Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:41

Qaribaşvili deyir, Saakaşvilinin 'intihar etmək hüququ var'


İrakli Qaribaşvili (solda) və Mixeil Saakaşvili
İrakli Qaribaşvili (solda) və Mixeil Saakaşvili

Qaribaşvilinin sözlərinə görə, hökumət nə Saakaşvilini vaxtından əvvəl buraxacaq, nə də vətəndaşı olduğu Ukraynaya təhvil veriləcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçmiş prezident Mixeil Saakaşvilinin “intihar etmək hüququ” olduğunu da söyləyib.

“Qanun fərdin intihar etmək hüququ olduğunu deyir. Fərd özünü öldürmək qərarı verirsə, bunu edə bilər... dövlət buna görə məsuliyyət daşıya bilməz”, – o, televiziyaya müsahibəsində deyib.

Oktyabrın 30-da Gürcüstanda bələdiyyə seçkilərinin ikinci raundu keçirilməlidir.

Saakaşvili gürcüstanlıları müxalifətə səs verməyə çağırıb.

Vəkili ilə göndərdiyi məktubunda Saakaşvili yazır ki, “mənim həyatımın davam etməsi bütünlükdə sizin sabahkı qərarınıza, Gürcüstanın qələbəsinə bağlıdır”.

***

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bir aya yaxındır həbsdə aclıq edən keçmiş prezident Mixeil Saakaşvilinin şəxsi klinikaya köçürülməyəcəyini deyib. Onun sözlərinə görə, belə bir addım paytaxt Tbilisidə “xaos” yaradar.

“Saakaşvili tərəfdarları şəxsi klinika yaxınlığına minlərlə insanı toplamağı planlaşdırır. Bu halda biz polis gətirəcək, xüsusi vasitələrdən istifadə edəcəyik, daimi xaos və qarışıqlıq yaranacaq”, – Qaribaşvili oktyabrın 29-da televiziyaya müsahibəsində deyib. O, koronavirus pandemiyasının durumu daha da ağırlaşdıracağını sözlərinə əlavə edib.

“Hökumətimiz dərhal istifadə verməli olacaq”

Qaribaşvilinin sözlərinə görə, hökumət nə Saakaşvilini vaxtından əvvəl buraxacaq, nə də vətəndaşı olduğu Ukraynaya təhvil veriləcək.

“Bunlardan hansını eləsək, hökumətimiz dərhal istifadə verməli olacaq”, – deyən Qaribaşvili belə bir addımın hakimiyyətin “qanunlara hörmətsizliyi” anlamına gələcəyini vurğulayıb.

Saakaşvili oktyabrın 1-də Gürcüstana gələn kimi saxlanıb. Hüquq-mühafizə orqanları onun sərhədi qanunsuz keçdiyini bildirib. 53 yaşlı siyasətçi ittihamları siyasi motivli hesab edir. Keçmiş prezident vəzifədə olduğu müddətdə hakimyyətdən sui-istifadə və digər ittihamlarla 6 il həbsə məhkum edilib.

Həbsdə dərhal aclıq aksiyasına başlayan Saakaşvilinin minlərlə tərəfdarı ona azadlıq tələb edib. Vəkilləri isə onun səhhətinin son günlər pisləşdiyini deyir, yaxşı təchiz olunmuş xəstəxanaya köçürülməsini istəyirlər.

XS
SM
MD
LG