Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:36

ABŞ Türkiyəyə F-35 yerinə F-16 təklif edir


F-16 təyyarəsi
F-16 təyyarəsi

Türkiyə F-35 proqramına sərmayənin qarşılığını istəyir və bu məsələ üzrə danışıqlar gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Birləşmiş Ştatlar onun ölkəsinin F-35 proqramına yatırımının qarşılığında F-16 qırıcıları satmağı təklif edib.

“Reuters” bu ayın əvvəlində xəbər verirdi ki, Türkiyə Birləşmiş Ştatlardan 40 “Lockheed Martin” istehsalı F-16 qırıcısı və mövcud hərbi təyyarələri üçün 80-ə yaxın modernizasiya dəsti istəyib.

Qərbi Afrikaya səfərə yollanan Ərdoğanın jurnalistlərə dediyinə görə, Türkiyə F-35 proqramına sərmayənin qarşılığını istəyir və bu məsələ üzrə danışıqlar gedir.

Ya pulu qaytarsın, ya da...

“Biz F-35-lər üçün 1.4 milyard dollar ödəniş etmişik və ABŞ bu ödənişlərin əvəzində belə bir təklif irəli sürüb”, – deyən Ərdoğan bununla bağlı ölkənin müdafiə ehtiyacları üçün gərəkən addımlar atmağa hazır olduqlarını dilə gətirib.

O, yeni F-16 qırıcılarının ölkənin hava donanmasını inkişaf etdirəcəyini söyləyib.

Ankara “Lockheed Martin Corp.” istehsalı olan 100-dən çox F-35 qırıcısı sifariş etmişdi. Ancaq 2019-cu ildə Rusiyadan S-400 havadan müdafiə sistemləri alandan sonra ABŞ Ankaranı bu proqramdan çıxardı.

Ərdoğan Bayden administrasiyasına təzyiq göstərirdi ki, ya ordusu üçün hazırlanmış iki F-35-i versin, ya da 1.4 milyard dolları qaytarsın.

Türkiyənin 200-dən çox F-16 qırıcısının istismar müddəti 2035-ci ilədək bitir. 100-ə yaxın təyyarəyə yenilənmə lazımdır.

Gərginlik

Son beş ildə bu iki NATO müttəfiqinin münasibətləri Suriya siyasəti, Ankaranın Moskva ilə yaxınlaşması, Aralıq dənizinin şərqində donanma ambisiyaları, Türkiyənin dövlətə məxsus bankına ABŞ-ın ittihamları, Türkiyədə insan haqlarının pozulması səbəbindən gərginləşib.

Ankaranın S-400 sistemləri alması ABŞ-ın sanksiyalarına səbəb olub. 2020-ci ilin dekabrında Vaşinqton Türkiyənin Müdafiə Sənayesi Direktorluğunu və onun başçısı İsmayıl Demiri, üç işçisi ilə birlikdə qara siyahıya salıb.

O vaxtdan ABŞ Türkiyəni dəfələrlə Rusiyadan silah almasıyla bağlı xəbərdarlıq edib. Ərdoğan isə Rusiyadan S-400-lərin ikinci partiyasının alınmasına ehtiyac olduğunu vurğulayıb. Bu addım Vaşinqtonla gərginliyi dərinləşdirə bilər.

Qırıcı təyyarə məsələsinə baxacaq ABŞ Konqresinin Türkiyəyə münasibəti isti deyil. Hər iki partiya Bayden administrasiyasının Ankaraya əlavə təzyiq göstərməsinə çalışır. Ankara isə Bayden dönəmində daha yaxşı əlaqələrin qurulacağına ümid edir.

XS
SM
MD
LG