Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:18

İsveçin ilk qadın baş naziri vəzifəyə başlayan kimi istefa verib


Millət vəkilləri Maqdalena Andersonu (sağda) alqışlayır
Millət vəkilləri Maqdalena Andersonu (sağda) alqışlayır

Lakin Maqdalena Anderson parlamentin spikerinə deyib ki, o yenidən baş nazir təyin ediləcəyinə ümid bəsləyir

İsveçin ilk qadın baş naziri, sosial-demokrat Maqdalena Anderson noyabrın 24-də vəzifəsinə başladıqdan 12 saat sonra istefa verməli olub.

Buna səbəb Yaşıllar Partiyasının ikipartiyalı hökumət koalisiyasını tərk etməsi olub.

Lakin Anderson parlamentin spikerinə deyib ki, o yenidən baş nazir təyin ediləcəyinə ümid bəsləyir.

O bildirib ki, birpartiyalı hökumətə başçılıq edə bilər, çünki başqa partiyaların onun partiyasına dəstəyi artmaqdadır.

Yaşıllar Partiyasının koalisiyadan çıxmasına isə parlamentin koalisiyanın təklif etdiyi büdcəni rədd etməsi səbəb olub.

Partiya maraqları

Yaşıllar Partiyası Andersonun yeni təyinatını şübhəsiz dəstəkləyəcəyini bildirib. Mərkəz Partiyası isə səsvermədə bitərəf qalacağını bəyan edib, lakin bunun özü də xanım Andersona dəstək deməkdir. Sol Partiya da Andersona dəstək verəcəyini deyib.

Reuters yazır ki, bütün bu partiylar büdcə məsələsində razılığa gələ bilməsələr də, populist və antimühacir İsveç Demokrat Partiyasının hər hansı hökumətdən kənar saxlanması məsələsində yekdildirlər.

Müxalif Mötədillər və Xristian Demokratlar partiyaları İsveç Demokrat Partiyası tərəfindən dəstəklənsələr də, parlamentdə mütləq çoxluğa malik deyillər.

Andersondan əvvəl baş nazir vəzifəsini ikipartiyalı azlıq koalisiyasının başçısı Stefan Lofven tuturdu. Lakin həmin koalisiya da Yaşıllar Partiyası büdcəni dəstəkləməkdən imtina edəndən sonra dağılıb.

Reuters yazır ki, spikerin xanım Andersonun namizədliyini təkrar irəli sürəcəyi gözlənilir.

XS
SM
MD
LG