Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:44

ABŞ Pekin Olimpiadasına rəsmi nümayəndələr göndərməyəcək


Ağ Evin sözçüsü Cen Psaki
Ağ Evin sözçüsü Cen Psaki

Ağ Ev bildirib ki, ABŞ-ın Olimpiya komandası administrasiyanın qərarını “tam dəstəkləyir”

Birləşmiş Ştatlar 2022-ci il Pekin Qış Olimpiadasına diplomatlarını və ya rəsmi nümayəndələrini göndərməyəcək.

Ağ Ev bildirib ki, ABŞ-ın Olimpiya komandası administrasiyanın qərarını “tam dəstəkləyir” və ölkənin diplomatik boykotu idmançıların çıxışını təsirləndirməyəcək.

Ağ Evin sözçüsü Cen Psaki dekabrın 6-da keçirdiyi brifinqdə bu barədə deyib:

"Bayden administrasiyası Çin Xalq Respublikasının Sintzyan vilayətində davam edən soyqırımı və insanlığa qarşı cinayətləri, habelə başqa insan hüquqları pozuntuları ilə bağlı Pekin 2022 Qış Olimpiadasına və Paralimpya Oyunlarına heç bir diplomatik və ya rəsmi nümayəndəlik göndərməyəcək”.

Psaki deyib ki, “Çinin Sintzyanda törətdiyi dəhşətli insan haqları pozuntularına və başqa qəddarlıqlara baxmayaraq bu oyunlara rəsmi və ya diplomatik nümayəndəliyin göndərilməsi yanlış mesaj verərdi və ABŞ sadəcə olaraq belə hərəkətə yol verə bilməzdi.”

Sözçü əlavə edib ki, “biz idmançılarımızı tam dəstəkləyirik, amma onların çıxışlarını və uğurlarını öz ölkəmizdən izləyəcəyik”.

Çin cavab addımı ilə hədələyir

Prezident Co Bayden ötən ay, onun təbirincə deyilərsə, Çinin Sintzyandakı uyğurlar, qazaxlar və əsasən müsəlmanlardan ibarət başqa yerli etnik qruplarla rəftarını tənqid edərkən demişdi ki, Olimpiadanın diplomatik boykotunu nəzərdən keçirir.

ABŞ Dövlət Departamenti bildirib ki, Sintzyan vilayətində 2 milyonadək uyğur və başqa azlıqların nümayəndələri saxlama düşərgələrində əsir edilib.

Çindən mühacirətə və ya sürgünə qaçanlar deyirlər ki, Çin hökuməti sözü gedən düşərgələrdə dini repressiyalar, işgəncə və məcburi qısırlaşdırma həyata keçirir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonun bu qərarından əvvəl bildirmişdi ki, Pekin boykota çağırışları “nümayişkəranə” hərəkət sayır və belə çağırışları Çin və Birləşmiş Ştatlar arasında mühüm sahələrdə dialoq və əməkdaşlığı təsirləndirməməsi üçün dayandırmağa çağırır.

Çin XİN-in sözçüsü demişdi ki, ABŞ belə bir yanaşmada bilərəkdən israr edərsə, Pekin də qətiyyətli cavab tədbirlərinə hazır olacaq.

XS
SM
MD
LG