Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:59

Uyğurların repressiyasına görə sanksiyalar açıqlandı


Sintzyanda uyğur çörəyi müştəri gözləyir
Sintzyanda uyğur çörəyi müştəri gözləyir

Sanksiyalar Prezident Co Baydenin dekabrın 9-10-da keçirdiyi virtual Demokratiya Sammiti münasibətilə elan edilib

Birləşmiş Ştatlar Çin və Rusiya daxil 9 ölkənin keçmiş və indiki hökumət rəsmiləri və qurumlarına maliyyə sanksiyaları, viza qadağaları tətbiq edəcək. Sanksiyalar 10 dekabr – Beynəlxalq İnsan Haqları Günündə açıqlanıb.

Çin rəsmilərinə sanksiyalar uyğurlara və digər etnik azlıqlara qarşı repressiyaya görə tətbiq olunacaq. Rusiya universiteti isə Şimali Koreyanın xarici valyuta əldə etməsinə yardımına görə sanksiyalarla üzləşəcək.

Maliyyə sanksiyaları

“Ciddi insan haqları pozuntuları və korrupsiyada” əli olan şəxslərə qarşı qanuna uyğun olaraq, Uqanda, Çin, Belarus, Banqladeş, Şri Lanka və Meksikadan 12 vəzifədə olan və keçmiş məmurun ailə üzvləri ilə birlikdə ABŞ-a girişi yasaqlanır.

Maliyyə Nazirliyi isə Çin, Birma, Rusiya, Şimali Koreya və Banqladeşdən 15 şəxs və 10 quruma qarşı maliyyə sanksiyaları və digər qadağalar açıqlayıb.

Kanada və Böyük Britaniya da ABŞ-a qoşularaq Birma (Myanma) hərbi hakimiyyətinin qlobal maliyyə sistemindən istifadəsini önləyib. Hərbi rejim bu ilin fevralında ölkədə demokratik hökuməti devirib.

“İnsan haqlarını xarici siyasətimizin mərkəzinə keçirməkdə qətiyik, insan haqları pozuntularının harada baş verməsindən asılı olmayaraq, onlara diqqət çəkmək və hesabat tələb etmək üçün müvafiq alətlərdən istifadə edəcəyik”, – Dövlət katibi Entoni Blinken sanksiyaları açıqlayarkən deyib.

Uyğur Tribunalı Çin hökumətini ittiham edən qərar qəbul edib
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Şimali Koreyaya dəstək

Rusiyada sanksiya tətbiq olunan hüquqi şəxs YUSTO Avropa İnstitutudur. Universitet və onun prorektoru Dmitri Yuryeviç Soin Şimali Koreyadan tikinti fəhlələrinə yüzlərlə işçi viza verdiyinə görə siyahıya düşüb. ABŞ bildirir ki, bu icbari əmək proqramı Şimali Koreyanın repressiv rejiminin xarici valyuta əldə etməsində r.opl oynayır.

Həmin fəhlələrdən bəziləri Şimali Koreyanın kütləvi qırğın silahları təşkilatına bağlı olub, onların əməyindən əldə edilən gəlir isə həmin proqramın dəstəklənməsinə sərf oluna bilər, Maliyyə Nazirliyi bildirir.

Sintzyan vilayətində uyğurların və digər azlıqların repressiyasında əli olan iki Çin rəsmisinin də ABŞ-da girişi qadağan olunub.

Xəzinədarlıq SenseTime Group süni intellekt şirkətinə də investisiya məhdudiyyətləri açıqlayıb. Bu şirkətin üztanıma proqramından uyğurların və digər etnik azlıqların tanımaq və onları nəzarətdə saxlamaq üçün istifadə olunduğu bildirilir.

Çinin reaksiyası

Çinin Vaşinqtondakı səfirliyi ABŞ-ın sanksiyalarını “Çinin daxili işlərinə ciddi müdaxilə”, “beynəlxalq münasibətləri idarə edən təməl normaların ciddi pozuntusu” adlandırıb.

Səfirliyin sözçüsü Liu Penqyu deyib ki, bu addım “Çin-ABŞ münasibətlərinə ciddi zərbə” vuracaq, Vaşinqtonu qərarını ləğv etməyə çağırıb.

Sanksiyalar Prezident Co Baydenin dekabrın 9-10-da keçirdiyi virtual Demokratiya Sammiti münasibətilə açıqlanıb.

Sammitdə dünyada demokratiyanın gücləndirilməsinə, Birləşmiş Ştatlarda demokratiyaya yönəlik qanunvericiliyə dəstək təşəbbüsləri açıqlanıb.

Bayden dekabrın 10-da deyib ki, sammitdəki 100-dən çox liderin bəzilərinin götürdüyü öhdəliklər dünyada artan avtokratiyaya zərbə vuracaq, korrupsiya ilə mübarizədə, insan haqlarının təbliğində rol oynayacaq.

Çinin Xarici İşlər Nazirliyi isə dekabrın 11-də sammitə qəzəbli reaksiya verərək bildirib ki, “demokratiya digər ölkələrə müdaxilə üçün Birləşmiş Ştatların əlində kütləvi qırğın silahına çevrilib”.

XS
SM
MD
LG