Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:42

Fransada virusun yeni, ‘46 mutasiyalı’ variantı aşkar olunub


Paris
Paris

Alimlər bildiriblər ki, hələki yeganə narahatlıq doğuran yeni variantda mutasiyaların çoxluğudur

The Independent yazır ki, dünyanın yüksək yoluxuculuğa malik Omikron variantı ilə çarpışdığı bir vaxtda Fransa alimləri koronavirusun potensial baxımdan narahatlıq doğuran yeni, 46 mutasiyalı variantını aşkar ediblər.

Şərti olaraq IHU adandırılan yeni B.1.640.2 variantı indiyədək Fransanın cənubunda yalnız 12 nəfərə yoluxub.

Birinci yoluxmanın qərbi Afrikada yerləşən Kamerunla bağlı olduğu xəbər verilir.

Lakin alimlər dərhal bunu da bildiriblər ki, yeni variantın aşkar edilməsi, onun Omikron da daxil başqa variantlardan daha yoluxucu olmasından xəbər verməyə də bilər.

Bu barədə aparılmış təhlilin müəllifləri bildirirlər ki, yeni variantda başqa ölkələrdə müşahidə edilməyən “46 mutasiya” tapılıb.

Bu variant hələki Dünya Səhiyyə Təşkilatı tərəfindən tədqiq edilmir.

Tədqiqatçılar bildirirlər ki, yeni variantın genomları ən müasir sekvensləmə vasitəsilə əldə olunub.

Alimlər deyirlər ki, IHU variantına yoluxmuş şəxs tam şəkildə peyvənd olunmuşdu. O Kameruna səfərdən sonra test verib və nəticəsi pozitiv çıxıb.

Omikron kimi?

Araşdırma müəllifləri vurğulayırlar ki, yeni variantın tac çıxıntısındakı üç mutasiya Delta variantında olan və COVID-19-un başqa bütün variantlarında təkrarlanan ardıcıllığa uyğun gəlmir.

Alimlər bunu da qeyd edirlər ki, yeni variantın tapılması “genom müşahidəsinin” mühümlüyünü təsdiqləyir və SARS-CoV-2 virusunun yeni variantlarının gözlənilməzliyini göstərir.

Epidemioloq və Amerika Alimləri Federasiyasının üzvü Erik Feyql-Dinq Twitter-də yazır ki, yeni variant, nə dərəcədə yoluxucu və təhlükəli olub-olmadığının müəyyənləşdirilməsi üçün hazırda müşahidə altındadır:

“Daim çox sayda yeni variantlar aşkar olunur, lakin bu o demək deyildir ki, onların hamısı təhlükəlidir”.

Alim bildirib ki, hələki yeganə narahatlıq doğuran yeni variantda mutasiyaların çoxluğudur.

Mutasiyaların çoxluğu Omikron variantında da aşkar olunub. İndi məlum olur ki, Omikron son dərəcə yoluxucu olsa da, adamlarda zəif simptomlar yaradır, hərçənd vaksin müdafiəsindən yan keçə bilir.

IHU-nun nə dərəcədə təhlükəli olub-olmadığını zaman göstərəcək.

XS
SM
MD
LG