Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:54

Avropada Azərbaycan qazının taleyi niyə hələ qeyri-müəyyəndir? (Video)


Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Avropada qaz böhranı. Azərbaycan satışı artırırmı?

Amma SOCAR-ın mətbuat xidmətinin rəhbəri AzadlıqRadiosuna deyib ki,  Azərbaycanın TAP-a qaz təchizatı ilə bağlı  problemi olmamalıdır

Avropanın qaza tələbatı artıqca Azərbaycan ümid edir ki, bu bazarda daha çox paya sahib olacaq. Belə ki, bu payız Avropa İttifaqında qaza olan tələbat son iki onillikdə ən yüksək həddə çatıb.

CNBC -nin məlumatina görə, son 25 ildə ən yüksək həddə çatıb, qazın qiyməti isə tarixində ilk dəfə hər min kubmetri üçün min dolları keçib.

Ekspertlər bunu pandemiyanın ardınca iqtisadiyyatın dirçəlməsi və tələbatın artması ilə yanaşı həm də təchizatın azalması ilə izah edirlər. Üstəlik ötənilki qışın sərtliyi Avropanın terminallarını boş qoyub.

Belə bir şəraitdə Rusiyadan gələn qazın da həcmləri azalıb.

Bu ilin yanvarından Avropada qazının iki faizini təchiz edən TAP layihəsi isə Avropaya qaz idxalını artırmaq məqsədilə bazar testi elan edib.

TAP-ın üç təklif variantı

TAP – Trans-Adriatik Boru Kəməri - Cənub Qaz dəhlizinin tərkib hissəsidir, Rusiya qazına alternativ kimi nəzərdə tutulub. Kəmər Azərbaycanın Şahdəniz 2 yatağından çıxacaq qazı Türkiyədən İtaliyaya, ordan da Avropaya çıxarır.

Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR TAP-da 20 faiz paya malikdir.

Vaşinqtonda yerləşən Qlobal Enerji Mərkəzində çalışan təhlilçi Daniel Steyn Atlantic Council analiyik mərkəzinin saytında yazır ki, TAP bu ilin iyulunda təbii qazı artırmaq üçün 3 variant təklif edib:

“Bunlardan biri qazın həcmini 4,4, digəri 7,1, üçüncüsü isə 10 milyard kubmetr artırmaq idi. Amma heç kim bu təkliflərlə maraqlanmadı. Bu da təəccüblü deyl. Belə ki, əlavə qaz mənbəyi sual olaraq qalır. Azərbaycanın özünün daxildə qaza tələbatı artır. Başqa bir məsələ odur ki, Avropanın qaza olan tələbatı hazırda artsa belə, tələbatın uzun müddət davam edəcəyi sual altındadır, çünki Avropada iqlim dəyişikliyi baş verir, qaza tələbatı proqnozlaşdırmaq olmur, Avropa alıcılarının uzunmüddətli qaz müqaviləsi imzalaması şübhəlidir”.

SOCAR narahat deyil?

Amma Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov AzadlıqRadiosuna deyir ki, Azərbaycanın TAP-a qaz təchizatı ilə bağlı problemi olmamalıdır. Belə ki, ölkənin qaz potensialı ümumən 2,6 trilyon kubmetr kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Azərbaycanın yerli ehtiyacı ildə 11 milyard kubmetrdir və qarşıdakı illərdə bir qədər arta bilər, amma İbrahim Əhmədov deyir ki, Azərbaycanın bu tələbatı ödəmək imkanı var. SOCAR rəsmisi bildirir ki, Avropa alıcıları maraqlanarsa, Azərbaycan TAP-ın hazırkı illik 10 milyard kubmetr təchizatını ikiqat artıra bilər:

“Hazırda elə planlaşdırılıb ki, 10 milyard Azərbaycan qazı olacaq. Bizim hasilatımız təbii olaraq bir neçə ildən sonra azala bilər. Və ya ola bilər ki, qazı başqa istiqamətlərə istifadə edək. Ola bilsin ki, daxildə qaz kimya sənayesinə daha çox lazım olacaq. Qarşımızda müxtəlif variantlar var. Ona görə də şərt deyil ki, bu ötürücü gücün bütün hamısı Azərbaycan qazı ilə dolsun. Mümkündür ki, başqa ölkələrin qazı da orda olsun. Belə olan halda da bizimçün qazancdır”.

Avropa Azərbaycandan nə qədər qaz alacağını hələ bilmir

Mərkəzi Brüsseldə yerləşən Avropa Araşdırmalar İnstitutu – EPC-nin araşdırmaçısı Marko Gyuli isə AzadlıqRadiosuna deyir ki, Avropanın TAP-dan daha çox qaz alması məsələsi hələ ki, tamamilə qeyri-müəyyəndir:

“TAP -ın yenə bazar testi keçirəcəyi gözlənilir. Ortada qeyri-müəyyənlik var. Heç kim bilmir ki, proseslər hara doğru gedir. Bu enib-qalxmalar sabitləşəcək, yoxsa elə qalxıb-enmə yeni norma olacaq. Hesab edirəm ki, elə bu enib-qalxmalar TAP-ın bazar testinə də təsirsiz ötüşməyib. Amma ümumən Avropa alıcıları qərar verərkən bir neçə faktoru nəzərdən keçirirlər”.

Məişət qazı, Azərbaycanın neftdən sonra xaricə satmağa ümid etdiyi əsas məhsuldur, belə ki, son 10 ildə ölkənin neft hasilatı təbii səbəblərdən iki dəfəyə qədər azalıb.

Azərbaycan qazının əsas alıcılarından olan Avropa İttifaqı ölkələri ehtiyacı artıdığını söyləsə də, hələlik Azərbaycandan nə qədər artıq qaz alıb-almayacağını müəyyənləşdirməyib.

Azərbaycan rəsmiləri isə deyirlər ki, ehtiyac yaransa, qarşıdakı qış mövsümünə Azərbycan təbii qaz təchizatını artıra bilər, bunun üçün qiymətlər və şərtlər yenidən müzakirə edilməlidir.

XS
SM
MD
LG