini indidən söyləmək çətindir: "Bu günlər Birləşmiş Millətlər Təşkilatının sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü həmin qrup təşkil edib. Bir tərəfdən biz sözdə eşidirik ki, Minsk qrupu ilə əməkdaşlıq olmayacaq, digər tərəfdən isə onların vasitəçiliyindən istifadə olunur".

"Bütün əlamətlərindən görünür ki…"

Ekspertin fikrincə, Azərbaycana bununla bağlı təzyiqlər var: "Azərbaycan rəhbərliyi isə mövqeyini 180 dərəcə dəyişib demək istəmir ki, biz həmsədrlərlə əməkdaşlığa başlayırıq və yaxud da təzələyirik. Amma bütün əlamətlərindən görünür ki, əməkdaşlıq olacaq".

O da hesab edir ki, status məsələsi heç bir halda müzakirə oluna bilməz: "Amma burada bir sual çıxır ki, status məsələsi müzakirə olunmayacaqsa, onda ATƏT-in Minsk qrupu həmsədrləri formatında müzakirələr, onların vasitəçiliyi nəyə lazımdır? Bunu bir qədər anlamaq çətindir ki, hakimiyyət niyə belə edir? Sözdə bir, əməldə isə başqa addımlar atır".

Qarabağa qayıdan ermənilər yaşayışları haqda danışırlar
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Onun fikrincə, status-kvo dəyişib və ona görə də növbəti 30 illik danışıqlar prosesinə ehtiyac yoxdur: "Azərbaycan heç bir status məsələsini müzakirə etmək istəmir və etməyəcək. Bu halda ATƏT-in Minsk qrupuna ehtiyac qalmır. Azərbaycan hakimiyyəti düşünürsə ki, Minsk qrupunu cəlb etməklə münaqişəni Rusiyanın nəzarətindən qismən çıxarmaq olar, bu, yanlış yanaşmadır. Çünki, gec-tez, onlar yenə status məsələsinin müzakirəsinə qayıtmağa təklif edəcəklər".

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı danışıqlara uzun illər ATƏT-in Minsk qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Fransa qurumda həmsədrdir. 2020-ci il, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG