Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:56

Demokratiya indiki qədər əldən getməyib


Azərbaycanda etiraz aksiyası, arxiv fotosu
Azərbaycanda etiraz aksiyası, arxiv fotosu

“Həmişəkindən daha çox ölkə demokratik aşınmadan əziyyət çəkir”

Dünyada daha çox ölkə avtoritarizmə meyllənir, təhdidlə üzləşən oturuşmuş demokratiyaların sayı isə indiki kimi yüksək olmayıb. Beynəlxalq Demokratiya və Seçkiyə Yardım İnstitutu (IDEA) bu gün – noyabrın 22-də yaydığı hesabatda belə qənaətə gəlir. Stokholmda yerləşən bu hökumətlərarası təşkilat 1975-ci ildən bəri dünyada demokratiyanın vəziyyətini öyrənir.

Hesabatda bu tendensiyanın səbəbləri sırasında populist siyasət, tənqidçilərin susdurulmasında COVID-19 pandemiyasından istifadə, ölkələrin digərlərinin antidemokratik davranışını mənimsəməsi, həmçinin cəmiyyəti parçalamaq üçün istifadə olunan dezinformasiya göstərilir.

“Həmişəkindən daha çox ölkə demokratik aşınmadan əziyyət çəkir”, – “Reuters” hesabata əsasən yazır.

Demokratik geriləmə

Qurum “demokratik geriləmə” ilə üzləşən ölkələrin indiki qədər yüksək olmadığını qeyd edir. Hökumətə nəzarət, məhkəmələrin müstəqilliyi, media azadlığı və insan haqları sahəsində reqressiv addımlardan söz açılır.

Bəzi ölkələrdə 2020 və 2021-ci illərdə demokratiya prosesində yubanma yarandığı, yaxud ona əngəllərin peyda olduğu bildirilir. Məsələn, Ermənistanda kövrək demokratikləşmə prosesinin ötən il Azərbaycanla 44 günlük Qarabağ müharibəsi və bu ilin əvvəlində hərbi qiyam cəhdindən dolayı təzyiqlə üzləşdiyi vurğulanır.

COVID-19 pandemiyası hökumətin avtoritar davranışını gücləndirib. Hesabatda avtoritar rejimlərin pandemiya ilə heç də yaxşı mübarizə aparmadığı bildirilir. Baxmayaraq ki, Çinin dövlət mediası bunun əksini iddia edir.

“Pandemiya Belarus, Kuba, Myanma, Nikaraqua və Venesuela kimi ölkələrdə repressiv taktikanı və narazıların susdurulmasını əsaslandırmaq üçün əlavə alətləri təmin edir”, – qurum qeyd edir.

Azərbaycan

Dünya ölkələrinin 42 faizi yoluxanları könüllü, yaxud məcburi izləmə tətbiqinə əl atıb. “Bu yanaşmalar virusun yayılmasının önlənməsində effektli olsa da, şəxsi bütövlük və datanın qorunmasına, özəlliklə də adekvat hüquqi çərçivə olmayan ölkələrdə yeni təhdidlər yaradıb. Pandemiya bitəndən sonra əldə olan şəxsi datadan siyasi məqsədlərlə istifadə riski də var. Xüsusilə səkkiz demokratik rejimin – Azərbaycan, Bəhreyn, Çin, Qazaxıstan, Qətər, Sinqapur, Tailand və Türkiyənin bu tətbiqləri məcburi etməsi qəbul olunmuş normalara ziddir”, – hesabatda deyilir.

Sənəddə Azərbaycanla bağlı daha bir qeyd qadın fəalların siyasi həyatdan çıxarılması məqsədilə hədəfə alınmasyla bağlıdır. Bu il martın 8-də Beynəlxalq qadınlar Günü münasibətilə keçirilən yürüşdə dinc fəalların saxlandığı bildirilir.

Azərbaycan hakimiyyəti isə indiyədək ölkədə insan hüquqlarının pozulmasını iddia edən beynəlxalq qurumların tənqidlərini qəbul etməyib, bütün təməl hüquq və azadlıqları qoruduğunu bildirib. Tənqidlər isə ölkənin uğurlarına qarşı kampaniya kimi dəyərləndirilib.

Böyük demokratiyalar, Türkiyə

Qurum Əfqanıstanda bu ilin avqustda Talibanın hakimiyyəti ələ almasını ən dramatik hal, fevralın 1-də Myanmada hərbçi çevrilişi isə kövrək demokratiyanın iflası adlandırır.

Braziliya və Birləşmiş Ştatlar kimi böyük demokratiyalarda isə prezidentlər seçkinin nəticələrini şübhə altına alıblar. Hindistanda hökumətin siyasətini tənqid edənlər təqiblə üzləşiblər.

Avropada Macarıstan, Polşa, Sloveniya və Serbiyada demokratiya sahəsində ən böyük geriləmə qeydə alınıb. Türkiyədə 2010-2020-ci illər arası ən böyük pisləşmə yaşanıb.

“Faktiki olaraq, dünya əhalisinin 70 faizi ya qeydi-demokratik, ya da demokratiya baxımından geriləyən ölkələrdə yaşayır”, – hesabatda vurğulanır.

XS
SM
MD
LG