Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:51

Britaniya koronavirusa qarşı həbdən istifadəyə icazə verdi


Həblər təzəcə diaqnoz qoyulmuş xəstəyə gündə iki dəfə içirdilir və onları ev şəraitində də qəbul etmək mümkündür

Britaniya pandemiyaya qarşı mübarizədə həlledici rol oynayacağı gözlənilən həbb şəklində dərman preparatından istifadəyə icazə verən ilk ölkə oldu.

Səhiyyə naziri Sacid Cavid Molnupiravir həblərindən istifadəyə icazə verilməsini ölkə üçün “tarixi gün” və pandemiya ilə mübarizədə “qüvvələr balansını dəyişəcək məqam” adlandırıb.

Sky News yazır ki, Molnupiravir həblərini koronavirus üçün testlərinin nəticəsi müsbət çıxanlar və xəstəliyin ağır formasını keçirmələrinə ən azı bir risk faktoruna malik olanlar qəbul edə bilərlər.

Risk faktoru dedikdə şəxsin piylənməyə meylliyi, diabet və ya ürək xəstəsi olması nəzərdə tutulur. Yaşın 60-dan çox olması da risk faktoru sayılır.

Nəticələri ümid verən sınaqlardan sonra Britaniyanın dərman tənzimləyicisi preparatın təhlükəsiz olduğunu, xəstəliyi ağır keçirmək və ya xəstəxanaya düşmək riskini azaltdığını bəyan edib.

Evdə də qəbul etmək olar

ABŞ-ın Ridgeback Biotherapeutics və Merck Sharp & Dohme (MSD) əczaçılıq firmalarının hazırladığı dərman virusun özünü tirajlaması prosesinə müdaxilə üsulu ilə işləyir.

Dərman COVID-19 virusunun artıb-çıxalmasını ləngitməklə, onun orqanizmdəki kəmiyyətini azaldır və nəticədə xəstəliyin ağır forması baş vermir.

Dərmanın, test nəticəsi müsbət çıxandan sonra mümkün qədər tez, ilk 5 gün ərzində qəbul olunması tələb olunur.

Ötən ay hökumət Molnupiravir həblərinin 480 min kursunun tədarükünü gördüyünü elan edib.

Təcrübələr göstərib ki, dərman yüngül və orta simptomlu adamların xəstəxanaya düşmək və ya ölmək riskini 50 faiz azaldır.

Həblər təzəcə diaqnoz qoyulmuş xəstəyə gündə iki dəfə içirdilir.

Alimlər deyirlər ki, dərman preparatının təsdiqi pandemiya ilə mübarizədə əhəmiyyətli mərhələdir.

Bu həblər ev şəraitində də qəbul edilə bilər.

Ekspertlər bildirirlər ki, preparatdan istifadəyə qışın başlanğıcında icazə verilməsi də son dərəcə əhəmiyyətlidir.

XS
SM
MD
LG