Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 17:53

Demokratiyada geriləmə xəbərdarlığı


Virtual Demokratiya Sammiti
Virtual Demokratiya Sammiti

Baydenin niyyəti dünyada avtoritarizmin artdığı bir dönəmdə demokratiyanın hələ də mümkün olduğunu göstərməkdir

ABŞ Prezidenti Co Bayden dünyada insan haqları və demokratiya sahəsində “geriləmə” ilə bağlı xəbərdarlıq edib. O, dekabrın 9-da işə başlamış Demokratiya Sammitində çıxışında belə deyib.

Bayden avtoritarizmin yayılmasına qarşı demokratiyaların qorunub saxlanması üçün öhdəlikləri yeniləməyə çağırıb.

“Demokratiya təsadüfən baş vermir. Hər nəsildə onu yeniləməliyik. Fikrimcə, zəmanəmizin əsas məsələsi budur”, – o deyib.

Sammit ilə eyni vaxtda Bayden administrasiya bəyan edib ki, dünyada demokratiyanın yenilənməsini hədəfləyən yeni təşəbbüsə 424.4 milyon dollar ayrılmasından ötrü Konqreslə işləyir. Bu təşəbbüsə müstəqil xəbər mediası və demokratik islahatlara dəstək daxildir.

***

Dekabrın 9-10-da ABŞ Prezidenti Co Bayden 110 liderin təmsilçiliyi ilə demokratiya sammiti keçirəcək. Fərqli demokratik idarəçilik modellərini təmsil edən bu liderlərin demokratiya ilə bağlı yeni öhdəliklər götürəcəyi gözlənilir.

Baydenin niyyəti dünyada avtoritarizmin artdığı bir dönəmdə demokratiyanın hələ də mümkün olduğunu göstərməkdir. O, Ağ evdən giriş nitqi ilə çıxış edəcək.

Çin və Rusiya

Koronavirus pandemiyasından dolayı ikigünlük tədbir videobağlantı ilə keçiriləcək. Bu sammit dünyada demokratiyalarla güclü avtokratiyalar və diktaturalar arasında ölüm-dirim mübarizəsinin getdiyi bir vaxtda ABŞ-ın liderliyinin nümayişi hesab olunur.

Baydenin aparıcı avtokratiyalar hesab etdiyi Çinlə Rusiya tədbirə dəvət olunmayıblar. Özləri isə bunu ideoloji ziddiyyətləri daha da qızışdırdığını düşünürlər.

“Heç bir ölkənin dünyanın geniş və fərqli siyasi mənzərəsini vahid ölçüylə idarə etmək haqqı yoxdur”, – Rusiya və Çinin səfirləri Anatoli AntonovQin Qang ötən ay birgə məqalədə yazırdılar.

Dəvətlilər

Çini qıcıqlandıran daha bir amil isə öz ərazisi hesab etdiyi, demokratik idarə olunan Tayvanın sammitdə iştirakıdır.

NATO üzvləri Türkiyə və Macarıstan liderləri də dəvət almayanlar sırasındadır. Pakistan, Filippin və Braziliyanın dəvət olunması isə bəzi dairələrdə birmənalı qarşılanmayıb.

Azərbaycan sammitə dəvət olunmayıb. Ermənistan və Gürcüstan isə tədbirdə təmsil olunacaqlar.

Daha bir problemsə bu ilin yanvarında Konqres Baydenin qələbəsini təsdiqləyən zaman ovaxtkı prezident Donald Tramp tərəfdarlarının Kapitoliyə hücumun təsirilə bağlıdır. Tramp hələ də 2020-ci il seçkisinin nəticələrini qəbul etmir.

ABŞ bacaracaqmı

Bayden həmin hadisədən bir neçə həftə sonra Konqresdəki çıxışında bu hücumdan demokratiya kontekstində danışmışdı.

“Demokratiyamız bizi parçalayan yalanlar, qəzəb, nifrət və qorxuları üstələyə bilərmi? Amerikanın düşmənləri – dünyanın avtokratları bizim bacarmayacağımızı deyirlər”, – o vurğulayıb.

“Freedom House” təşkilatının prezidenti Maykl Abramovits Birləşmiş Ştatların çiçəklənən demokratiyasının son illər zədələndiyini deyir.

“Hazırda Amerikada elə bir dönəmdən keçirik ki, demokratiyanın həqiqətən üstün gələcəyini sübuta yetirmək çox çətindir”, – o deyib.

Freedom House builki hesabatında artıq 15-ci ildir dünyada demokratiya sahəsində geriləmə olduğunu bildirib.

XS
SM
MD
LG