Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Ekspert: Çin Türkiyəyə qarşı 'kürd məsələsi'ndən istifadə edir


Türkiyədə uyğurların anti-Çin aksiyası
Türkiyədə uyğurların anti-Çin aksiyası

Nurettin Akçay: Çin Türkiyənin uyğurlarla bağlı bəyanatlarına, Ankara üçün həssas olan “kürd məsələsi” ilə cavab verir

Politoloq, elmi dərəcəsini Şanxay Universitetindən almış professor Nurettin Akçay The Diplomat saytında yazır ki, Çin və Türkiyə arasında münasibətlər 1971-ci ildən bəri dərə-təpəli olub.

Ekspertin fikrincə, münasibətlərdəki gərginliyi şərtləndirən əsas mövzu uyğurların hüquqları məsələsidir.

Türkiyədə uyğur qaçqınların böyük içması yaşayır və onlar türk millətçilərin birmənalı dəstək və rəğbətinə sahibdirlər.

Çin üçünsə uyğur separatçılığı çox ağrılı məsələdir və Pekin uyğur məsələsi barədə ümumiyyətlə eşitmək belə istəmir.

Akçay yazır ki, 1990-2000-ci illər arasında Çin-Türkiyə münasibətləri ümumiyyətlə dayanıb. Bu, uyğurların 1980-ci illərdəki anti-Çin fəaliyyətləri ilə bağlı idi.

Məqalədə deyilir ki, Pekin-Ankara münasibətləri Recep Tayyip Erdoğanın Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra yenidən canlanıb.

Lakin bu münasibətlər 2009-cu ildə Urumçidə uyğurların üsyanı qəddarlıqla yatırdıldıqdan sonra yenidən korlanıb. O vaxt baş nazir olan Erdoğan Sintzyanda baş verənləri “soyqırım” adlandırdıqdan sonra iki ölkə arasında əlaqələr bir daha pozulub.

Münasibətlərin “qızıl dövrü”

Buna baxmayaraq Çin-Türkiyə münasibətləri bunun ardınca yenidən böyük vüsət alıb. Akçay yazır ki, 2010-2018-ci illəri iki ölkə arasındakı münasibətlərin “qızıl dövrü” adlandırmaq olar.

Məqalədə deyilir ki, 2016-cı ildə Türkiyədə baş vermiş çevriliş cəhdinin ardınca ABŞ-ın Suriyadakı YPG kürd qüvvələrinə dəstək verməsi Türkiyəni Rusiya və Çinin orbitinə gətirib.

Bu dövrdə Ankara və Pekin arasında iqtisadi, mədəniyyət və təhsil sistemlərini əhatə edən bir sıra mühüm razılaşmalar imzalanıb. 2018-ci ildə Türkiyədə fəaliyyət göstərən Çin şirkətlərinin sayı artıq 1000-ə çatmışdı.

Eyni zamanda Türkiyə Çinin Kəmər və Yol Təşəbbüsündə Pekinin strateji partnyoruna çevrilib. Erdoğan Pekinə bu layihənin həyata keçirilməsində bütün dəstəyini verəcəyini vəd edib.

Akçay yazır ki, lakin münasibətlərin bu “qızıl dövrü” də sonadək davam etməyib.

Şair sağ imiş

Türkiyə 2019-cu ildə məşhur uyğur şairi Abdurrehim Heyitin Çinin saxlama düşərgəsində ölməsi xəbərinə sərt reaksiya verib. Ölkədəki ictimai hiddəti nəzərə alan Türkiyə Xarici İşlər Nazirliyi son dərəcə sərt bəyanatla çıxış edib. Amma bunun ertəsi günü Çin tərəfi şairin hələ də sağ olduğunu göstərən video yayıb.

Akçay yazır ki, bundan əvvəlki incikliklərdə olduğu kimi gərginlik çox davam etməyib. Məqalədə deyilir ki, Çin də öz növbəsində Ankara üçün həssas olan məsələlərə qarışmamağa çalışıb.

Amma Pekinin bu çəkingənliyi 2021-ci ilin sonlarınadək davam edib. İndi artıq ilk dəfə olaraq Çin Türkiyə üçün çox həssas olan məsələlərə müdaxilə edir. Belə məsələlərdən biri də “kürd məsələsidir”.

Oktyabrın 22-də Türkiyə də daxil 43 ölkə Çini uyğurlarla bağlı qanunun aliliyinə hörmət etməyə çağıran bəyanat verib.

