Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:04

Fox TV-nin demokratiya işartısı – Qərb mediası


Fatih Portakal, arxiv fotosu
Fatih Portakal, arxiv fotosu

Müəllif Fox TV-nin qismən xaricə bağlılığının ona hökumətin təzyiqinə duruş gətirməyə imkan verdiyini yazır

“The Washington Post” qəzetində türkiyəli təhlilçi Əsli Aydıntaşbaş Fox televiziyasının Türkiyədə xəbərləri ədalətli və balanslı işıqlandırmasından söz açır.

Prezident Recep Tayyip Ərdoğan 2009-cu ildə ölkənin əsas media konqlomeratına ağır cərimələr tətbiq etdi, sonra digər media holdinqlərini sıxışdırmağa başladı. 2013-cü ildə İstanbulda kütləvi etirazlar vaxtı CNN Türk pinqvinlər haqda sənədli film göstərirdi. Müəllif zamanla ölkənin əsas media orqanlarının redaksiya siyasətini dəyişdirdiyini, yaxud Ərdoğanın yaxın adamları tərəfindən alındığnı yazır. Sonuncular tənqidçi aparıcıları, redaktorları işdən çıxarıb.

Tikan

Təhlilçi qeyd edir ki, bir neçə müxalifyönlü şəbəkəni, YouTube kanalını, yaxud onlayn dərgini çıxmaqla, ənənəvi türk mediası susdurulub. Tənqid, narazılıq nadir hallarda səslənir, prezidentin çıxışları canlı yayınlanır və sairə.

“Ancaq Fox TV Ərdoğanın boğazında tikana çevrilib. Televiziya şəbəkələri içində ən çox onun xəbərlərinə baxılır, çünki hökumətin ruporu hesab olunmur. Fox həssas mövzuları çox ehtiyatla işıqlandırır, qiymətlərin qalxmasını, iqtisadi problemləri, hüququn aliliyinin çatışmazlığını, hökumətin müxalifət partiyaları və bələdiyyələri sıxışdırmasını və sairə. Şəbəkə heç də müxalif səslənmir, amma bugünkü Türkiyədə ədalətli və balanslı olmaq cəsarətli addım sayılır”, – müəllif yazır.

Cəsarətin bədəli

Məqalədə bu cəsarətin bədəlsiz başa gəlmədiyi vurğulanır. Məsələn, enerji qiymətlərinin qalxmasından gileylənən keçmiş xəbər aparıcısı Fatih Portakala qarşı təhqiqat başlanıb, Ərdoğan onu açıq şəkildə hədələyib. Televiziya dəfələrlə cərimələnib, ana xəbər buraxılışı ötən il üç dəfə efirdən kənarlaşdırılıb. Səbəb isə hökumətin siyasətdə dindən istifadəsinə, müxalifət partiyalarının nəzarətində olan bələdiyyələrin yardım kampaniyalarını yasaqlamasına tənqidi yanaşma idi.

Müəllif Fox TV-nin qismən xaricə bağlılığının ona hökumətin təzyiqinə duruş gətirməyə imkan verdiyini yazır. Rupert Murdoka məxsus “News Corp” 2006-cı ildə şəbəkənin 50 faizini alıb. Ancaq Murdok “21st Century Fox”u satanda səhmlər Disney-ə transfer olunub.

Prezident Ərdoğan ABŞ Prezident Co Baydenin dekabrda keçirəcəyi virtual Demokratiya Sammitinə dəvət olunmayıb. Müəllif buna görə heç kimin Baydeni qınaya bilməyəcəyini qeyd edir. “Ancaq diqqətlə baxsanız, Türkiyədə hər yerdə demokratiya işığının kiçik şüaları görünür. Ən gur saçanı isə Fox-dan gəlir”, – məqalədə deyilir.

XS
SM
MD
LG