Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:41

Moskva Ankara və Yerevan arasında vasitəçiliyə hazır olduğunu bildirib


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, “iki qonşu arasında münasibətlərin normallaşması ümumən regiondakı vəziyyətin yaxşılaşmasına töhfə verərdi"

Rusiya bildirib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması səylərində vasitəçi olmağa hazırdır.

Bundan əvvəl Yerevan bildirmişdi ki, Ankara ilə münasibətlərinin normallaşdırılması prosesində Moskvanın vasitəçiliyini istəyir və bu barədə müvafiq müraciət edib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 25-də keçirdiyi brifinqdə deyib ki, “iki qonşu arasında münasibətlərin normallaşması heç şübhəsiz ümumən regiondakı vəziyyətin yaxşılaşmasına töhfə verərdi”.

Hazırda Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında da Moskva vasitəçilik missiyasını öz üzərinə götürüb.

Noyabrın 26-da prezident Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş də bu qəbildən olan növbəti addımdır.

Bundan əvəl Ermənistan bildirmişdi ki, Yerevan Ankaranın 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəyə baxmayaraq Türkiyə ilə münasibətlərinin normallaşdırılmasını istəyir.

Heç bir şərt qoyulmadan

Ermənsitan XİN-in sözçüsü Vahan Hunanyan noyabrın 25-də deyib ki, Yerevan Ankara ilə heç bir ön şərt qoyulmadan münasibətlərin normallaşdırılmasına hazır olduğu barədə Moskvaya məlumat verib və onun vasitəçiliyini istəyib.

Zaxarova bu barədə suala cavab verərkən deyib:

"Bizim ölkəmiz bu prosesə mümkün olan bütün vasitələrlə dəstək verməyə hazırdır. Biz inanırıq ki, bu prosesin işə salınması regionda ümumi vəziyyətin yaxşılaşmasına töhfə verərdi”.

Zaxarova bunu da deyib ki, Rusiya regiondakı nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi tədbirləri görür.

Ötən yay baş nazir Paşinyan və Türkiyə prezidenti Recep Tayyip Erdoğan bir-birlərindən “müsbət siqnallar” aldıqlarını bəyan etmişdilər.

Lakin Paşinyan xəbərdarlıq edib ki, Türkiyə Ermənistan ərazisi ilə Naxçıvana dəhliz açılmasına dair Azərbaycanın tələbini yeritməyə çalışsa, Yerevan və Ankara arasında yaxınlaşma prosesi əngəllənə bilər.

Paşinyan demişdi:

“Biz Türkiyə ilə münasibətlərimizin normallaşmasını istəyirik. Amma biz heç bir dəhliz məsələsini müzakirə etməyəcəyik. Biz regional nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə etməyə hazırıq”.

XS
SM
MD
LG