Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:45

Apple NSO Group-u məhkəməyə verir


İllüstrativ foto
İllüstrativ foto

ABŞ-da məhkəmə NSO-nun Facebook-un iddiasının rədd olunmasına dair vəsatətini qəbul etməyib

Apple şirkəti İsrailin NSO Group izləmə proqramları şirkətini məhkəməyə verib, onu öz cihazlarının proqram təminatını, eləcə də federal və ştat qanunlarını “kobud” şəkildə pozmaqda ittiham edir,

“The New York Times” bunun tənzimlənməyən izləmə proqramları sənayesi üçün daha bir geriləmə olduğunu yazır.

Bu məhkəmə iddiası sayca ikincidir. Facebook 2019-cu ildə NSO-nu WhatsApp istifadəçilərini hədəfə aldığına görə məhkəmə verib.

NSO-nu tam kənarlaşdırmaq istəyir

Apple isə öz istifadəçilərinin izlənildiyini bildirir. Şirkət istəyir ki, NSO-nu birdəfəlik öz proqramlarından, xidmətlərindən və cihazlarından kənarlaşdırsın. Qəzet bu addımın hökumətlərə hədəfin iPhone və Android smartfonlarına tam çıxış verən Pegasus proqramını dəyərdən salacağını yazır.

Apple həmçinin məsələ ilə məşğul olmağa sərf etdiyi vaxt və məsrəfin qarşılanması üçün açıqlanmayan məbləğ tələb edir. Şirkət bildirir ki, əldə olunan vəsait proqramı ifşa etmiş təşkilatlara ianə ediləcək.

NSO 2010-cu ildə təsis olunub. Şirkət rəhbərləri hökumətlərə satdıqları izləmə proqramlarının yalnız qanuni məqsədlərlə istifadə olunduğunu bildirir. Amma bu il jurnalistlərin və özəl tədqiqatçıların araşdırmaları Pegasus proqramından bir sıra ölkələrdə jurnalistlərə, fəallara və dissidentlərə qarşı istifadə olunduğunu üzə çıxardı.

Siyahıda Azərbaycandan da onlarla jurnalistin, fəalın adı vardı. Onların mobil telefonlarının dinlənildiyi iddia olunurdu.

Apple və NSO-nun mövqeyi

Apple rəsmiləri bu məhkəmə iddiasını NSO və digər casusluq proqramları istehsalçılarına xəbərdarlıq adlandırır.

“Apple deyir: Əgər bunu etsəniz, bizim proqramdan günahsız istifadəçilərə, tədqiqatçılara, dissidentlərə, fəallara və jurnalistlərə qarşı silah kimi istifadə etsəniz, Apple sizə aman verməyəcək”, – Apple-ın təhlükəsizliyin təminatı üzrə başçısı İvan Krstic deyib.

“NSO Group texnologiyalarından istifadə sayəsində dünyada minlərlə həyat xilas edilib. Pedofillər və terrorçular texnoloji sığınacaqlarda rahat işləyirlər, biz isə hökumətlərə onlarla mübarizə üçün qanuni alətlər veririk”, – NSO təmsilçisi noyabrın 23-də bəyanatında bildirib.

Qara siyahı

Bu ay Co Bayden administrasiyası NSO və İsrailin daha bir izləmə texnologiyaları şirkəti olan Candiru-nu qara siyahıya salıb. Amerika təşkilatlarının bu şirkətlərlə işləməsi qadağan olunub.

NSO-nun xarici hökumətlərə proqram satışını təsdiqləyən İsrail hökuməti şirkətin adından lobbiçilik edərək qadağanın qaldırılmasına çalışır.

NSO da qadağa ilə mübarizə aparacağını bildirib. Amma şirkətin başına keçəcək şəxs şirkət qara siyahıya salınandan sonra işdən gedib.

Facebook-a qarşı vəsatət rədd edilib

Bu arada ABŞ-da apelyasiya məhkəməsi NSO-nun Facebook-un iddiasının rədd olunmasına dair vəsatətini qəbul etməyib.

“The New York Times”a hələ 2016-cı ildə sızdırılmış NSO-nun daxili sənədlərindən görünürdü ki, şirkət 10 iPhone istifadəçisinin izlənməsindən ötrü hökumət agentliklərindən 650 min dollar alır. Yarım milyon dollar isə proqramın quraşdırılmasına gedir. NSO-nun ilkin müştəriləri arasında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Meksika vardı.

Bundan sonra BƏƏ-də və Meksikada jurnalistlərin, fəalların, hətta onların Birləşmiş Ştatlarda yaşayan yeniyetmə övladlarının izlənildiyi üzə çıxdı.

NSO o zaman sui-istifadə iddialarının araşdırılacağını deyirdi.

XS
SM
MD
LG