Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:04

Murakaminin ekran versiyasının çətinliyi


"Drive My Car" filmindən kadr
"Drive My Car" filmindən kadr

Haruki Murakaminin bir neçə kitabı əsasında filmlər çəkilib. Ancaq onun qısa hekayəsi əsasında çəkilmiş "Drive My Car" (Maşınımı sür) filmi xüsusi populyarlıq qazanıb. Müstəqil ekran əsəri kimi seçilən bu film rejissor Rüsuke Hamaqutini də diqqət mərkəzinə gətirir.

"The New York Times" qəzeti yazır ki, bu filmin əsasını təşkil edən hekayə 40 səhifədən artıq deyil. Teatr aktyoru Yusuke Kafuku özünə şəxsi sürücü tutur və gözlənilmədən bir nəfərlə dostlaşır. Həmin adam Yusukenin mərhum arvadının keçmiş sevgililərindən biridir. Hamaquti Murakaminin hekayəsindən eyni dərəcədə intim, lakin daha böyük hekayə, çoxqatlı, üç saatlıq dram əsəri yarada bilib.

Daxili hisslərin ekran versiyası

42-yaşlı rejissor 2000-ci illərdən bəri film çəkir. "Fundamental olaraq, mən düşünmürəm ki, Murakaminin işləri ekranlaşdırılmaq üçün yaradılıb. Murakaminin yazısı daxili hissləri ifadə etmək üçün əladır və məncə, buna görədir ki, insanlar onları ekranlaşdırmaq istəyir. Ancaq o daxili hissləri ekranda yenidən yaratmaq çox çətindir", – rejissor sentyabrda Nyu-York film festivalı ərəfəsində deyib.

Bir zamanlar Murakami heç əsərlərinin ekranlaşdırılmasına icazə belə vermirdi. "Kitabın kitab olması yetir", – o, 1990-cı ildə "The New York Times"a demişdi. Ancaq "Maşınımı sür"dən başqa, onun "Yanma", "Toni Takitani" və "Norveç meşəsi" əsərləri də ekranlaşdırılıb. "Yanma"nı koreyalı rejissor Li Çxan-don ekranlaşdırıb. Meksikalı ssenarist Karlos Kuaron isə Murakaminin "Çörəkxanaya təkrar basqın" əsəri əsasında qısa film də çəkib. Filmdə baş rolu Kirsten Danst ifa edir.

Deşifrənin başlanğıcında

Murakami Hamaqutinin adaptasiyasının üç saatdan uzun çəkdiyini öyrənəndə çox təəccüblənib və filmi yerli kinoteatrda görmək üçün bilet alıb. Qəzet yazır ki, Hamaqutinin bu uzun interpretasiyası Murakaminin ekranlaşdırılmasını deşifrə etmiş kimi görünür. Rejissor başlanğıc üçün mürəkkəb olmayan hekayə seçib. Bu hekayədə Murakaminin bəzi başqa işlərində görülən sürreal məqamlara rast gəlinmir.

"[Murakami] kitablarında realist və real olmayan şeylər arasında gedib-gələ bilir. Ancaq bunu filmə çevirəndə bu, asanlıqla səfeh bir şeyə çevrilir, auditoriyanı inandırmaq çətin olur. "Maşınımı sür" isə realist məcrada qalan hekayədir", – Hamaquti deyib.

Hekayədə Yusuke gənc qız sürücüsü Misaki ilə get-gedə qızışan söhbəti əsnasında mərhum arvadının xəyanətindən, onun keçmiş sevgilisi olmuş, sonradan dostlaşdığı aktyoru izləməsindən danışır. Yusukenin arvadı isə xatirə olaraq qalır.

Xronologiyanın genişləndirilməsi

Hamaqutinin versiyası isə hekayənin xronologiyasını genişləndirir. Burada Yusukenin arvadı Oto hələ sağdır. O, populyar televiziya yazarıdır. Cütlüyün belə bir ritualı var: seks zamanı o ərinə hekayələr danışır və onlar birlikdə hekayəni inkişaf etdirirlər.

Maraqlıdır ki, bu məqam əslində Murakaminin "Şəhrizad" adlı başqa bir hekayəsindən götürülüb. Bu hekayə də "Maşınımı sür" kimi "Qadınsız kişilər" toplusuna daxildir. Filmin açılış səhnəsində Yusuke ilə Oto evdədirlər. Ancaq əvvəlcə Otonun sirli, dumanlı silueti görünür.

Ancaq filmdə Anton Çexovun "Vanya dayı" pyesinə də xüsusi yer verilib. Bu mənada Murakaminin hekayəsindən kənara çıxılsa da, müəllifin özü narazı qalana oxşamır.

"Mənim işimi ekranlaşdıranda istərdim ki, ssenari və dialoq sərbəst şəkildə dəyişdirilsin. Ədəbi yazının və filmin yaratdığı parça arasında böyük fərq var", –Murakami qəzetə e-mail-lə göndərdiyi cavabında yazıb.

XS
SM
MD
LG