Son 4 ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tikinti obyektlərində 7 min 848 nəfəri yoxlayıb. Onlardan 1 min 426 nəfərinin əmək və ya xidməti müqavilə olmadan işə cəlb edildiyinin aşkarlandığı bildirilir.
Bu barədə qurumun açıqlamasında yazılıb. Orada vurğulanıb ki, bununla bağlı ümumilikdə 1 milyon 900 min manat cərimə və sanksiya tətbiq edilib.
Ekspertlər isə qeyd edir ki, əmək müqaviləsinin bağlanmasından imtina halları yalnız tikinti sektorunda deyil, digər sahələrdə də geniş yayılıb.
2 ilə 208 min…
İqtisadiyyat Nazirliyindən "Turan"a bildirilib ki, 2021-ci il avqustun 1-nə qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 748 min 309 təşkil edib. Bu da, vurğulandığına görə, əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208.4 min nəfər çoxdur: "Nəticə etibarilə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur. Bu da əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir".
"Ciddi cərimə mövcuddur"
Qurumdan vurğulanıb ki, əmək müqaviləsini bağlamaq hər bir şəxsin hüququ və işəgötürənin vəzifəsidir: "Vergi qanunvericiliyinə görə, əmək müqaviləsi bağlamayan işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə hər bir şəxs üzrə 2000, ikinci dəfə 4000, daha çox yol verdikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq edilir".
"Cərimələrlə mümkün deyil"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda iş yerlərinin "ağardılmasına" böyük ehtiyac var: "Bununla bağlı hökumət bir neçə ildir ki, müəyyən addımları atmağa çalışır. Amma inzibati yollarla və yaxud da cərimələrlə məsələnin həllinə nail olmaq mümkün deyil. Elə etmək lazımdır ki, həm işəgötürənlər, həm də işçilər üçün rəsmi müqavilə ilə çalışmaq sərfəli olsun".
Onun sözlərinə görə, hazırda çox yüksək sosial müdafiə ödənişləri mövcuddur, onlar işəgötürən və işçilər üçün əlavə maliyyə yükü yaradır: "Bu səbəbdən özəl sektorda çox zamanda da işəgötürənlə işçi arasında sövdələşmə olur – ya çox az maaş rəsmiləşdirilir, ya da, ümumiyyətlə, heç bir rəsmiləşdirmə olmadan fəaliyyət göstərməyə cəhd edilir".
"Türkiyədə yarısını dövlət üzərinə götürüb"
İqtisadçı hesab edir ki, burada həm dövlət, həm də iş adamları və vətəndaşlar məmnun qalmalıdır: "Hazırda bu, mümkün deyil deyə, qeyri-rəsmi iş yerlərin yaranması geniş hal alır. Dövlət elə oyun qaydalarını təklif etməlidir ki, tərəflərə sərfəli olsun. Məsələn, Türkiyədə Sosial Müdafiə Fonduna ödənişlərin yarısını dövlət öz üzərinə götürüb".
"Azərbaycanda ən azı 1 milyon insan…"
N.Cəfərli xatırladır ki, Azərbaycanda 5.7 milyona yaxın əməkqabiliyyətli əhali var, rəsmi açıqlamaya görə isə, onlardan cəmi 1.6 milyonu muzdla çalışır: "4 milyona yaxın əhalinin isə harada çalışması ilə bağlı problemlər ortaya çıxır. Bunların 600 mindən bir az çoxu VÖEN ilə çalışanlardır. Təqribən 1.7 milyon şəxs isə aqrar sektorda çalışan kimi dövlət qeydiyyatındadır. Yarım milyona yaxın insanı isə özünüməşğulluq proqramı çərçivəsində qeydiyyata alıblar. Amma bu rəqəmlər həqiqəti əks etdirmir. Reallıq isə odur ki, Azərbaycanda ən azı 1 milyon insan qeydiyyatı olmadan çalışır".
O vurğulayıb ki, vətəndaş ödədiyi vəsaitin təqaüd şəklində ona qayıdacağına inanmır.