12 noyabr 2021 - Türk Şurasının 8-ci sammiti
12 noyabr 2021 - Türk Şurasının 8-ci sammiti

12 noyabr - Pekini qıcıqlandıran tarix

Bunun ardınca, noyabrın 12-də Türk Şurası İstanbulda keçirilən iclasında adını dəyişərək Türk Dövlətləri Təşkilatı (TDT) olub.

Akçay yazır ki, bu hadisə Çində siyasi gərginliyi artırıb. Pekini ən çox qəzəbləndirən TDT-nin yaradılması barədə bəyanatın verildiyi gün idi.

Beləki, 1933-cü ilin 12 noyabrında tərkibində indiki Uyğur Muxtar Vilayəti də olan birinci Şərqi Türküstan Respublikası elan olunmuşdu. İkinci belə respublika 1944-cü ildə, amma yenə də 12 noyabrda elan edilmişdi. Belə görünür ki, Pekin 12 noyabrın təsadüfən seçilmədiyinə əmin olub.

Ankara siyasətçilərinin sonrakı hərəkətləri də 12 noyabr tarixinin seçilməsinin siyasi motivasiyası olması təsəvvürünü gücləndirib.

Noyabrın 17-də Erdoğan və Millətçi Hərəkət Partiyasının (MHP) lideri Devlet Bahceli telekanallarda “Türk Dünyasının Xəritəsi” qarşısında görünüblər. Bu xəritəyə 10 milyon uyğura vətən olan Sintzyan vilayəti də daxil edilmişdi.

Nurettin Akçay yazır ki, məhz bu hadisələr Çini hərəkətə gətirib.

BMT-də çəkişmə

Çinin BMT-dəki səfiri Genq Şuanq Türkiyəni Suriyada insan haqlarını pozmaqda ittiham edib.

Səfir Türkiyənin Suriyanın şimalındakı hərəkətlərini qanunsuz adlandırıb:

“Türkiyə Suriyanın şimal-şərqinə qanunsuz müdaxilə edəndən sonra müntəzəm olaraq Aluk Su Stansiyasının işını dayandırır”.

Türkiyənin BMT-dəki nümayəndəsi Feridun Sinirlioğlu Çin səfirinin bəyanatına sərt cavab verib.

O deyib ki, “Türkiyə beynəlxalq insan haqlarını və humanitar qanunu pozanlardan dərs almaq niyyətində deyil”.

Sinirlioğlu xatırladıb ki, həm PKK/YPG, həm də Suriya rejimi “öz çirkin məqsədləri üçün” Aluk Su Stansiyası məsələsindən sui-istifadə edirlər.

İki ölkə arasında söz müharibəsi bundan sonra daha da qızışıb.

Budəfəki inciklik daha ciddidir

Noyabrın 24-də İslam Əməkdaşlığı Təşkilatının sammitində çıxış edən Erdoğan sərt bəyanat verib:

“Biz, uyğurlar və Çindəki başqa müsəlman azlıqlarla bağlı vəziyyəti həssaslıqla izləməkdə davam edəcəyik. Bizim gözləntimiz budur ki, İslam Əməkdaşlığı Təşkilatı təməl məqsədlərinə uyğun olaraq uyğur məsələsinə həssaslıqla yanaşacaq”.

Pekin bu bəyanatı da cavabsız qoymayıb. Genq BMT-də etdiyi çıxışda Türkiyənin İraqda apardığı hava əməliyyatlarını pisləyib və Ankaranı hava zərbələri nəticəsində mülkilərin ölməsinə görə ittiham edib.

Beləliklə, Çin Türkiyənin uyğurlarla bağlı bəyanatlarına, Ankara üçün həssas olan “kürd məsələsi” ilə cavab verir.

Akçay yazır ki, Pekin Ankaraya beləliklə, uyğur məsələsinə qarışmamasına dair xəbərdarlıq verir.

Ekspertin fikrincə, Çinin taktikası sadədir: Əgər Ankara Pekini uyğurlara görə tənqid etməkdə davam etsə, Çin Türkiyənin İraq və Suriyadakı hərəkətlərini beynəlxalq gündəmə gətirməklə cavab verəcək.

Akçay düşünür ki, bu dəfə Ankara ilə Pekinin arası daha uzun müddətə dəyib və bu, Çinin Yaxın Şərqdə mövcudluğunu artırdığı bir vaxta təsadüf edir. Bu isə o deməkdir ki, Çin yaxın gələcəkdə kürd məsələsində əsas oyunçulardan birinə çevrilə bilər.

XS
SM
MD
LG