Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:31

'MTN generalı mənə 25 min dollara kostyum aldırdı'


Keçmiş MTN-nin binası
Keçmiş MTN-nin binası

Təqsirləndirilən general zərərçəkmişin yalan danışdığını bildirib. Bu zaman onların arasında məhkəmədə mübahisə yaranıb

Keramika, kafel-metlax satışıyla məşğul olan “Santemax” MMC-nin təsisçisi Əhməd Mirzəyev deyir ki, illər öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları heç bir günahı olmadan onu həbs edib, külli miqdarda pulunu alandan sonra azadlığa buraxıblar.

Onun sözlərinə görə, həbsdən buraxılandan sonra da ondan əl çəkməyiblər. Mirzəyev deyir ki, MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şıxəliyev sonradan ona 25 min manata kostyum aldırıb.

General Şıxəliyev və MTN-də onun tabeliyində işləmiş daha üç nəfərin - İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, sabiq şöbə rəisi Vüsal Ələkbərov və Sahib Ələkbərovun işinə hazırda Bakı Hərbi Məhkəməsində baxılır. Adları çəkilən şəxslərdən yalnız general həbsdədir. Mirzəyev də onların haqqındakı cinayət işində 32 zərərçəkmişdən biridir.

“Dedi ki, nazirin göstərişidir, 500 min verməlisən”

Dekabrın 15-də məhkəmədə dindirilən Mirzəyev bildirib ki, Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyətcə gürcü olan Lento ona qranit materialdan balta hədiyyə göndərib. Eyni zamanda, Bakıda yaşayan Zaur adlı başqa bir tanışına da həmin balta ilə birlikdə qızıldan olan keçi fiquru göndərib, tələbə yoldaşından ona çatdırmağı xahiş edib. Zərərçəkmişin sözlərinə görə, o da sürücüsü Ariflə fiquru sözügedən adama göndərib:

“Mən Zaurla telefonla danışanda ondan mənim üçün göndərilən baltanın təxmini qiymətini soruşdum, çünki başı çıxırdı belə şeylərdən. Dedi ki, baxıb deyə bilər. Ona görə sürücüm Ariflə onun fiqurunu göndərəndə öz baltamı da göndərdim”.

Mirzəyev danışır ki, sürücü orada olduğu zaman MTN əməkdaşları ora daxil olub. Həmin vaxt baltanı da sürücüdən alıb aparıblar. Bir gün sonra Mirzəyev özü MTN-ə çağrılıb. Həmin gün izahatını alıb buraxsalar da, bir neçə gün sonra yenidən MTN-ə çağırıldığını deyən sahibkarın sözlərinə görə, onu Baş İstintaq İdarəsinin rəisinin kabinetinə aparıblar:

“Mövlam Şıxəliyev Təhsin Ağayevi çağırdı, izahatımı almağını tapşırdı. Danışıqlarından başa düşdüm ki, kafel-metlax işiylə məşğul olduğumu bilirlər. Sonra Təhsin Ağayev məni otağına apardı, orada dedi ki, nazirin göstərişidir, 500 min verməlisən, yoxsa çıxa bilməyəcəksən. Bildirdim ki, bu qədər pulum yoxdur. Haqqımda qaçaqmalçılıq və başqa maddələrlə cinayət işi başlayıb, məhkəmədən həbs qərarı aldılar”.

“Hakim əsəbiləşdi ki, MTN-ə verməyə tapırsız...”

Zərərçəkmiş deyir ki, bir müddət həbsdə qaldıqdan sonra vəkili vasitəsilə qardaşına xəbər göndərib, 500 min dollar tapıb MTN-ə çatdırmasını xahiş edib. Onun sözlərinə görə, Almaniyada yaşayan qardaşı “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayevlə əlaqə saxlayıb, ona məxsus “Santemax” MMC-ni girov qoyaraq, 250 min dollar kredit götürüb. Üstünə də özü tapdığı pulu qoyub, 375 min manatı (o dövrün məzənnəsi ilə 484 min dollar) MTN-ə çatdırıb. Bundan sonra MTN-ə həkim çağırılıb, səhhətində ciddi problemlər olması haqda rəy alınaraq, onu ev dustaqlığına buraxıblar.

Mirzəyev buraxılsa da, sürücüsü daha 8 ay həbsdə saxlanıb. Hər ikisinin haqqındakı cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Orada bu iş məhkəmənin hazırda sədr müavini olan Əfqan Hacıyevin icraatına verilib:

“Hakim dedi ki, 100 min verməlisən, hər ikinizə şərti iş veriləcək. Deyəndə ki, o qədər pulum yoxdur, hakim əsəbiləşdi ki, MTN-ə verməyə tapırsız, məhkəməyə gələndə ağlayırsınız. Dedim, yaxşı 100 mini verirəm, amma bizə bəraət verilsin. Bildirdi ki, yox, bəraət mümkün deyil, MTN-dən gələn işdir”.

Məhkəmənin hökmü ilə həm Mirzəyevə, həm də sürücüsünə şərti cəza verilib.

“Dedim ki, bu qiymətə kostyum olar?”

“Mövlam Şıxəliyev yenə əl çəkmirdi. Zəng elədi ki, ad günümdür, mənə “Stefanno Ricci”dən kostyum al. Başqa yolum yox idi, qılınclarının dalı da, qabağı da kəsirdi. Dedi ki, kostyumu özüm gedib alacam, sən gedib mağazaya pulunu ödəyərsən. 2-3 gün sonra mənə o mağazadan zəng elədilər. Dedilər ki, kostyum alan şəxs ödəniş üçün bu nömrəni qoyub. Kostyumun qiymətini soruşanda şoka düşdüm, dedim ki, bu qiymətə kostyum olar? Əlacım yox idi, gedib 20 min manat ödədim. O vaxt dollar 78 qəpik idi, 25 min dollar eləyirdi”, – zərərçəkmiş danışıb.

Təqsirləndirilən general zərərçəkmişin yalan danışdığını bildirib. Bu zaman onların arasında məhkəmədə mübahisə yaranıb.

Mirzəyev deyir ki, kostyumla da kifayətlənməyib, general sürücüsünü onun mağazasına göndərərək, kifayət qədər bahalı kafel-metlaxlar aldırıb, pulunu isə ödəməyib. Zərərçəkmiş Şıxəliyevin sürücüsünə kafel-metlax verilməsini təsdiq edən qaimələri də istintaqa təqdim edib:

“Kassa-məxaric orderlərində kafel-metlaxı götürən şəxsin adı da, telefonu da yazılıb. Həmin şəxs Mövlam Şıxəliyevin sürücüsü Əlizamindir”.

Sabiq MTN-çilərin işi üzrə məhkəmə araşdırmaları dekabrın 20-də davam edəcək.

Xatırlatma

General Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvətalma və başqa əməllərdə ittiham olunaraq, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi 5 nəfərdir.

Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG