Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:30

Dini inanc, deyəsən, yoxsulluğun yükünü azaldır


Gəlinən nəticə budur ki, din insanları yoxsulluğun, ən azı, bəzi xoşagəlməz təsirlərindən qoruyur.
Gəlinən nəticə budur ki, din insanları yoxsulluğun, ən azı, bəzi xoşagəlməz təsirlərindən qoruyur.

"Din əzilən varlığın ahı, kütlənin tiryəkidir". Bu sözləri Karl Marks 1844-cü ildə dilə gətirib. Bu deyimin anlamı dinin yoxsullara bu dünyada çəkəcəyi əzab-əziyyət və yaşayacağı əsarət yerinə o biri dünyada hər cür mükafat sözü verməsidir.

Almaniyada Manheym Universitetinin mütəxəssisi Yana Berkessel və həmkarlarının "Proceedings of the National Academy of Sciences" dərgisində dərc etdirdiyi məqalə həmin iddiaya statistik baxışı incələyən araşdırma haqdadır. Araşdırıcılar aşağı sosioiqtisadi statusun mental sağlamlığa pis təsir göstərdiyini bilirlər. İlk ağla gələn düşüncə odur ki, ərazi zənginləşdikcə bu effekt zəifləməlidir. Zəngin ölkədə yoxsul olmaq yoxsul ölkədə yoxsul olmaqdan daha yaxşı sayılırdı.

Di gəl, "The Economist"in məqaləsində deyilir ki, bunun doğru olmadığı üzə çıxıb. Əldə olunan dəlillər göstərir ki, insanların sosioiqtisadi statusu ilə mental sağlamlığı arasındakı bağlantı zəngin ölkələrdə yoxsul ölkələrdəkindən daha güclüdür. Dinin psixoloji təsirlərini öyrənən Berkessel, eyni zamanda, iqtisadi inkişafın dinə meyllə tərs mütənasib olduğunu görüb.

"Ölkə zənginləşdikcə daha da dinsizləşir"

Başqa sözlə, ölkə zənginləşdikcə daha da dinsizləşir. Baş verən dəyişikliyin hərəkətverici qüvvəsi bəlkə də elə budur?

Bunu yoxlamaqdan ötrü Berkessel və həmkarları 156 ölkədə 3.3 milyon insanı əhatə edən üç sorğunu təhlil ediblər. Bu məlumat dəsti iqtisadi inkişafın mental sağlamlıqla iqtisadi status arasındakı əlaqəni gücləndirdiyi haqda tapıntıları bir daha təsdiqləyib və, eyni zamanda, dindarlığın bu effekti zəiflədə biləcəyi düşüncəsini dəstəkləyib. Məsələn, daha çox insanın özünü dindar saydığı zəngin ölkələrdə sosioiqtisadi statusla mental sağlamlıq arasındakı bağlantının daha zəif olduğu üzə çıxıb.

Bu nəzəriyyəni təsdiqləyən başqa tapıntılar da var. 11 zəngin Avropa ölkəsini əhatə edən bir araşdırma şəxsi gəlir və rifahın dindar olmayan ölkələrdə daha güclü olduğunu üzə çıxarıb.

"Şeytanabənzər insan düşünür ki…"

Gəlinən nəticə budur ki, din insanları yoxsulluğun, ən azı, bəzi xoşagəlməz təsirlərindən qoruyur, amma bunun necə gerçəkləşdirildiyi açıqlanmır. Hipotezlərdən biri dini doktrinanın birbaşa qoruyucu olmasına dairdir. Burası var ki dünyanın əksər böyük dinləri sərvətə skeptik yanaşır. "İncil" qissələrində də bunu görmək olur, lap hinduizmin müqəddəs kitablarından sayılan "Bhaqavadqita"da da. Orda deyilir: "Şeytanabənzər insan düşünür: mənim bugün filan qədər sərvətim var və mən bundan da artığını qazanacağam". Buna bənzər yanaşmanı "Quran" qissələrində və buddist mətnlərində də görmək mümkündür. Ruhu korlanmış, xəbis zənginlərin qiyamət günü cəzalanacağı haqda fikirlərin fonunda yoxsul olmağın yükü daha çəkiləsi görünür.

Berkessel mütəşəkkil dinin sosial dəstək şəbəkəsi yaratdığını da qeyd edir. Belə şəbəkə sosioiqtisadi statusu aşağı olanlara yoxsulluğun təsirlərini bir qədər yüngülləşdirməyə yardımçı olur. İcma üzvləri müqəddəs kitabda sərvətə dair deyilənlərə inansa, ya inanmasa da, bu müsbət təsir gerçəkləşə bilər. Berkessel sonrakı araşdırmasında elə bu məqamı araşdıracağını söyləyib.

Tutalım, din gerçəkdən yoxsulluq yükünü yüngülləşdirməyə kömək edir. Bəs görəsən, bu bilgidən necə yararlanmaq olar? Axı hər necə olsa da, dünya davamlı olaraq zənginləşir. Bu isə o deməkdir ki, nisbi yoxsulluğun təsirləri get-gedə sərtləşəcək. Məqalə Roma stoik filosofu Senekanın bu deyimiylə bitir: "Adi insanlar dini gerçək sayırlar, müdrik insanlar yalan, hökmdarlarsa faydalı".

XS
SM
MD
LG