Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Miyatoviçdən 8 tövsiyə: könüllü qayıdış, əsirlər, nifrət çıxışı...


Tərtər şəhəri, 18 oktyabr, 2020-ci il
Tərtər şəhəri, 18 oktyabr, 2020-ci il

Komissar qeyd edir ki, humanitar yardım təşkilatlarının, eləcə də insan haqlarını monitorinq missiyalarının münaqişədən ziyan görmüş ərazilərə çıxışı çox məhduddur

Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç 44 günlük Qarabağ müharibəsinin humanitar və insan haqları fəsadları ilə bağlı memorandum yayıb, insan haqlarının təcili qorunması üçün 8 tövsiyə irəli sürüb. Memorandum noyabrın 8-də – Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə atəşkəs bəyanatının imzalanması ərəfəsində dərc olunub.

Humanitar çıxış, könüllü qayıdış

Komissar qeyd edir ki, humanitar yardım təşkilatlarının, eləcə də insan haqlarını monitorinq missiyalarının münaqişədən ziyan görmüş ərazilərə çıxışı çox məhduddur. Belə missiyalara əngəllər getdikcə artır. Miyatoviçin fikrincə, münaqişədən zərbə görmüş ərazilərə çıxış məsələsi tezliklı həll olunmalıdır. Komissar aidiyyatı orqanları bu çıxışın təmin olunması üçün effektiv və çevik mexanizmlər hazırlamağa, humanitar yardıma, insan haqlarının qorunmasına ehtiyacı olanlara çatımlılığı təmin etməyə çağırır.

Memorandumda deyilir ki, ötənilki münaqişə onminlərlə insanı evindən didərgin salıb, onları 1990-cı illərdə didərgin düşənlərin sırasına qatıb.

“Münaqişə səbəbindən didərgin düşən, hazırda Ermənistanda, ya Azərbaycanda, yaxud münaqişənin təsir göstərdiyi ərazilərdə yaşayanlar birbaşa, yaxud dolayısı ilə keçmiş evlərinə qayıtmağa məcbur edilə bilməzlər”, – deyən komissar qayıdışın könüllü olmasının, təhlükəsiz, ləyaqətlə gerçəkləşdirilməsinin vacibliyini qeyd edir. “Namizədlərin seçimli qayıdışını təmin etməkdən ötrü onlara dəqiq informasiya verilməlidir”, – Miyatoviç bildirir.

Minalar, əsirlər, hərbi cinayətlər

Komissar regionun minalar və partladıcıların qalıqları ilə yüksək səviyyədə çirklənməsindən xəbərdar olduğunu deyir. O, əməliyyatlar dayanandan sonra dinc sakinlər daxil olmaqla xeyli insanın mina partlayışlarında həlak olduğunu, yaxud ciddi xəsarət aldığını bildirir. Miyatoviç tərəfləri ərazilərin minalardan təmizlənməsi üçün əməkdaşlığa, gərəkən data mübadiləsinə çağırır.

O, özəlliklə Azərbaycandakı erməni əsirlər məsələsinin onsuz da gərgin münasibətləri daha da kəskinləşdirdiyini, əsirlikdə olanları beynəlxalq humanitar və insan haqları qanunları çərçivəsində qorumağın, onların buraxılmasının vacibliyini vurğulayır.

Azərbaycan hakimiyyəti müharibə bitəndən sonra öz ərazisində saxlanan erməni hərbçilərini əsir saymır, onların "terrorçu-diversant" olduğunu deyir. Amma həmin şəxslərin bir qismi məhkəmələri bitəndən sonra mina xəritələrinə dəyişdirildi.

Miyatoviç müharibədə itkin düşənlərin ailələrinin yaşantılarına diqqət çəkir, tərəfləri kommunikasiyanı artırmağa, ümimi databaza yaratmağa, meyitlərin qalıqlarınının yerinin müəyyənləşdirilməsi və onların tanınması imkanlarını artırmağa çağırır.

Komissar QHT-lrədən, qurbanlardan və onların ailələrindən münaqişə tərəflərinin ciddi insan haqları pozuntularına yol verməsi, beynəlxalq humanitar hüququ pozmasına dair etibarlı məlumatlar aldığını bildirir. O, ölkələrin beynəlxalq humanitar hüquq və Avropa İnsan Haqları Konvensiyası çərçivəsində hüquqi öhdəliklərini yada salır, hərbi cinayətlər və ciddi insan haqları pozuntuları üçün məsuliyyət daşıyanları cəzalandırmağa çağırır.

Bakıdan və Yerevandan sülhə baxış: Siyasi şərhçilər və ictimai fəallar danışır
Gözlə

No media source currently available

0:00 0:08:53 0:00

Klastr bombaları, nifrət çıxışı

Miyatoviç sıx məskunlaşmış ərazilərin hədəfsiz bombalanması, bunun dinc sakinlər arasında ölüm və ciddi xəsarətlərə səbəb olması xəbərlərindən xüsusi narahatlıq bildirir. O, Ermənistanı və Azərbaycanı klastr bombalarından istifadəni pisləməyə çağırır.

Ancaq həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi müharibə vaxtı klastr bombalarından istifadə etmədiklərini bildiriblər. Beynəlxalq qurumlar isə hər iki tərəfin qadağan olunmuş silahlardan istifadəsinə dair hesabatlar hazırlayıblar.

Komissar hər iki ölkədə ictimai debatın getdikcə toksik, ədavətli, dözümsüz xarakter almasına diqqət çəkir. O, Avropa Şurasının üzvü olan bu iki ölkəni nifrət çıxışının önlənməsi və onunla mübarizə üçün kəskin addımlar atmağa, dinc yanaşı yaşam və barışığın təbliği təşəbbüslərini dəstəkləməyə səsləyir.

9 noyabr atəşkəs bəyannaməsi ilə 44 günlük Qarabağ müharibəsi dayandı, qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirildi. Azərbaycan hərbi əməliyyatlarla Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa etdi.

XS
SM
MD
LG