Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:56

İranlı dissident musiqiçidən 'Tanrıların çevrilişi'


Mehdi Rəcəbian və Hüseyn Rəcəbian
Mehdi Rəcəbian və Hüseyn Rəcəbian

İranlı dissident musiqiçi Mehdi Rəcəbian Tehran rejimi tərəfindən həbs edilib, təqib olunub, qara siyahıya salınıb. Rejim onun musiqisini qəbul etmir. Bütün bunlara baxmayaraq, 31-yaşlı musiqiçi yeni albom buraxır və bu albomun onun sonuncu etirazı ola biləcəyi haqda xəbərdarlıq edir.

"Qanunsuz musiqi"

Rəcəbian bundan əvvəlki albomunu həbsdə yazıb. "Qanunsuz musiqi" yazdığı üçün ona altı il həbs cəzası verilmişdi. Xüsusilə də bəstəkarın öz musiqilərində qadın səsindən istifadə etməsi İran rəsmilərinin xoşuna gəlmir.

Rəcəbian və qardaşı Hüseyn 2016-cı ildə həbsdə aclıq aksiyası keçirmişdi. Nəticədə Rəcəbiana daxili qanaxma səbəbindən xəstəxana müalicəsi lazım olmuşdu. O, ümumilikdə 15 kiloqram çəki itirmiş, bütün bədənində əzələlər şişmişdi.

"Mən ölümü gördüm. Bədənimdəki bütün əzələlər şişkin və zəifdir. Bu səbəbdən instrumental albom üçün çala bilmədim. Sadəcə, bəstələyib aranjeman etmişəm. Yenidən həbsxanaya qayıtsam, geriyə dönüş olmaya bilər", – Rəcəbian Tehrandan tez-tez kəsilən internet vasitəsilə "Newsweek" jurnalına verdiyi müsahibədə deyib.

"Musiqi dilim kimidir"

"Tanrıların çevrilişi" adlı sonuncu albom amerikalı prodüser, "Grammy" mükafatlarını təqdim edən Səsyazma Akademiyasının indiki prezidenti Harvi Meysonun dəstəyi ilə sentyabrın 17-də çıxıb. Rəcəbian ümid edir ki, albomun buraxılışı ona Səsyazma Akademiyası və "Grammy" mükafatının dəstəyini qazandıracaq platforma olacaq.

Rəcəbianın sözlərinə görə, albomun fəlsəfəsi gələcəyə baxmaq və onu proqnozlaşdırmaqla bağlıdır. Albomun üz qabığında qəbir və yoxsulluqdan arıqlamış kişi şəkli var. Rəcəbian deyir ki, həbsxana həyatının psixoloji yaraları hələ də qalır: "Təkadamlıq kamera ruhumu öldürdü… Musiqi mənim silahımdır. Musiqi dilim kimidir. Mən hər şeyi musiqi vasitəsilə deyirəm… Mən danışmalıyam, çünki bu vəziyyətdə sükut xəyanətdir".

"Tanrıların çevrilişi” həbsxanadan kənarda yazılıb. Ancaq Rəcəbian ötən il əliqandallı məhkəməyə aparılıb və ona bu layihə üzərində işi dayandırmaq əmr edilib.

Şərti cəza

O, hələ də üç illik şərti cəzasını çəkməkdədir. Bu isə o deməkdir ki, hökumət hələ də onu istədiyi vaxt həbsə qaytara bilər. Rəcəbianın İranda işləməsinə qadağa qoyulub. Digər musiqiçilər də onunla işləməyə qorxurlar.

"Bu qadağa və İrandakı studiyaların əməkdaşlıq etməməsinə görə mən doqquz aydan çox nəmişlik zirzəmidə bu layihəni bitirməyə çalışdım. Mən həyatda olduğumu, musiqinin azadlığını dayandıra biləcək heç bir qüvvənin olmadığını demək üçün musiqi yazdım", – o deyir.

Rəcəbian son illərdə həbsə qaytarılmaq təhlükəsinə rəğmən musiqi yazmağa davam edib. Ancaq o deyir ki, təcrid olunması onun musiqi yazmasına birdəfəlik son qoya bilər: "Bu qadağaya görə öz musiqi ideyalarımı düz-əməlli icra edə bilmirəm… Ofisim və şirkətim müsadirə olunub, özümsə həmişə evdəyəm. Qərb musiqiçiləri ilə işləməyə gəlirim olmadığından ideyalarım ölür. İşin satışa çıxarılmır, konsertlərin qadağandır, özünsə İranı tərk edə bilmirsən".

İranın mühafizəkar yeni prezidenti İbrahim Rəisi məhkəmə sisteminin keçmiş rəisidir. İslam inqilabından sonra nümayişkaranə kütləvi edamlar həyata keçirdiyi üçün "Qəssab" ləqəbini qazanıb.

Qadınlara hədiyyə edəcək

Mühafizəkar ideoloq olan Rəisini Ali dini lider Ayətulla Əli Xameneyi və ölkə mühafizəkarları dəstəkləyir. Rejim əvvəllər də fərqli düşüncəni tərəddüdsüz zorakılıqla boğub. Rəisinin hakimiyyəti dövründə bunun dəyişəcəyini düşünmək tamamilə əsassızdır.

Rəcəbian deyir ki, İranda musiqi işində neytrallıq yoxdur: "Burada hər şeyin siyasətlə əlaqəsi olmalıdır. Məsələn, mənim musiqimdə qadın oxuyur. Bu niyə qadağandır ki?".

Rəcəbianın həm musiqisi, həm də üzləşdiyi təzyiq dünyanın nüfuzlu media qurumları tərəfindən işıqlandırılır. Ancaq Rəcəbian "Tanrıların çevrilişi” albomunun işıq üzü görməsinin onun musiqisini yeni auditoriyalara çatdıracağına ümid edir.

Bəstəkar bu alboma görə mükafat əldə edərsə, onu on illərlə səslərini dünyaya çatdırmağa çətinlik çəkən İran qadınlarına hədiyyə edəcəyini deyir. Ancaq o, həm də bu albomun ciddi bir uğur qazanmayacağı halda musiqi yazmağı dayandırmaq qərarına gəlib.

XS
SM
MD
LG