Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:35

Türkiyədə İsrailə casusluqda şübhəli bilinən 15 nəfər saxlanıb


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) emblemi
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) emblemi

Türkiyə təhlükəsizlik qüvvələri İsrailin Mossad kəşfiyyat idarəsinə casusluq etməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb

Türkiyə təhlükəsizlik qüvvələri İsrailin Mossad kəşfiyyat idarəsinə casusluq etməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb.

Bu barədə məlumatı Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) istinadən Türkiyə, İsrail və Yaxın Şərq mediaları yayıblar.

CNN Türk xəbər verir ki, şübhəlilərin saxlanması əməliyyatında MIT-in 200-dək əməkdaşı iştirak edib.

Əməliyyat Türkiyənin dörd vilayətində keçirilib.

Media xəbərlərinə görə saxlananlardan bəziləri ərəb əsillidir.

Türkiyə hüquq-mühafizə orqanları iddia edir ki, şübhəlilər gələcəkdə müdafiə sənayesində vəzifələr tuta biləcək türk və əcnəbi tələbələr barədə məlumatları Mossada ötürüblər.

CNN Türk Türkiyə xüsusi xidmətlərinə istinadən bildirir ki, şübhəlilərə casusluq fəaliyyətinə görə pullar ödənib.

Türkiyənin ingilisdilli Daily Sabah saytı yazır ki, məsələn şübhəlilərdən birinə Türkiyədəki fələstinlilərin vəziyyətinin öyrənilməsi tapşırılıb.

Bu da iddia olunur ki, şübhəlilərdən bəziləri İsrail kəşfiyyat zabitləri ilə Zaqreb və Sürix kimi yerlərdə görüşüblər.

Daily Sabah şübhəlilərə ödənişlərin kriptovalyuta ilə edildiyini bildirir.

6 şübhəli itkin sayılırdı

Middle East Eye (MEE) saytı isə bildirir ki, saxlananlardan 6-sı bundan əvvəl itkin düşmüş şəxs hesab olunurdu.

İsrailin kəşfiyyat orqanlarına yaxın mənbələrdən biri MEE saytına deyib ki, ola bilsin, şübhəlilər Mossaddan başqa, həm də İsrailin daxili kəşfiyyat orqanı Şin Bet təşkilatına işləyiblər.

Mənbə bildirib ki, İsrail kəşfiyyatını gələcəkdə Fələstinin Həməs təşkilatı üçün faydalı ola biləcək tələbələr maraqlandırır.

İsrailin Haaretz qəzeti isə xatırladır ki, Həməs təşkilatının Türkiyədə komanda qərargahı var.

Qəzet yazır ki, son illərdə Türkiyə və İsrail arasında münasibətlər təlatümlü olub.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bir qayda olaraq fələstinlilərin müdafiəçisi kimi çıxış edir və İsraili fələstinlilər üzərinə hücumlarda ittiham edir.

XS
SM
MD
LG