Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:42

Adını eşitmədiyiniz 12 böyük rejissor


Tedoros  Anqelopulos. "Onun kadra nəzarət hissi başqa dünyadandır".
Tedoros  Anqelopulos. "Onun kadra nəzarət hissi başqa dünyadandır".

Elə rejissorlar var ki, biz onları tanımasaq da, adlarını belə eşitməsək də, həyatımıza təsir ediblər. Özləri layiq olduqları ad-sanı qazanmasalar da, hamımızın tanıdığı rejissorlara ilham veriblər.

"No Film School" saytı bu qəbildən olan 12 rejissorun adını çəkir.

625 dəqiqəlik film

Filippinli rejissor və kino tənqidçisi Lav Dias "yavaş kino" cərəyanının əsas nümayəndələrindən biri sayılır. Dias janrlarla bağlı belə deyib: "Janrlarla işləmək ona görə yaxşıdır ki, burada düsturlar var və sən onlarla işləyə bilərsən. Ancaq onları pozmaqda da sərbəstsən". Onun "Evolution of a Filipino Family" adlı filmi düz 625 dəqiqədir!

Polyak rejissoru və yazıçısı Anjey Julavski 2016-cı ildə vəfat etsə də, onun irsi yaradıcılığında yaşamaqdadır. Jułavski çox vaxt öz filmlərində kommersiya meynstriminə qarşı gedib və Avropa arthaus auditoriyası arasında uğur qazanıb. Onun "The Devil" filmi (1972) Polşada qadağan olunubmuş. Rejissor işlərində zorakılıq və emosiyadan çox istifadə etməsi ilə tanınır. Bu filmdə çoxlu ziddiyyətli görüntü və hekayələrin olduğu deyilir.

Deren, Roşa

Kino məktəbində oxuyanlar böyük ehtimalla Maya Derenin "Meshes of the Afternoon" filmini görmüş olurlar. Deren 1940-cı və 1950-ci illərdə avanqard kinosunun pionerlərindən olub. O, həm ssenari yazıb, həm filmlərinin prodüserliyini, rejissorluğunu, montajını edib, həm də bütün filmlərinin operatoru özü olub. Onun operatoru Hella Heyman ona bir qədər kömək edib.

Braziliyalı rejissor, aktyor və ssenarist Qlauber Roşanın işləri, mahiyyət etibarilə, avanqard və eksperimental idi. Onun özü isə yeni dalğanın ilk ilhamverici fiqurlarından biri olub. Onun işlərində çox vaxt üçüncü dünya ölkələrindəki passiv-aqressiv vəziyyəti əks etdirən siyasi çalarlar var. Onun "Black God, White Devil" və "Entranced Earth" filmləri çox vaxt Braziliya kino tarixinin ən böyük nailiyyətləri kimi görülür.

Kadra nəzarət hissi

Yunan rejissoru, ssenaristi və prodüseri Tedoros Anqelopulosun filmləri uzun, mürəkkəb və dəqiqliklə qurulmuş səhnələri ilə tanınır. Martin Skorseze onun bu xüsusiyyəti haqda belə deyib: "…ən kiçik hərəkət, ən kiçik məsafə dəyişikliyi belə filmin və tamaşaçının içinə dalğalar göndərir. Ümumi effekt hipnotik, insanı yerindən oynadan və …emosionaldır. Onun [kadra] nəzarət hissi, demək olar ki, başqa dünyadandır".

Yapon rejissor və video sənətçisi Tosio Matsumotonun ən məşhur filmi "Funeral Parade of Roses" adlanır. 30-dan artıq eksperimental və sənədli film və videoya imza atmış rejissorun digər kinematoqrafçılara təsiri böyükdür.

Şepitko, Oşiman

Sovet kinorejissoru, ssenaristi və aktrisası Larisa Şepitkonun filmləri tənhalıq və təcridin təsviri ilə tanınır. Bu isə onun öz şəxsi təcrübəsi ilə bağlıdır. Atası müharibədə vuruşduğu üçün ailədə ayrılıq və qanqaraçılıq, aclıq və evakuasiya erkən yaşlarından onun yaddaşına həkk olunub. Onun devizi isə belə olub: "Hər filmi sonuncu filminmiş kimi çək".

Yapon kinorejissor və ssenaristi Naqisa Osimanın yaradıcılığı müxtəlifliyinə görə seçilir. Onun "In the Realm of the Senses" adlı filmi 1930-cu illərin Yaponiyasına seksual səyahətdir. İkinci Dünya müharibəsində yaponlara əsir düşən hərbçilər haqda "Merry Christmas, Mr. Lawrence" filmi (1983) isə dünyada çox sevilir. Bu filmdə baş rolun ifaçısı ingilis rok ulduzu Devid Bouidir. Osima 1978-ci ildə "Empire of Passion" filminə görə Kannda ən yaxşı rejissor mükafatına layiq görülüb. Onun filmlərini öyrənənlər onlara siyasət, pornoqrafiya və yapon mədəniyyəti kontekstində baxırlar.

XS
SM
MD
LG