Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 10:35

İlham Əliyev NATO-da dəhlizlərdən danışıb. Yerevanın reaksiyası


İlham Əliyev NATO-da: Laçın dəhlizinə post qoya bilərik
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

İlham Əliyev NATO-da: Laçın dəhlizinə post qoya bilərik

Yerevan Əliyevin dəhlizlə bağlı tələbini rədd edir

Ermənistanın Baş naziri Nikol Paşinyan isə Azərbaycan Prezidenti İlham Əliyevin dəhlizlə bağlı tələblərini rədd edir. O, Bakını “regional nəqliyyat əlaqələrinin açılması məsələsini dalana dirəməkdə” suçlayıb.

“Azərbaycan prezidentinin regional nəqliyyat əlaqələrinin açılması ilə Laçın dəhlizi arasında paralel aparmasının bu günədək aparılmış müzakirələr və imzalanmış bəyanatlarla heç bir əlaqəsi yoxdur və Ermənistan üçün qəbuledilməzdir. Bu gün üçtərəfli görüşdə bu mövqeyimizi aydın ifadə edəcəyəm”, – o, Facebook-da yazıb.

Paşinyan dekabrın 14-də Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Əliyevlə görüşüb.

***

NATO-nun baş katibi dekabrın 14-də alyansın Brüsseldəki qərargahında Azərbaycan prezidenti İlham Əliyevi danışıqlar üçün qəbul edib.

NATO-nun rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Yens Stoltenberq və İlham Əliyev Azərbaycan və Şimal alyansı arasındakı münasibətləri, habelə Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Azərbaycan prezidentinin habelə NATO-ya üzv 30 ölkənin səfirləri ilə görüşdüyü xəbər verilir.

Baş katib NATO və Azərbaycan arasında “möhkəm əməkdaşlıqdan” söz açıb və deyib ki, “bugün bu əməkdaşlıq inkişafdan tutmuş enerji təhlükəsizliyinədək bir çox sahələri əhatə edir”.

Stoltenberq habelə Əliyevə onun ölkəsinin hərbi kontingentinin Əfqanıstan missiyasındakı xidmətinə və müttəfiq qüvvələrin evakuasiyası zamanı Kabil hava limanının mühafizəsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

NATO-nun baş katibi regiondakı vəziyyət barədə danışarkən deyib:

“Cənubi Qafqazda təhlükəsizlik və stabillik bizim hamımız üçün mühümdür. Bütün insanların dinc gələcəyinin təmin edilməsi üçün biz hər ikisi NATO üçün dəyərli partnyor olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik”.

Əliyev: "Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara hazırdır"

AZƏRTAC-ın xəbərinə görə isə dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdə Azərbaycan prezidenti deyib ki, ölkəsi bu qurumun etibarlı tərəfdaşıdır və bu, artıq onun Alyansın mənzil-qərargahına yeddinci səfəridir.

Söhbət zamanı o, həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara hazırdır.

Xəbərdə deyilir:

“Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə sıx dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də Alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu dedi”.

Bildirildiyinə görə, söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu qeyd olunub.

Mətbuat konfransı

Dekabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev ilə NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.

AZƏRTAC-ın xəbərinə görə, Baş katib Yens Stoltenberq deyib ki, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik hamımız üçün vacibdir:

“Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.”

Prezident İlham Əliyev də deyib ki, Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir:

“Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir...”

“Bu məntiqdir...”

Daha sonra onlar suallara cavab veriblər.

Prezident İlham Əliyev deyib ki, regionda kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistan baş naziri və onun imzaladığı üçtərəfli bəyannamədə öz əksini tapıb.

Onun dediyinə görə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Əliyevin vurğulamasına görə, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb. O deyib ki, magistral yolun dəqiq marşrutu hələ müəyyən olunmayıb:

“Zəngəzur dəhlizinin (Ermənistanın Sünik bölgəsindən keçməlidir) hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bugün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır.”

Prezidentin sözlərinə görə, əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan da Laçın dəhlizində eynisində israr edəcək:

“Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG